İsrail "Hizbullah"ın Livandakı hədəflərini vurub
31-07-2024, 00:07
İsrail ordusunun çərşənbə axşamı bildirdiyinə görə, "Hizbullah"ın Livanın cənubunda yeddi bölgədəki hədəflərinə havadan və artilleriyadan istifadə edərək, hücumlar həyata keçirib.
Son transsərhəd hücum İsrailin nəzarətində olan Qolan təpələrində 12 uşağın ölümü ilə nəticələnən raket zərbəsindən bir neçə gün sonra və İsraillə "Hizbullah" arasındakı toqquşmaların Qəzzada İsrail-HƏMAS müharibəsinin daha geniş regional münaqişəyə çevrilə biləcəyinə dair beynəlxalq narahatlıqlar fonunda baş verib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə axşamı Filippinə səfəri zamanı jurnalistlərə "İsrailin şimal sərhədində aktivliyin çoxaldığını müşahidə edirik və bunun genişmiqyaslı döyüşlərə çevrilməsindən narahatıq" deyib.
"Biz hər şeyin diplomatik yolla həllini görmək istərdik" deyə, Austin bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ölümcül raket hücumuna sərt cavab verəcəyini vəd edib və İsrailin "Hizbullah"ın məsuliyyət daşıdığına dair ittihamını bir də təkrarlayıb. Hizbullah məsuliyyəti rədd edib.
Netanyahu hücum yerinə baş çəkərkən "Bu uşaqlar bizim uşaqlarımızdır, onlar hamımızın övladlarıdır. İsrail dövləti bunu nəzərdən qaçırmayacaq və qaçırmaz. Cavabımız olacaq və bu, ağır cavab olacaq” deyib.
Onun səfəri yaxşı qaqşılanmayıb. Qurbanların yüzlərlə ailə üzvü və icma üzvləri Netanyahunun vəziyyətdən siyasi mənfəət üçün istifadə etdiyinə etiraz edib.
Qəzzada müharibə başlayandan bəri İsraillə "Hizbullah" arasında sərhəddə qarşılıqlı hücumlar baş verir. "Hizbullah" HƏMAS-la həmrəylik nümayiş etdirdiyini bildirib. eyni motivasiya ilə Yəməndə yerləşən Husi militantları da Qırmızı dənizin gəmilərə hücumlar həyata keçirərək, əsas gəmi marşrutunu pozmağa çalışır. Hər iki qrupa İran dəstək verir.
Qəzzada müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. Nəticədə militantlar 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb.
Qəzzada militantlar və mülki şəxslər arasında fərq qoymayan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi hərbi kampaniya 39,300-dən çox fələstinlini öldürüb.