“Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, maaş ala biləcəksən, ya bilməyəcəksən” - AÇIQLAMA

11-04-2025, 15:25           
 “Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, maaş ala biləcəksən, ya bilməyəcəksən” - AÇIQLAMA
“Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır”.

Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

O qeyd edib ki, neft qiymətlərinin aqibəti dünyada baş verəcək hadisələrdən asılı olaraq formalaşacaq:

“Hədd deyərkən 2 məsələyə nəzər yetirməliyik: ticarət dövriyyəsi və büdcə gəliri. Ticarət dövriyyəsində artıq yanvarda müsbət saldo 25 milyon dolları bir qədər keçmişdi. Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır.

O ki qaldı neft gəlirlərinə, aprelin 2-dən sonra neftin qiyməti enmə nümayiş etdirir. Artıq 6 gündür ki, 1 barrel neft 70 dollardan aşağıdır. Bu, ümumən çox cüzi bir zaman kəsiyidir. Hələlik ciddi fikir yürütməyə və təşfişə əsas yoxdur.

ÜStəlik, hələ hökumət birinci rübü necə başa vurduğunu açıqlamayıb. Cari ilin büdcəsi müzakirə olunarkən, Maliyyə Nazirliyi açıqlamışdı ki, neqatif 60, normal 65, pozitiv ssenari isə 70 dollardır. Büdcə məhz pozitiv göstəricilər əsasında tərtib edilmişdi.

“Brend” markalı neftə əsaslansaq, qiymət birinci rübdə 75 dollardan bir qədər artıq idi. İkinci rübdə və ilin ikinci yarısında dünyada baş verə biləcək hadisələrdən çox şey asılıdır”.

Ekspert diqqətə çatdırıb ki, hazırda aktual olan “ticarət müharibələri” bazardakı vəziyyəti mürəkkəbləşdirir:

“Heç kim “ticarət müharibələri”nin bu dərəcəyə çatacağını proqnozlaşdırmırdı. Bunun ciddi fəsadları olacaq. Həmin fəsadlar ən az 6 ay sonra tam üzə çıxacaq. Çox mürəkkəb bir dövrdə yaşayırıq.

Proqnoz edilən və edilməyən hər bir ssenariyə hazır olmaq lazımdır. İstər hökumət, istərsə də vətəndaşlar özlərinin xərclərində, ailə büdcəsinin formalaşdırılmasında hər bir şeyi nəzərə almalıdırlar ki, onun neqativ təsirlərini yumşaltmaq mümkün olsun. Yoxsa bu cür şəraitdə bankların, yaxud digər qurumların boş vədlərinə inanıb kreditləşməni artırmaq, borclanmaq düzgün deyil. Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, istədiyin maaşı ala biləcəksən, ya bilməyəcəksən”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.