ABŞ "Qızıl qübbə"yə 25 milyard dollar ayıracaq
Bu gün, 07:54

ABŞ 2026-cı ildə "Qızıl qübbə" adlı yeni raketdən müdafiə sisteminin yaradılması üçün 25 milyard dollar ayırmağı planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Pentaqonun yutub kanalında yayımlanan brifinqdə bildirib.
Məlumata görə, bu təşəbbüs Rusiya və Çinin artan hərbi təhdidlərinə cavab olaraq hazırlanıb və onların sabitliyi pozan fəaliyyətlərinə qarşı əhəmiyyətli müdafiə tədbiri kimi qiymətləndirilir.
"Prezident Trampın 2026-cı maliyyə ili üçün büdcə planına "Qızıl qübbə" raketdən müdafiə sisteminin yaradılması üçün 25 milyard vəsait daxildir", – deyə Pentaqon nümayəndəsi bildirib.
Bununla yanaşı, Ağ Ev rəhbəri ABŞ Konqresindən 2026-cı il müdafiə büdcəsi üçün ümumilikdə 1,01 trilyon dollar tələb edib. Bu göstərici 2025-ci il büdcəsi ilə müqayisədə 13 faiz artım deməkdir.
Eyni zamanda, Pentaqon daha əvvəl ABŞ-ın 2026-cı il üçün Ukraynaya ayırdığı dəstək xərclərində azalma olacağını açıqlamışdı. Xərclərin ixtisarı əsasən koalisiyaya dəstək fondu və Ukraynaya təhlükəsizlik yardımı təşəbbüslərinə təsir edəcək.
Yeni "Qızıl qübbə" sisteminin texniki xüsusiyyətləri hələlik açıqlanmasa da, ekspertlər bu layihəni ABŞ-ın hava və raket hücumlarına qarşı müasir və genişmiqyaslı cavab mexanizmi kimi dəyərləndirirlər.