Apple süni intellektlə bağlı uğursuzluğa görə iPhone reklamını dəyişdi
17-04-2025, 16:24

Texnologiya nəhəngi "Apple" şirkəti iPhone 16 və digər məhsullar üçün yeni reklam strategiyasına keçib.
İqtisadiyyat.az xəbər verir ki, səbəb isə "Apple Intelligence" adlı əsas funksiyaların istifadəyə verilməsində yaranan gecikmələrdir.
Əvvəlcə iPhone 16 və iPhone 16 Pro modelləri üçün qlobal reklam kampaniyasının əsas şüarı “Hello, Apple Intelligence” (“Salam, Apple Intelligence”) idi. Lakin indi bu şüar daha təmkinli “Built for Apple Intelligence” (“Apple Intelligence üçün yaradılıb”) ifadəsi ilə əvəzlənib.
Media nümayəndələri bu dəyişikliyi "Apple" şirkətinin süni intellekt funksiyalarının dərhal istifadəyə hazır olmadığını dolayısı ilə qəbul etməsi kimi qiymətləndirirlər. “Apple Intelligence üçün yaradılıb” ifadəsi ilə "Apple" bu funksiyaların gələcəkdə dəstəklənəcəyini vurğulayır, amma onların satış zamanı mövcud olmadığını da göstərmiş olur.
Dəyişikliklər yalnız iPhone ilə məhdudlaşmayıb. iPad və Mac cihazlarının reklamlarında da əvvəllər istifadə olunan “Hello, Apple Intelligence” şüarı artıq “Built for Apple Intelligence” ilə əvəz olunub. Həmçinin, iPhone 16 ilə bağlı reklamların sayında artım müşahidə olunsa da, bir çox reklam materiallarında Apple Intelligence-ə heç bir istinad yoxdur.
Apple ilk dəfə Apple Intelligence funksiyalarını 2024-cü ilin iyun ayında keçirilən "WWDC" konfransında təqdim etmişdi. Yeni funksiyalar arasında fərdiləşdirilmiş "Siri" də yer alırdı və bu, ilin sonuna qədər istifadəyə verilməli idi. Əvvəlcə bu yeniliklərin iOS 18.4 yeniləməsi ilə gələcəyi gözlənilirdi. Lakin ötən ay "Apple" bu funksiyaların tam inkişafı üçün əlavə vaxta ehtiyac olduğunu açıqlayaraq dəqiq tarix vermədən sadəcə yaxın bir il ərzində istifadəyə veriləcəyini bildirmişdi.