Azərbaycanın neçə milyarderi var? - İLGİNC...
12-04-2025, 00:15

Son günlər ölkədə ən çox müzakirə olunan iş adamlarından biri tikinti sektorunda “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. Yazıb-oxumağı bacarmayan bu şəxs milyonlarla manatlıq sərvətə, iri tikinti layihələrinə və geniş təsir imkanlarına sahibdir. Onun özü də bu gerçəkləri etiraf etdikcə, heyrətlənməmək olmur: Yazıb-oxuya bilməyən biri 2 milyon dollara necə sahib olub? Və ən əsası – Azərbaycanda hələ neçə görünməyən milyonçu və ya milyarder var?
Hər il beynəlxalq təşkilatlar dünya üzrə varlı insanların siyahısını açıqlayır. Bu təşkilatlar arasında ən məşhuru "Forbes" jurnalının hazırladığı hesabatdır. Dünyanın ən zəngin insanlarının builki reytinqinə 3028 milyarder daxil edilib ki, bu da yeni rekord sayılır. Ümumi sərvət isə ötən il 14,2 trilyon dollar, bu il isə 16,090 trilyon dollara çatıb.
“Forbes” jurnalının “Dünyanın ən varlı insanları” adlı hesabatında bu il bir nəfər də olsun Azərbaycan vətəndaşı yer almayıb. Halbuki, iqtisadi göstəriciləri Azərbaycandan zəif olan qonşu Gürcüstan və Ermənistanın təmsilçiləri siyahıya düşə biliblər. Jurnal 9 erməni əsilli sahibkarı dünyanın ən varlı adamları sırasına daxil edib. Siyahıda yer alan bəzi azərbaycanlılar isə Rusiyanı təmsil edirlər. Məlumata görə, 2025-ci ildə rusiyalı milyarderlərin sayı 24 nəfər artaraq 149-a çatıb. “Forbes” qeyd edir ki, Rusiyadakı milyarderlərin ümumi sərvəti tarixi maksimuma çataraq 625,5 milyard dollar təşkil edib. Bu siyahıya Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov başçılıq edir. Onun hazırda 28,7 milyard dollar sərvəti var.
Azərbaycanda isə bu məsələ ilə bağlı susqunluq hökm sürür. Rəsmi mənbələrdə, açıq hesabatlarda və media araşdırmalarında ölkədəki milyarderlərlə bağlı ya ümumiyyətlə məlumat yoxdur, ya da olan məlumatlar olduqca məhduddur. Bəs Azərbaycanda milyarderlərin adları niyə açıqlanmır?
Bu barədə Moderator.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əslində Azərbaycanda milyarderlər mövcuddur:
“Hazırda Azərbaycanda qeyri-rəsmi olaraq bəlkə də 500-ə yaxın milyarder var. Lakin bu şəxslərin qazancı qeydiyyata düşmür, çünki şəffaf deyil. Onların əksəriyyəti sərvətlərini qeyri-leqal yollarla, əsasən korrupsiya və rüşvət vasitəsilə əldə ediblər. Bu səbəbdən sərvətləri rəsmi şəkildə qeydiyyata alınmadığı üçün beynəlxalq milyarderlər siyahısında yer almırlar. Beynəlxalq arenada bu siyahını tərtib edən qurumları aldatmaq mümkün deyil. Onlar qazancın mənbəyini araşdırırlar və korrupsiya bu mənbə kimi qəbul olunmur. Məhz buna görə də Azərbaycan dünya iqtisadiyyatının “boz zona”larından biri kimi tanınır.
Bununla belə, xaricdə yaşayan bəzi azərbaycanlılar var ki, onların da ilkin milyonları korrupsiya yolu ilə formalaşıb. Lakin sonradan onlar bu sərvətləri “sterilizasiya” edərək, yəni şəffaf fəaliyyətlə rəsmi hala gətirib, legitim bizneslər qurublar. Beləliklə, ilkin kapital gələcəkdə rəsmi milyarderlik yolunu açıb. Ümumiyyətlə, dünyada tanınan milyarderlərin əksəriyyəti (bəziləri hesab edir ki, 99%-i) ilk milyonlarını qeyri-şəffaf yollarla əldə ediblər. Lakin daha sonra bu vəsaiti şəffaf biznesə çevirərək rəsmi gəlir mənbələri yaratmağa nail olublar. Azərbaycanda da belə qeyri-rəsmi milyarderlər var. Onlar ilkin kapitalı daxili kölgə iqtisadiyyatından əldə ediblər və fəaliyyətlərini rəsmi şəkildə sənədləşdirə bilmədikləri üçün bu sərvətlər siyahıya alınmır.”
İqtisadçı Elçin Rəşidov isə hesab edir ki, məmurlar cəmiyyətin ən varlı təbəqəsini təşkil etdiklərindən, onların milyarderlərin adlarının və sərvətlərinin açıqlanmasında maraqlı olmamaları başa düşüləndir:
“Azərbaycanda məmurlar gəlirlərini qanunun tələblərinə zidd olaraq deklarasiya etmirlər. Ölkədəki ən böyük şirkətlərin benefisiar (əsas faydalanan) mülkiyyətçiləri əslində elə məmurların özləridir. Bu mülkiyyət əlaqələri isə yalnız ayrı-ayrı məhkəmə prosesləri zamanı təsadüfən üzə çıxır. Nəzərə alsaq ki, ölkədə əsas qərarları da elə həmin məmurlar qəbul edir, bu vəziyyətin dəyişməsi onların maraqlarına uyğun deyil. Belə görünür ki, məmurlar artıq qərar veriblər: ölkədəki ən varlı şəxslərin, xüsusilə də milyarderlərin siyahısı ictimaiyyətə açıqlanmasın”.