“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA – Vətəndaşların müraciəti niyə RƏDD edilir?

Bu gün, 17:26           
 “Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA –
Yeni yaşayış massivləri, fərdi evlərin sayı artdıqca yeni qaz xətlərinin çəkilməsinə də ehtiyac yaranır. Evlərə qaz çəkilməsi, istilik təchizatının təmin edilməsi müasir həyat şəraiti üçün çox vacibdir. Qazla isitmə sistemləri elektrikli sistemlərə nisbətən daha az enerji sərf edir. Bu, ev sahiblərinin həm xərcini azaldar, həm də təbiətə daha faydalı ola bilər.

Qeyd edək ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, “Azəriqaz”-ın yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir.

Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur

Vətəndaşın qaz xəttinin çəkilməsi üçün müraciəti qəbul olunmur...

Amma bu bəzən sakinlər üçün göründüyü qədər də asan olmur. Vətəndaş qaz xəttinin çəkilməsi üçün müraciət edir amma “yox” cavabı alır. Bəs qaz xətlərinin çəkilməsi ilə bağlı problemlərin, “get-gəl”lərin səbəbi nədir?

Bu suala “Azəriqaz” İB-dən cavab ala bilməsək də podratçı şirkətlərdən Bizim.Media-ya bildirilib ki, fərdi evlərə qaz xətlərinin çəkilməsinin dayandırılmasına səbəb həmin ərazilərdə tikilən evlərin çıxarışsız olmasıdır. Buna qədər çıxarışsız fərdi evlər də qaz xətləri ilə təmin olunurdusa, 2023-cü il oktyabr ayının 1-dən paytaxt və ətraf qəsəbələrdə tikilən sənədsiz fərdi evlərin qaz təchizatı şəbəkələrinə qoşulması dayandırılıb.

Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə görə, tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.


Qanuna əsasən vətəndaşlar fərdi qazlaşma ilə əlaqədar müraciət etdikdə ilk növbədə fərdi yaşayış evinin və ya tikilinin tikintiyə icazə sənədinin olmasına diqqət yetirməlidilər. “Fərdi yaşayış evinin mülkiyyət hüququ”nu təsdiq edən çıxarış varsa, o sənəd də qəbul ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.