Ölkəmiz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilər
9-04-2025, 17:28

Aprelin 9-da ADA Universitetində 44 ölkədən 80-dən çox ekspertin, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş məzmunlu çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər geniş ictimaiyyət tərəfindən diqqətlə izlənildi və maraqla qarşılandı.
Öz çıxışında Azərbaycanın ABŞ ilə əlaqələrə toxunan ölkə başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. bu halın yaranmasında isə bizim heç bir günahımız yoxdur. Ölkəmiz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olub. Çünki ABŞ dünyanın ən güclü dövlətidir.
Bu gün Prezident Trempın siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və hazırda onlarla çox güclü münasibətlər bizim bölgə üçün vacibdir.
Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.
Prezident İlham Əliyevin forumdakı çıxışında həm də Afrika ölkələri ilə əlaqələrə də toxunulub. Qeyd edilib ki, ölkəmiz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi verib. Dövlətimizin başçısı qeyd edib: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası