"Emin Hüseynovun casus olduğu qətiyyən sirr deyildi"
17-06-2015, 12:00
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaq və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynovun birinci Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsində Azərbaycanı tərk etməsi birmənalı qarşılanmayıb. Uzun müddətdir İsveçrənin Bakıdakı səfirliyində sığınacaq alan Emil Hüseynovun belə rahatlıqla ölkədən çıxması ajiotaj yaradıb.
ANS PRESS ölkədə səs-küyə səbə olan məsələyə millət vəkillərinin münasibətini öyrənib.
Deputat Zahid Oruc məsələyə daha qlobal yanaşdı: "Emin Hüseynovun İsveçrə səfirliyində gizlədilməsi az qala soyuq müharibə dövrünün diplomatik qalmaqllarını xatırladır. Qeyri hökumət təşkilatları vətəndaş cəmiyyətinin tərkib hissəsi olmaqdan daha çox, təsir agentlərinin yaradılması və silahsız mücahidlər dəstəsinin formalaşdırılması fəaliyyətinə çevrildiyindən Azərbaycan rəsmi orqanlarına Emin Hüseynovun Qərbin maraqları üçün çoxdan ram edilmiş casus olduğu qətiyyən sirr deyildi.Sadəcə keçmişdə gizli xidmətlərin ələ keçirdiyi adamların missiyası məxfi səviyyədə çalışmaqdan ibarət olurdusa, müasir dünyada aşkar fəaliyyət və donor mənbələrdən ödənən vəsaitlər hesabına pozuculuq işləri həyata keçirilir, ölkələrin xarici və daxili siyasəti nəzarətdə saxlanır.
Azərbaycanda külli miqdarda qrantlar xərcləyən beynəlxalq şəbəkənin yerli dayaqlarına zərbə vurulduğunu hiss etdiyi anda,xüsusi olaraq, həmin hüquq istismarçılarının hakimiyyət əleyhinə fəaliyyətləri qanuni vasitələrlə cilovlanarkən və maliyyə spekulyasiyalarını təftiş səfirliklər öz adamlarını dərhal himayəyə götürdülər,onların fərdi müdafiəsinə qalxdılar. Əslində burada eminlərin, yaxud xədicələrin qorunmasından daha çox gizli şəbəkənin maddi və siyasi cinayətlərinin aşkara çıxması qorxusu üstünlük təşkil edir və məlum beynəlxalq təzyiqlərin başlıca səbəbi də budur. Qərb Azərbaycandan onun casuslarına maneəsiz şərait yaratmağı tələb edir.
Emin Hüseynovun detektiv romanlarda olduğu kimi mühüm missiya və əvəzolunmaz persona sahibi kimi ayrıca təyyarə ilə Bakıdan çıxarılması, ardınca buna görə hökumətimizə təşəkkür və sətiraltı qınaqların bildirilməsi hazırki beynəlxalq münasibətlər sisteminin acınacaqlı durumda olmasının göstəricisidir. Bəli,səfirliklərin ərazisi beynəlxalq konvensiyaların çərçivəsində xüsusi qorunan məkanlar sırasındadır və rəsmi Bakı indiyədər diplomatik korpusların respublikamız daxilində həyata keçirdiyi qanunsuz hərəkətlər halında belə yazılmış normaları heç vaxt pozmağa çalışmayıb. Lakin ərazisi işğal altında olan bir millətin müharibədə əsir düşən oğullarını və torpaqlarını azad etmək üçün zərrə qədər çalışmayan xarici dövlətlərin Emin Hüseynov və K-lar uğrunda belə amansız çarpışması Qərbin Qarabağ münaqişəsinə münasibətini özündə ən yaxşı əks etdirən hadisələrdir.Əgər bir ölkə əlahiddə qaydada fərdi casususuna görə ayrıca təyyarə göndərirsə, Şahbaz və Dilqəmi həbsdə yatıran təkcə ermənilər deyil, həm də agentura yuvalarına çevrilmiş Avropa səfirlikləridir!"
Milli Məclisin sədr müavini Bahar Muradova RATİ-nin rəhbəri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaq və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynovun İsveçrəyə məxsus təyyarədə ölkəni tərk etməsinin dövlətlər arasında münasibətlərə xələl gətirməyəcəyini deyir: "Emin Hüseynovun bir müddət öncə səfirliyə sığınması Avropa dövlətləri arasında öz mövqeyi olan və müstəqil siyasət yeridən İsveçrə ilə Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi güdürdü. Amma onlar bu məsələdə də yanıldılar. Çünki istər Avropada, istərsə də Azərbaycanda hər hansı bir şəxsin dövlətimizə qarşı müəyyən fəaliyyət həyata keçirməsi hər iki ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirə bilməz. Azərbaycan qüdrətli bir dövlətdir. Möhtəşəm bir siyasət həyata keçirir. Bütün bunların qarşısında Emin Hüseynov çox cılız görünür. O, Azərbaycan üçün kimdir ki?
Emin Hüseynov kimilərinin harada yaşamaları və fəaliyyət göstərmələri belə əhəmiyyət kəsb edirsə, qoy, həmin ölkə özü bu işlə məşğul olsun. Çünki bu məsələ onlara da xeyir gətirməyəcək. Bu günə qədər Emin Hüseynovun səfirlikdə gizlənməsi onların öz işinə əngəl törədirdi. Müəyyən mənada səfirliyin özü narahatlıqlarla üz-üzə qalırdı. Bu fəaliyyəti həyata keçirməklə onlar öz narahatlıqlarına son verəcəklərini düşünürdülər”.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Emin Hüseynovu Azərbaycandan gizli yolla aparıldığını və bunun qanunsuzluq olduğunu deyib: "Emin Hüseynov Azərbaycandakı fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməlidir. İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatını vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi ixtişaşlara insanların cəlb edilməsinə xərclənib. Bu şəxsin izini itirməkdən ötrü neytral bir ölkənin-İsveçrənin səfirliyində saxladılar, sonra gizli yolla ölkədən apardılar. Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, İsveçrə ona siyasi sığınacaq verə bilərdi. Amma iqtisadi cinayət törədən şəxs səfirliyin binasında saxlanılırdısa, deməli, burada maraq başqa idi".