Britaniya kəşfiyyatı Azərbaycanda pozucu fəaliyyəti gücləndirib Şok iddia

20-07-2015, 12:35           
Britaniya kəşfiyyatı Azərbaycanda pozucu fəaliyyəti gücləndirib Şok iddia
“Britaniya kəşfiyyatı Azərbaycan ərazisində fəal pozuculuq fəaliyyəti aparır”. Bu sensasion məlumatı “Regnum” agentliyinə müsahibəsində orta asiyalı politoloq İsgəndər Ammanov verib. Virtualaz.org saytı xəbər verir ki, politoloq Əfqanıstanın Balx əyalətində Birləşmiş Kəşfiyyat Komitəsi şərti adı daşıyan (İQC) Britaniya kəşfiyyat cəmiyyətinin casus-agentura fəaliyyətinin fəallaşdığını deyib. Onun sözlərinə görə, İQC habelə Pakistanın Bəlucistan və Vəziristan əyalətlərində, Azərbaycanda, Çeçenistanda, Bosniya və Herseqovinada fəal pozuculuq fəaliyyəti aparır.

Politoloq Əfqanıstan kəşfiyyatının məlumatlarına istinadən deyib ki, Britaniya kəşfiyyatı yaxın vaxtlarda Mərkəzi Asiya, İran və Rusiya Federasiyası ərazisində silahlı toqquşmalar başlatmaq planları qurur. Britaniya kəşfiyyatının əməkdaşları öz planlarını həyata keçirmək üçün müxtəlif qarşıduran tərəflərə yardım edir, radikal islamçı qruplaşmaların başçıları ilə gizli təmaslar qurur. İQC ilə cihadçı-terrorçular arasında vasitəçi qismində Karnayl Şahzod adlı pakistanlı çıxış edir. O, 90-cı illərin əvvəllərində çeçen üsyançılarının lideri Cövhər Dudayevin müşaviri olub. K.Şahzodun qarşısında Pakistanın şimalından silahlı qrupların Əfqanıstanın şimalına, oradan isə Mərkəzi Asiya dövlətlərinə keçməsini təmin etmək vəzifəsi qoyulub.

İsgəndər Ammanovun dediyinə görə, hazırda Britaniya kəşfiyyatının nəzarətində olan radikal silahlı qruplaşmalar Əfqanıstanın Tahar əyalətinin İşkamiş qəzasında, Gilmənd əyalətinin Nimroz və Dişu əyalətlərində təlim-məşq düşərgələrindədir. Onun fikrincə, İQC-nin fəaliyyətindən çıxış edərək belə nəticə çıxarmaq olar ki, Britaniya kəşfiyyatı Mərkəzi Asiya regionunda və İranda hərbi-siyasi qeyri-stabillik yaratmaq niyyətindədir. Politoloqun fikrincə, bunu etmək üçün Əfqanıstanın Mərkəzi Asiya dövlətlərindən biri ilə sərhədində yaraqlıların mərkəzi yaradılacaq, həmin mərkəzdən yaraqlıları ilk növbədə Tacikistana, daha sonra digər region ölkələrinə sızdırmaq üçün platsdarm kimi istifadə olunacaq.

“Lakin onlar öz planlarını maneəsiz həyata keçirmək üçün Əfqanıstanın bəzi tanınmış siyasi xadimlərini aradan götürməli olacaqlar. Əfqanstan ətrafındakı bu oyunlara regionda mövqeyini möhkəmləndirmək istəyən Səudiyyə Ərəbistanı hökuməti də qarışıb” - deyə politoloq bildirib. Onun bildirdiyinə görə, 2014-cü ilin noyabrında Əfqanıstanla Səudiyyə Ərəbistanı arasında Kabildə səudiyyə kralının adını daşıyan İslam Mərkəzinin açılması haqda razılaşma əldə edilib. Əfqanıstan kəşfiyyatındakı mənbələr deyirlər ki, bu mərkəz amerikalıların istəyi ilə açılıb və radikal dini ideyaların regionda yayılmasına xidmət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.