İranda müəllimlərin etiraz aksiyası - VİDEO
8-05-2015, 21:55
İranın bir neçə şəhərdə minlərlə müəllim küçələrə çıxaraq maaşlarının artırılmasını tələb edib.
ANS TV-nin məlumatına görə, etiraz aksiyaları mayın 7-də Təbriz, Tehran, İsfahan, Şiraz və digər şəhərlərdə keçirilib. Dinc aksiyanı çoxsaylı təhlükəsizlik qüvvələri müşahidə edib. Paytaxt Tehranda baş tutmuş mitinqə 3 minə yaxın müəllim toplaşıb. Onlar etirazlarını parlament binası qarşısında bildiriblər. Paytaxt müəllimləri “bu, siyasi aksiya deyil”, “müəllimlər qışqırır, media isə senzura edir” kimi şüarlar səsləndiriblər. Digər şəhərlərdə aksiyalar isə Mədəniyyət Nazirliyinə aid binaların qarşısında keçirilib.
İranda məktəb müəllimlərin orta aylıq maaşı təxminən 1 milyon tümən, yəni 400 dollardır. Universitet müəllimləri isə 500-1000 dollar arası məvacib alırlar. Etirazçılar məhz orta məktəb müəllimləridir. iranlı pedaqoqlar son aylarda ölkənin 20 şəhərində onlarla belə etiraz aksiyası keçiriblər. Bəzi aksiya iştirakçıları hökuməti insan haqlarını müdafiə etdiyi üçün həbs edilən müəllimlərin azadlığa buraxılmasını da tələb ediblər. İranın Ali dini lideri Ayətulla Əli Xameneyi bir qrup müəllimlə görüşündə bildirmişdi ki, İranın düşmənləri müəllimlərin problemlərindən öz siyasi məqsədləri üçün, ölkədə sabitliyi pozmaq niyyətilə istifadə etmək istəyirlər.