İslam Konfransı Gənclər Forumundan konsulumza bağlı açıqlama - Fəxrəddin Əliyev əməkdaşımız olmayıb
23-01-2016, 21:27
“İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil”.
Bu barədə İslam Konfransı Gənclər Forumunun Bakı ofisindən APA-ya verilən məlumatda deyilir.
Ofisin əməkdaşı Alpay Əhmədov bildirib ki, F. Əliyev İslam Konfransı Gənclər Forumunun (İKGF) Katibliyinin əməkdaşı olmayıb.
“O, İKGF-nin nəzdində fəaliyyət göstərən İƏT Gənc İş Adamları Şəbəkəsinin İqtisadi Şurasında 2013-14-cü ildə ekspert qismində iştirak edib. Lakin həmin Şuranın səlahiyyəti 2014-cü ildə, Fəxrəddin Əliyevin ekspert qismində akkreditasiyasının müddəti isə 2015-ci ilin martında bitib və bu barədə İKGF tərəfindən Türkiyə XİN-i həmin vaxt rəsmən məlumatlandırılıb. Mərhumun ailəsinə bu faciəvi ölümlə əlaqədar başsağlığı veririk”, - deyə o qeyd edib.
İslam Konfransı Gənclər Forumundan konsulumza bağlı açıqlama
Xatırladaq ki, bu gün Türkiyə mətbuatında Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olduğu iddia edilən F. Əliyevin intihar etməsi barədə xəbər yayılıb. Lakin Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında F. Əliyevin XİN sistemində çalışmadığını söyləyib. Azərbaycan İstanbuldakı Baş Konsulluğundan da bildiriblər ki, F. Əliyevin konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.
APA-nın Türkiyə müxbirinin araşdırmasına görə, F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir. F. Əliyev Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin qurucularından olub.