Mərkəzi Bankın qərarlarını sayan yoxdur, yoxsa...
9-01-2016, 15:52
Ölkə fevral və dekabr devalvasiyasından sonra yanvarın 8-də daha bir şok yaşayıb. Yanvarın 8-də 1 dollar 1 manat 85 qəpik olub. Banklara nisbətən valyutadəyişmə məntəqələrində satış və alış qiyməti daha yüksək olub. Məsələn, “Yunayted kredit bank”ın Nəsimi şöbəsində dolların alışı 1.80, satışı isə 1.85, “NBC Bank”ın 2 saylı mübadilə şöbəsində alış 1.72, satış isə 1.78 manata təklif edilib.
Mərkəzi Bankın yanvarın 8-də rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,5642 AZN/USD, avronun - 1,7009 AZN/USD təşkil edib. Mərkəzi Bank yanvarın 11-dək olan ABŞ dollarının manata qarşı məzənnəsini də açıqlayıb. AMB-dən verilən məlumata görə, yanvarın 11-ə USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub. Amma göründüyü kimi, Mərkəzi Bankın müəyyən etdiyi məzənnəni nə sayan, nə ciddiyə alan...
Yeri gəlmişkən, “Yeni Müsavat” 7 yanvar sayında gözlənilən devalvasiyadan yazaraq dollar ajiotajında Mərkəzi Bankı ittiham etmişdi. Yazıda bildirilirdi ki, Mərkəzi Bank yanvarın 6-da dollar satışı həyata keçirməyib və bazarda yaranmış gərginliyi daha da artırıb. “Mərkəzi Bank dolları satışa çıxarmır, sonra isə ”dollar niyə qıtdır və niyə bahalaşıb?" deyə yalandan haray salır.
Aydındır ki, yaxınlaşmaqda olan üçüncü devalvasiyada Mərkəzi Bank öz dollar rezervlərini banklara dağıtmaq niyyətində deyil və bu səbəbdən də dollar satışında məhdudiyyətlər qoyub. Görünən odur ki, maliyyə sektorunun rəhbərləri üçüncü devalvasiyanı “dollar ajiotajı” ilə ört-basdır etmək niyyətindədir və əslində manatın ucuzlaşdırılması prosesini məhz Mərkəzi Bank yaradır" deyə, yazıda bildirilirdi.
Qeyd edək ki, bu günlərdə qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycandakı banklara əməliyyat günü ərzində valyuta məzənnələrini sərbəst şəkildə dəyişdirmək hüququ verilib. Həmçinin, mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Mərkəzi Bank dollar satışı ilə bağlı vəziyyət nəzarətdən çıxdıqdan sonra günün sonunda valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib. APA xəbər verir ki, məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi. Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4% kənarlaşa bilər.
***
Manatın faktiki üçüncü devalvasiyasından dərhal sonra bazarlarda bahalaşma başlayıb. İlk olaraq siqaretin qiyməti 25 faiz bahalaşıb. “Winston Classik” 50 qəpik bahalaşaraq 3 manat 20 qəpik olub. “Davidoff” 3 manat 50 qəpik, “Davidoff”-qalın 3 manat 80 qəpik, “West” 2 manat 60 qəpikdən satılır. “Kent” siqaretləri 3 manat 50 qəpikdən - 4 manatadəkdir. “Viceroy” siqaretlərinin qiyməti 1 manat 50 qəpik- 2 manat 20 qəpik arasında dəyişir. Ərzaq, elektrotexnikalar və tikinti mallarının da qiymətində dərhal dəyişikliklər edilib. “28 May” stansiyasının yaxınlığındakı əsas topdansatış mərkəzlərində siqaret satışı dayandırılıb. Topdansatış mərkəzinin satıcıları deyib ki, qiymətlər təxminən 20-50 qəpik arasında dəyişir və yəqin ki, şərab, araq və pivələrin qiyməti də artacaq.
Musavat.com xəbər verir ki, sahibkarlar malların yeni qiymətini dolların indiki kursuna uyğun olaraq müəyyənləşdirirlər.
“Dekabrın 21-dəki devalvasiyada dolların kursu 1.55 manat idi. İndi isə bazarda dollar 1.85 manatdır. Bu da bizim işimizə əlbəttə təsir edir” deyə, elektron malların satışı ilə məşğul olan Nicat Məmmədov deyib. “Kontak electroniks” mağazasında artıq qiymətlər dəyişib. İphone 6 (16 Gb) 1439-1499 manata satılır. Bu isə yanvarın 7-də olan qiymətdən 100-120 manat bahadır. Üz tutduğumuz “İntegral Plus” məişət texnikası mağazasında isə qiymətlər dəyişməmişdi. Lakin mağaza əməkdaşları bildirdi ki, malların qiymətinin qalxacağı gözlənilir. Bu dolların kursuna uyğun olaraq müəyyənləşdiriləcək.
“Bütün bu mallar ölkəyə dollarla gətirilir. Təbii ki, dolların kursuna uğun hesablanacaq. Ən gec sabah(bu gün) qiymət artımı özünü göstərə bilər” deyə, mağaza əməkdaşı bildirib.
“Samsung” mağazalar şəbəkəsi də qiymətlərin qaldırılacağı anonsunu verib. Mağazanın “Neftçilər” filialından bildirilib ki, qiymətlər bahalaşması qaçılmazdır.
Manatın üçüncü dəfə ucuzlaşması qızılın qiymətinə də ciddi təsir edib. Yanvarın 8-də Bakının zərgərlik köşklərində bir qram qızılın qiyməti 70 manatadək bahalaşıb.
Əhalinin daha çox əziyyət çəkdiyi ərzaq mağazalarında da dərhal qiymətlərə “əl gəzdirilib”. Şəhərin mərkəzindəki demək olar ki, bütün iri supermarketlərdə ərzaq məhsullarının qiymətində 1-3 manat arası artım olub. Eyni zamanda, şampunların, yuyucu tozlarının, diş pastalarının qiymətində də 50 qəpik 1 manat arasında bahalaşma baş verib. Marketlərdə alıcılara deyiblər ki, bu hələ son hədd deyil və qiymət artımının qarşısını almaq mümkünsüzdür.
***
Qeyd edək ki, yanvarın 8-də hökumət rəsmilərindən bir nəfər belə baş verənlərlə bağlı heç bir açıqlama verməyib. Bu isə ölkənin maliyyə bazarında Mərkəzi Bank tərəfindən “idarəedilən xaosu” daha da dərinləşdirib. Qarşıdakı günlərdə də manatın dollara nisbətdə daha da zəifləyəcəyi gözlənilir...