Gürcüstan hökuməti pandemiya cərimələrini siləcək
4-06-2024, 15:08
1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq.
Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Vətəndaşlarımız artıq bir neçə ildir ki cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari ( 2 milyon dollar) təşkil edəcək", - Baş nazir bildirib.
Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi davam edir. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb.
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Lakin ümumilikdə nə qədər insanın cərimələndiyi, nə qədərinin cəriməni ödədiyi və borclu qaldığı haqda statistika yoxdur. Rəqəmlər məlum olmasa belə, hələ də sosial şəbəkələrdə cərimələrin ləğvi, məbləği barədə müzakirələr gedir.
Yada salaq ki, Azərbaycanda karantin rejiminin tətbiqi ilə bağlı ilk qərar 2020-ci il martın 24-də verilib. Həmin ilin iyun ayının əvvəlində həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi elan olunub, bu qaydanı pozanları isə cərimələyiblər. Sonra cərimələrin məbləği iki dəfə artırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.