Yalnız bu şəxslər gömrük rüsumu ödəmədən xaricdən avtomobil gətirə biləcəklər - ŞƏRTLƏR
27-08-2020, 16:32
![Yalnız bu şəxslər gömrük rüsumu ödəmədən xaricdən avtomobil gətirə biləcəklər - ŞƏRTLƏR](/uploads/posts/2020-08/1598531586_1.jpg)
Məlum olduğu kimi, son günlər ölkə ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələlərdən biri də, Nazirlər Kabineti tərəfindən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklər oldu.
Yeniavaz.com xəbər verir ki, ən çox narazılıq doğuran məsələ xaricdən gətirilən və gömrük ödənişləri alınmayan malların dəyərinin azaldılması ilə bağlı olan dəyişikliklərdir. Belə ki, əvvəllər insanlar xaricdən gömrük ödənişləri etmədən 1500 dollarlıq mal gətirə bilirdilərsə, bundan sonra 800 dollarlıq mal gətirə biləcəklər. Əvvəllər beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ödənişləri etmədən 1000 dollarlıq mal gətirə bilirdilərsə, bundan sonra 300 dollarlıq mal gətirə biləcəklər.
Lakin onu da qeyd edək ki, məlum dəyişikliklərdə bu, narazılıq doğuran yeganə məsələ deyil. Belə ki, narazılıq doğuran məslələrdən biri də "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.3-cü bəndinə edilən dəyişikliklə bağlıdır.
Belə ki, əvvəllər Qaydaların 2.3-cü bəndinə qeyd olunurdu ki, diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
Məlum dəyişiklikdən sonra Qaydaların 2.3-cü bəndində aşağıdaki müddüalar yer alıb:
İki ildən az olmayaraq diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol verilir; (Dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən müəyyən olunmuş həddlərdən artıq ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələri gömrük ödənişlərinə cəlb olunacaq.)