Cənubi Qafqaz ölkələrini Rusiya təhlükəsindən xilas etmək planı - "Reyqan" planı

30-09-2015, 10:32           
Cənubi Qafqaz ölkələrini Rusiya təhlükəsindən xilas etmək planı - "Reyqan" planı
“Bir müddət öncə Almaniya Bundestaqının (parlamentin-red.) Ermənistanı işğalçı olaraq qəbul etməsi o demək idi ki, artıq Avropa Birliyi, BMT və digər mühüm əhəmiyyətli qurumlar Ermənistanı işğalçı kimi tanıyıb”. Bu fikirləri musavat.com-a NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib.

O bildirib ki, rəsmi Berlinin qəbul etdiyi həmin sənəd əslində İrəvanın işğalçı olmağının sübutudur: “Sərkisyan özü də bunu dili ilə təsdiqlədi. Əslinə qalsa, bu, Rusiyanın bölgədə aktivliyinin qarşısını almaq məqsədi ilə qəbul edilmiş sənəddir. Bunun ardınca Sərkisyanın Dağlıq Qarabağla bağlı məlum bəyanat verməsinin yalnız bir səbəbi var - bu, Putinin ABŞ səfəri zamanı Obama ilə masaya oturmamışdan əvvəl ”əlinin" gücləndirilməsinə hesablanıb. O, bununla Cənubi Qafqazda hökmran olduğunu göstərir. Yəni demək istəyir ki, əgər siz mənimlə Ukrayna, Suriya, İran və digər Yaxın Şərq ölkələri məsələlərində hesablaşmasanız, mən Cənubi Qafqazda ikinci Ukrayna ssenarisini yaşada bilərəm. Bir sözlə, mən Qarabağla kifayətlənməyərək, nəinki Azərbaycanın digər ərazilərini, Gürcüstanı da işğal edə bilərəm. Bu, bir növ Sərkisyanın dili ilə Kremlin açıq mesajıdır".

F.Məmmədov Obama ilə Putinin görüşündə əsas üstün tərəfin ABŞ olduğunu bildirib: “Putinin güvəndiyi yeganə şey Rusiya ordusudur. Bütün bu atışmaların sərf etdiyi yeganə tərəf də Rusiyadır. Lakin burada xüsusi bir məqam var. Nyu-York görüşü Putinin öncədən məğlub olaraq, getdiyi görüşdür. Obama daha güclüdür. Doğrudur, Rusiyanın bir sıra üstünlükləri var, amma beynəlxalq birlik ABŞ-ın tərəfindədir. Ən önəmli məqam isə Putinin Cənubi Qafqazda hökmranlığını itirməyə başlamasıdır. Bunun səbəblərindən biri Gürcüstanın açıq şəkildə NATO və Avropa Birliyi xətti tutmasıdır. Putin narahatlığı da bundandır. Amerika ordusu əgər Qara dənizdən regiona gəlsə, bu, Cənubi Qafqaz xalqları üçün yeni mərhələ ola bilər. Bu da Rusiyanın regiondan çıxmasını sürətləndirəcək”.
Politoloq bunu da xüsusi olaraq qeyd edib ki, Amerikanın bu layihə adı altında Cənubi Qafqazla bağlı böyük bir əməliyyat layihəsi var.

O, əməliyyatın detallarını bu cür izah edib: “Bu, beşillik əməliyyatdır. Əməliyyatın adı ”Reyqan" adlanır. “Reyqan” əməliyyatının əsas məqsədi Cənubi Qafqaz ölkələrini Rusiya təhlükəsindən xilas etməkdir. Çox güman ki, Vaşinqton bunun üçün külli miqdarda pul ayırıb. Əməliyyatın məqsədləri sırasında Cənubi Qafqaz ölkələrini müdafiə altına almaq, milli təhlükəsizliyini qorumaq, iqtisadi inkişafı təmin etmək, onlara hərbi və siyasi dəstək olmaq məsələləri də var. “Reyqan” əməliyyatı nəinki Cənubi Qafqaz, hətta onun bir qolu kimi İrana da hesablanıb. ABŞ Tehranla mümkün danışıqlardan sonra gələcəkdə dünya bazarında mühüm dəyişikliklər həyata keçirmək niyyətindədir. Bu isə Rusiyanın çökdürülməsinə gətirib çıxaracaq. Əməliyyatın adının “Reyqan” qoyulmasının da xüsusi bir nüansı var. Çünki SSRİ-nin dağılmasında və kapitalizmin inkişafında əsas rol oynayan şəxslərdən biri məhz sabiq prezident Ronald Reyqandır. Ona görə də həmin əməliyyatı belə adlandırıblar".

Yada salaq ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistanın bir parçası olduğunu söyləməklə İrəvanın işğalçı olduğunu rəsmən təsdiqləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.