Azərbaycanda dəniz suyu içməli hala gətiriləcək

11-04-2025, 12:44           
Azərbaycanda dəniz suyu içməli hala gətiriləcək
Azərbaycanda dəniz suyunun keyfiyyət göstəricilərinin öyrənilməsi məqsədilə su nümunələrinin analizinə başlanılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu tədqiqatlara start verib.

İnstitutun sifarişi ilə analizlər “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılacaq.

Qeyd edək ki, bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı pilot layihənin icrasına başlanılacaq.

Layihənin beynəlxalq normalara uyğun dövlət-özəl tərəfdaşlığı kontekstində icrası məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilib və potensial investorlar müəyyən olunub. Layihənin həyata keçirilməsi üçün 29,6 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" 12 aprel 2023-cü il tarixli sərəncamından irəli gələrək İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə aidiyyəti qurumların səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu isə Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən yaradılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.