"Bu “pararlel” strukturlar idarəetməni çətinləşdirir, hətta problemləri daha da dərinləşdirir."- Natiq Cəfərli yazır

10-09-2020, 18:46           
"Bu “pararlel” strukturlar idarəetməni çətinləşdirir, hətta problemləri daha da dərinləşdirir."-
Sistem çalışmır, iqtisadi, siyasi, idarəetmə istiqamətləri tükənib, bunun yolu hər gün bir “şuranın” yaradılmasından keçmir – yol yeni ictimai saziş, yeni Konstitusiya, yeni iradəetmə modelidir. Köhnə model ancaq baha neftə arxalanırdı, ancaq neftin 100 dollar olduğu vəziyyətə uyğun idi, bütün problemlərin pulla basdırılmasına, loyallığın pulla alınmasına hesablanmışdı. Bitdi o dövr – köhnə sistem dağıldı, yenisi isə yarana bilmir, çünki yeni münasibətlər köhnə qaydalar üzərinə inşa edilə bilməz.
Teref.az yazır ki, iqtisadçı ekspert Natiq Cəfərlinin məqaləsi bu sözlərlə başlayır. Daha sonra Natiq Cəfərli yazır:
Prezident 2016-ci ildə “Maliyyə Şurası” yaratmışdı, növbəti mənasız qurum cəmi 4 il yaşadı, heç bir sənəd, proqram, vizion ortalığa qoya bilmədi. İlham Əliyev dünən “Maliyyə Şurasını” ləğv etdi, yerinə “İqtisadi Şura” yaratdı – növbəti qeyri-rasional addımdı. Həmin Şuranın tərkibi Nazirlər Kabinetinin üzvlərindən və Prezident Administrasiyasının işçilərindən ibarətdir - əslində bu qərar həm də onun etirafıdır ki, ölkədə ikili idarəetmə modeli iflasa uğrayib. Sərt vertikala söykənən Prezident üsul-idarəsində Nazirlər Kabineti lazımsız və mənasız quruma çevrilib. İki yol var: Ya NK-i ləğv edilir, əsl Prezident Respublikasına keçid olur, ya da tam tərsi – Prezident Administrasiyası dəftərxanaya çevrilir, gündəlik rutin dəftərxana işini görür, Nazirlər Kabineti isə güclənir Parlamentdən çıxır, ölkədə sosial-iqtisadi məsələlər Nazirlər Kabinetinin, xarici siyasət, təhlükəsizlik isə Prezidentin səlahiyyətlərində qalır. Prezident Nazirlər Kabinetinin qərarlarından narazı qalsa, qərara veto qoyub Parlamentə göndərə bilər, əgər ard-ardına eyni məsələ ilə bağlı 3 dəfə belə hadisə baş verirsə, həmən parlament buraxılır və yeni seçkilər keçirilir.

Eyni adamların müxtəlif “şurada” təmsil olunmaqla ölkənin qarşısında duran ağır iqtisadi problemlər həll olunmayacaq. Yeni İqtisadi Şuranın rəhbəri elə Baş Nazirdir – yaxşı, o öz işinin öhdəsindən Baş nazir kimi gələ bilirsə, yeni Şuraya nə ehtiyac var axı?! Bu “pararlel” strukturlar idarəetməni çətinləşdirir, hətta problemləri daha da dərinləşdirir.

Qısası, bir daha: Yeni ictimai saziş, yeni konstitusiya artıq şərtdir. Şuralarla bu iş olmayacaq, zatən 100 ildi ki, Şura Hökumətinin qalıqlarından, o məntiqdən qurtula bilmirik, 100 ildi adında “şura” olan hansısa qurumdan məmləkətə xeyir gəlməyib...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.