Bu Hindistan sultanlığı Şah İsmayılın adın xütbə oxutdurur və tac-i Heydərini taxırdılar.

Bu gün, 12:54           
Bu Hindistan sultanlığı Şah İsmayılın adın xütbə oxutdurur və tac-i Heydərini taxırdılar.
Qeyd etmək lazımdır ki, XV yüzilliyin sonlarında Hindistanın Dekan yaylasında Bəhməni şahlığı (1347-1526) fəaliyyət göstərirdi. İlk paytaxtı Gülbərgə, daha sonra Bidar Məhəmmədabad olan Bəhməni şahlığı “dənizdən dənizə” – Benqal körfəzindən Ərəbistan dənizinədək uzanırdı. Bəhməni hakimləri Dekandakı üç İsnə-Əşəriyyə sultanlıqlarının sonrakı yüksəlişini mümkün etmişdilər.
1510-cu ildə Şah I İsmayıl Yadigar bəyin başçılığı altında Dekanın müsəlman sultanlıqlarına elçi heyəti göndərir. Elçinin göndərilməsində məqsəd portuqallara qarşı mübarizəyə Bicapur hakimini cəlb etmək idi.
Səfəvi elçisi Hörmüzdən Qoaya gələn zaman şəhərin Portuqaliya tərəfindən ələ keçirildiyini öyrənir. Buna görə də, o, başlıca missiyasını gizli saxlayaraq Albukerklə dost münasibətdə olduğunu bildirir. Az sonra o, Adilşahla görüşmək üçün Bicapura yollanır.
Səfəvi elçisi Dekanın əksər müsəlman sultanlıqlarında yüksək səviyyədə qəbul edilsə də, Qucarat hakimi Sultan I Mahmud Bigarha (1458-1511) elçini qəbul etməkdən imtina edir. H.Bayurun fikrincə, Qucarat hakiminin bu hərəkəti “ilk üç xəlifəyə” hörmətsizlik göstərən və “zülmkar” qızılbaşların üzünü görmək istəməməsi ilə bağlı olmuşdu.
Səfəvi elçisi Yadigar bəy I Mahmud şahı şiə inancını qəbul etməyə dəvət etmək tapşırığı almışdı, lakin sağlamlığı pisləşən I Mahmud 1511-ci il noyabrın 23-də vəfat edir. Hakimiyyətə oğlu Müzəffər şah (1511-1526) keçir.
O, Səfəvi elçisi Yadigar bəyi məmnunluqla qəbul edir, Əhmədabadda və Çampanerdə onun şərəfinə ziyafət verir və hədiyyələr bağışlayır. Lakin Səfəvi elçisi Bidarda Bəhməni sülaləsi adından ölkəni idarə edən, lakin hələ öz müstəqilliyini elan etməyən sünni fanatiki Əmir Əli Bərid tərəfindən lazımsız yerə həbs edilir.
Belə bir vəziyyətdə Yadigar bəy Bicapur hakiminə, vəfat etmiş atasının yerinə yenicə hakimiyyətə gəlmiş İsmayıl Adilşaha (1510-1534) məktubla müraciət edərək, ondan kömək etməyi xahiş edir.
Şübhəsiz ki, İsmayıl Adilşah Şah I İsmayıl Səfəviyə onun üçün çox böyük hörmət qazandıran bir xidmət göstərmək imkanı əldə edir. Məhz onun məsələyə müdaxilə etməsi nəticəsində Əmir Əli Bərid Səfəvi elçisini yola salmağa məcbur olur.
Səfəvi elçisi Yadigar bəyin Dekan sultanlıqlarında apardığı danışıqlar uğurla başa çatır. Xüsusilə Bicapur sultanı Yusif Adilşahın Yadigar bəyin Bidarda zindandan azad edilməsində göstərdiyi xidmət Şah I İsmayıl tərəfindən yüksək qiymətləndirilir. Həmin hadisədən bir neçə il sonra 1519-cu ildə İbrahim bəy Türkmanın rəhbərliyi altında Bicapura xüsusi elçi heyəti göndərir.
Elçi İsmayıl Adilşaha qiymətli hədiyyələr və şahın məktubunu aparırdı. Bicapur hakimi Səfəvi elçisini qarşılamaq üçün iyirmi mil məsafə qət etdi və İbrahim bəyi böyük təmtəraqla qarşıladı.
O, hakimiyyətinin Səfəvi hökmdarı tərəfindən tanınmasını yüksək qiymətləndirdi. İsmayıl Adilşah elçinin şərəfinə zəfər yürüşü təşkil olunmasına və sufi şeyxinin ardıcıllarını fərqləndirmək üçün əyanlarının on iki zolaqlı başlıq geyinməsinə göstəriş verdi. Yusif Adilşah Səfəvi hökmdarının adının Cümə və bayram namazı zamanı xütbələrdə çəkilməsinə göstəriş verdi.
Bicapur hakiminin belə bir addım atması Şah I İsmayılın ona ünvanladığı məktubla sıx bağlı idi. Belə ki, Səfəvi şahının məktubunda Bicapur hakiminin atdığı nəzakətli addım yüksək qiymətləndirilir və ona şah kimi müraciət olunurdu ki, bu da onun şahlığının müstəqilliyi tanınmayan rəqiblərindən
daha üstün tuturdu.
Qeyd etmək lazımdır ki, Səfəvi dövləti ilə Bicapur sultanlığı arasındakı qarşılıqlı əlaqələrdə Bicapura mühacirət etmiş və dövlətin idarə olunmasında yaxından iştirak etmiş Səfəvi əyanları – Şah Abu Turab Şirazi, Mustafa xan Ərdistani, Qasım bəy Təbrizi, İnayətullah Kazuini ilə Şah Cəfər və Şah Tahir qardaşları da mühüm rol oynamışdı.
Məhz onların səyi nəticəsində Dekanın müsəlman sultanlıqları arasındakı ziddiyyətlər müəyyən müddət aradan qaldırılmış, Viceyanagar sultanlığına qarşı yaradılmış ittifaq qələbəni təmin etmişdi. Adilşahlar bütün fəaliyyətləri dövründə Səfəvi əyanlarını himayə etmişdi. Məhz onlar Bicapur sultanlığının xarici siyasətinin formalaşdırılmasında həlledici təsir göstərmişdi.
Belə ki, Şah Tahirin və Əsəd xan Larinin səyləri nəticəsində Bicapurla Əhmədnaqar sultanlığı arsındakı münasibətlər nizama salınmış, Əfzəl xan Şirazi və Mir Məhəmməd Əmin II İbrahim Adilşahı Kamal xanın və Kişvər xanın xəyanətindən xilas etmişdilər.
Məqalə: "Şah İsmayıl dövründə Səfəvi dövlətinin Hindistanın Türk-Müsəlman sultanlıqları ilə əlaqələri", Tofiq Nəcəf
Milli Kimlik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.