Küveyt əmiri parlamenti buraxdı

16-02-2024, 15:38           
Küveyt əmiri parlamenti buraxdı
Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamenti olan Milli Assambleyanın buraxılması haqqında fərman verib.

Bu barədə Küveytin KUNA dövlət agentliyi məlumat yayıb.

Sərəncamın mətninə əsasən, parlamentin buraxılmasına səbəb “konstitusiya prinsiplərinin pozulması”, habelə “təhqiredici və nalayiq ifadələrin işlədilməsi” olub. Parlament üzvlərinin konstitusiya prinsiplərini necə pozduğu və kimin ünvanına təhqiramiz ifadələr işlətdiyi göstərilmir.

Küveytdəki parlament digər Körfəz monarxiyalarındakı analoji institutlardan daha çox təsir gücünə malikdir, ona görə də siyasi sistemin sabitliyi ənənəvi olaraq hökumətin qanunverici və icraedici qollarının nə dərəcədə effektiv qarşılıqlı fəaliyyət göstərməsindən asılıdır. Ölkədə siyasi partiyaların fəaliyyəti qadağandır, lakin ictimai birliklər, o cümlədən müxalifət xarakterli birliklər var. Formal olaraq, deputatlığa namizədlər müstəqil namizəd kimi iştirak edirlər, lakin onların əksəriyyəti ictimai təşkilatların, dini icmaların və ya qəbilələrin maraqlarını təmsil edir.

Son illər seçilmiş parlamentlə təyin olunmuş hökumət arasında davam edən qarşıdurma bir daha qanunverici orqanın buraxılmasına səbəb olub. Hazırkı Nazirlər Kabineti yanvarın 17-də formalaşıb. Ona Şeyx Əhməd Nəvaf əl-Əhməd əl-Sabahın varisi olmuş Şeyx Məhəmməd Sabah əl-Salem əl-Sabah rəhbərlik edirdi. Sonuncu Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın ölümündən az sonra istefa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru