Yanan platformada itkin düşən 22 yaşlı Turalın bacısından MÜRACİƏT
6-12-2015, 12:33
Xəbər verdiyimiz kimi, dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib.
İtkin düşən 30 nəfərdən ən böyüyünün 62, ən kiçiyinin isə 22 yaşı var.
Platformadakı yaşca ən kiçik işçi olan Tural Babazadənin bacısı Nigar xanım qardaşı ilə bağlı ən adi informasiya almaq ümidi ilə sosial şəbəkə vasitəsi ilə müraciət edib:
“Dostlar, mənim ailəmdə çətinlik var. “Günəşli” yatağındakı yanğın bizim ailədən də yan keçmədi. Mənim qardaşım 1993-cü il təvəllüdlü Babazadə Tural bu talesiz platformada işləyirdi. Onun adı itkin düşənlərin rəsmi siyahısında yer alıb. Bizim onun haqda bildiyimiz bütün informasiya da bununla yekunlaşır. O və onun kolleqaları haqda heç bir məlumat ala bilmirik. Xahiş edirəm, bacardığınız qədər bu şəkli paylaşın, bəlkə necəsə, hansısa yolla məlumat əldə edə bildik. Hər növ xəbərə görə təşəkkür edəcəyik...”
Qeyd edək ki, hadisədə xilas edilənlər Azərbaycan Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxana rəhbərliyi onların vəziyyətinin hazırda normal olduğunu deyir.