Ramiz Rövşənin 62 yaşı tamam oldu

15-12-2018, 19:12           
Ramiz Rövşənin 62 yaşı tamam oldu
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Teref.az kollektivi adından təbrik edirik!
Teref.az
Mən küsüb gedirəm...

Mən küsüb gedirəm...

Qoy hamı qalsın,

Mən küsüb gedirəm bu yer üzündən.

Oğulam-qoy dərdim anama qalsın,

Atayam-qoy balam küssün özündən.

Dünya ucuz saydı, ya baha bildi?!

Nə satan tapıldı, nə alan məni.

Nə Allah dünyaya bağlaya bildi,

Nə atam, nə anam, nə balam məni.

İlahi, səndən də sındı ürəyim,

Məni küsdürənin yekəsi sənsən.

Dünyanın ən uzaq...ələ gəlməyən,

Boğazdan keçməyən tikəsi sənsən.

Mən sənin yanına uça bilərdim.

Uçmuram, beləcə küsüb gedirəm.

Mən sənin sirrini aça bilərdim,

Açmıram, beləcə susub gedirəm.

Yandırıb gedirəm bu varağı da,

Bu şeirin külünü kim oxuyacaq?

Söndürüb gedirəm bu çırağı da,

Məni qaranlıqda itirmə ancaq.

İlahi, küssəm də səninəm yenə,

Gözün axıracan üstümdə olsun.

Bu sonsuz dünyanın son nöqtəsinə,

Gedib çıxanacan üstümdə olsun...

Orda, bu dünyanın lap qırağında,

Bir nəhəng boşluğun lap qabağında.

Oturub dincimi alaram bir az,

Boşluğa salaram ayaqlarımı.

Uşaqtək yellərəm ayaqlarımı,

Uşaqtək sevincək olaram bir az.

Bir ölüm işığı gəzər üstümdə,

Boşluqdan səs gələr: ” Yubanma tez gəl!...

Sənə çoxdandır ki bu yer üzündə

Hər şey maraqsızdı ölümdən özğə”.

İlahi, gəlirəm, eşit səsimi,

Kimsəyə ümid yox, sən ovud məni...

Bu nəhənğ boşluğa atdım özümü,

Sənə arxayınam, özün tut məni!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.