Azərbaycanda hansı məktəblərin şagirdləri narkotikdən istifadə edir? - AÇIQLAMA
13-11-2015, 13:59
Bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin sayı ildən-ilə artır. Ən xoşagəlməz hal isə məktəblilərin də narkotik maddədən istifadə etməsidir. 4-10-cu siniflərdə oxuyan şagirdlərin narkotikdən asılı olması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Ümumiyyətlə, ümumtəhsil müəssisələri ətrafında narkotik maddələrin satışının həyata keçirilməsi və şagirdlərin nəzarətsizliyi nəticəsində asılı vəziyyətə düşməsi, hər halda xoş qarşılanmayan məqamdır. Bəs bununla bağlı aidiyyəti qurumlar hər hansı addım atırlarmı?
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın ümumtəhsil müəssisələrində şagirdlərin narkotik vasitələrdən istifadəsi ilə bağlı nazirliyə hər hansı rəsmi məlumat daxil olmayıb.
Qeyd edilib ki, son günlər bəzi saytlarda yayılan xəbərlərdə isə məktəblilərlə bağlı konkret heç bir fakt qeyd edilmədiyindən, bunu araşdırmaq mümkün olmayıb: “Ümumiyyətlə, respublikada narkoloji nəzarət sahəsində həyata keçirilən tədbirlər “Narkoloji xidmət və nəzarət haqqında” qanunla tənzimlənir. Gələcəkdə belə hallar aşkar olunarsa, qanunda nəzərdə tutulan müvafiq qurumlar tərəfindən zəruri işlər görüləcək”.