"Öl və ya etiraf et". Azərbaycan ordusunda erməni casuslarını işgəncə verməklə axtarıblar. Tərtər işi
28-11-2019, 19:54
18+ Xəbərdarlıq: məqalədə zorakılıq hərəkətləri təsvir edilib.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzun müddətli həbs cəzası alıb və ən azı doqquz nəfər işgəncədən ölüb.
Onlarla işgəncə qurbanı, vətənə xəyanətdə təqsirləndirilən 25 və işgəncədən ölən 9 nəfər - bu, Azərbaycan ordusunda Ermənistanın xeyrinə casusluqla bağlı 2017-ci ildəki dindirmələrin nəticəsidir.
BBC "Tərtər işi" qurbanlarının yaxınları ilə söhbət edib.
Nəsirin oğlu dövlətə xəyanət ittihamıyla həbs edildikdən sonra o, Xaçmaz kəndlərindən birindəki evini qoyub Bakıya köçüb.
Ata şəhər kənarındakı "xruşşovka" binaların birində kiçik bir mənzil kirayəyə götürüb, messencerdə qrup yaradaraq digər əsgərlərin qohumları ilə əlaqə saxlayır, sənədlər toplayır, hüquq müdafiəçiləri və xarici diplomatlarla görüşür.
Hər dəfə özü ilə görüşə içində sənədlər olan çanta gətirir. Onların arasında Azərbaycan ordusunun işgəncə qurbanı olmuş yüzdən çox əsgəri haqqında məhkəmə qərarları, komissiyaların rəyləri və digər sənədlər var. Əsgərlərin məhkəmələri bağlı qapılar arxasında keçdiyindən indiyədək bu məsələ haqqında, demək olar ki, heç nə bilinmirdi.
2017-ci ilin may ayında Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq bildirmişdilər ki, bu əsgərlər Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə həbs ediliblər.
Bütün rəsmi məlumat yalnız bundan ibarət idi.
2017-ci ilin may və iyun aylarında baş vermiş kütləvi işgəncə halları barədə cəmiyyət yalnız 2019-cu ildə işin təfərrüatları tədricən üzə çıxandan sonra xəbər tutmağa başlayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 9 nəfər işgəncə nəticəsində ölüb.
İndi Azərbaycanda bu işi əsgərlərin dindirilmək üçün aparıldığı rayonun adına görə "Tərtər işi" adlandırırlar.
"Etiraf etsəydi - sağ qalacaqdı"
Hüquq müdafiəçisi Oktay Gülalıyevin sözlərinə görə, doqquz nəfər işgəncələrə dözməyərək ölüb.
Halbuki onlardan beşinə qarşı cinayət işi hələ heç açılmamışdı da.
Ölənlərdən biri gizir Ruslan Ocaqverdiyev idi.
Həyat yoldaşı Rəvanə deyir ki, 2017-ci ilin 15 iyun səhəri o hissəyə yollanıb və bundan sonra zənglərə cavab verməyib:
"Onda narahat oldum, axşama qədər zəng etdim və narahatlığımın səbəblərini qonşulara danışdım".
Daha sonra hərbiçilər ərinin aparıldığını ona bildiriblər, lakin hara və niyə aparıldığını deməyiblər.
"Sonra həmin axşam bizə onun onun yaralandığını dedilər, amma daha heç bir təfərrüat olmadı - dedilər ki, sabaha qədər gözləyək."
"Biz bütün gecə yatmadıq. Səhər isə qayınatam mənə zəng edib dedi ki, hissədən ona bildiriblər ki, ərim ölüb", - Rəvanə xatırlayır.
Ölüm səbəbi kimi məşq zamanı ürəyinin dayandığını bildirdilər.
"Onda telefonu atıb küçəyə qaçdım, baxdım ki, bütün qonşular artıq yığışıb - başa düşdüm ki, onlar artıq hər şeyi bilir, amma mənə deyə bilmirlər", - o deyir.
Qonşuları ona səhər ərinin cəsədini qəbul edib dəfn etməsinə kömək etdilər.
Həmin gün Rəvanəni qəzəbləndirən o oldu ki, məscidə gələn hərbçilər müsəlman adətinə görə cəsədin yuyulmasına icazə verməmişdiilər. Cəsədin özü isə artıq kəfənə bükülmüş və bayraqla örtülmüşdü.
Rəvanə infarkt barədə xəbərə - xəstələndiyinə görə Bakıdan tibbi helikopter çağırıldığına inanmırdı.
Beş gün sonra Ruslanın cəsədi eksqumasiya olunaraq Bakıya müayinə üçün göndərildi və məlum oldu ki, ölüm "sinə travması" ilə bağlıdır.
Bu qısa ekspert hesabatının arxasında duran təfərrüatları o, sonradan öyrənmişdi - ərini dindirənlərin məhkəməsi zamanı.
Rəvanə hərbi prokurorluqla məhkəmə çəkişməsində olan onlarla zərərçəkəndən biri idi. Digər əsgərlərin çıxışlarından ərinə necə işgəncə verildiyini öyrənir.
"Köynəklə ağzını bağlayıblar, boğublar, casus olduğunu etiraf etməyi tələb ediblər, deyiblər ki, seçməlisən: ya etiraf edəcəksən, ya da öləcəksən".
Rəvanə məhkəmədə öyrənib ki, əri başqa bir əsgərin işgəncə altında onun əleyhinə verdiyi ifadələrin, donosun qurbanı olub.
"Məhkəmədə ağladım, Fuad Ağayevdən [işgəncə verməkdə təqsirləndirilən şəxsdən] niyə belə etdiyini soruşdum və o cavab verdi ki, "əmr etmişdilər, ya mən onu öldürməliydim, ya da məni öldürəcəkdilər".
Dediyinə görə, ərini çılpaq soyundurub, əl-qolunu bağlayıblar, dərmanlar vurublar, suda boğublar. Bütün bunlar həkimin nəzarəti altında baş verib. Həkim onun ölməyinə yol verməmək üçün orda olub.
Bu faktlar həm məhkəmə işindəki şahid ifadələrində, həm də məhkəmə ekspertizasının nəticəsində təsdiqlənir.
"Mən Fuaddan soruşdum - sən onlara kimin əmriylə işgəncə verirdin? Söylədi ki, bunu açıqlaya bilməz. Mən ona deyirəm ki, ay alçaq, ərim erməni casusu olduğunu etiraf etdimi? O dedi ki, yox, etiraf etsəydi sağ qalacaqdı".
Prokurorluqdan ərinə qarşı heç bir ittihamın irəli sürülmədiyini ona bildiriblər.
"Onda onlardan soruşdum ki, ərim sizin üçün inək, qoyun, toyuqdur? Mənim Ruslanımı bir günün içində necə və niyə öldürüblər?"
Ruslanın iki oğlu qalıb. Onun 32 yaşı var idi.
Polisin əhatəsində dəfn
İstefada olan 39 yaşlı polkovnik-leytenant Saleh Qafarovun da iki övladı qalıb.
Həyat yoldaşı Natəvan deyir ki, polis izahat vermədən onu birbaşa evdən aparıb.
İki həftədən sonra cəsədi geri gətirilənədək həyat yoldaşı onun harada olduğunu bilməyib.
Qəbristanlıqda məzar yerini mühasirəyə alan polislər ərinin cəsədi olan tabutu açmağa icazə vermədən, nədən öldüyünü demədən onun dəfn edilməsini tələsdirirdilər.
"Yalnız məhkəmələr başlayandan sonra onun işgəncədən ikinci gün öldüyünü bildim", - Natəvan deyir.
"Məhkəmədə məlum oldu ki, onu işgəncəyə məruz qalan digər əsgərlərin donosuna əsasən tutublar, - Natavan xatırlayır. - Onu mayın 4-də aparıblar, işgəncə veriblər, 6-da komaya düşüb və Bakıdakı hərbi xəstəxanaya aparılıb, mayın 13-də isə orada ölüb".
Salehin əl-ayağını bağlayıb, suda boğublar, elektrik şokla işgəncə veriblər, dırnaqlarını çıxarıblar, çənəsini sındırıblar və bağlı vəziyyətdə ikinci mərtəbədən atıblar, arvadı məhkəmədə eşitdiklərini xatırlayır.
Və bundan sonra komaya düşənə qədər işgəncələri davam etdiriblər. Onun sözlərini həm məhkəmədə verilən ifadələr, həm də məhkəmə tibbi ekspertizasının nəticələri təsdiqləyir.
Sonuncuda daxili orqanların zədələnməsini, sınıqlar və dırnaqların olmaması ətraflı qaydada təsvir edilərək qeyd olunub.
Natəvan deyir ki, iki həftədən sonra ərinin cəsədi geri gətirilənədək onun harada olduğu barədə xəbəri yox idi.
Qohumların üsyanı
İndi ən azı 25 nəfər həbsxanadadır, dövlətə xəyanət, yüksək rütbəlilərə hücum və bir çox digər əlaqəli maddələrə görə ittiham olunaraq həbsxanada cəza çəkirlər.
Onların qohumları məhkəməyə müraciət edirlər, işgəncələr barədə danışırlar və Bakıda etiraz aksiyaları keçirirlər.
Onlardan biri çağırışla əsgər getmiş Natiq Quluzadənin atası Elbrusdur.
2017-ci ilin may ayında oğlu tətilə evə gəlmədi. Valideynlər narahat olub hərbi hissəyə getdilər.
Orada onlara Natiqin xəstəxanada olduğunu dedilər.
Onlar oğulları itmiş digər valideynlərlə də tanış olublar.
Ancaq Natiq xəstəxanada da tapılmayıb.
Bir neçə valideyn birlikdə bölgənin hərbi rəhbərliyilə görüşə yollanıb.
"Üstümüzə 50-yə yaxın zabit qaçıb-gəldi. Düşmən kimi danışırdılar. Bizi qovdular, - Elbrus xatırlayır. - Biz [intihar] edəcəyimizi dedik, yalnız bundan sonra bizi dinləyəcəklərini vəd etdilər. Ad-soyadları yazıb götürərək üç günə uşaqlarımızın harada olması barədə cavab veriləcəyi barədə vəd verdilər."
Üç gündən sonra Elbrus həqiqətən də oğlu ilə telefonda danışa bilib: "Mən dedim, Natiq, bu, həqiqətən də sənsənmi? Xallarının harada yerləşdiyini de? O dedi və mən başa düşdüm ki, bu, onun özüdür, o sağdır".
Beş gündən sonra Natiq və qonşu kənddən olan başqa bir oğlan evlərinə qayıtdılar. Onda Natiq yaxınlarına nələr yaşadığını danışdı. Atasının dediyinə görə, oğlunu kürəyinə zərbələr endirərək döyüblər, cinsiyyət orqanlarını elektrik cərəyanı ilə vurublar, bundan sonra o, beş gün ərzində komada olub.
Bu işlə bağlı tibbi ekspertizanın nəticəsi olmasa da, Natiqin atasının lentə aldığı və oğluna vurulan zərbələrin izi olan fotoşəkillər BBC-nin ixtiyarında var.
Elbrus deyir ki, Natiq ertəsi gün hissəyə qayıdıb və xidmət müddətini axıradək çəkib.
Sentyabr ayında Elbrusa hərbi prokurorluqdan zəng etdilər: "Soruşdular, Natiq Quluzadənin atasısan? Bəli, dedim". Dedilər ki, gəlib izahat yazsın, sonra evinə, kəndinə qayıdacağını bildirdilər.
Natiq qardaşı Nahid ilə Bakıdakı hərbi prokurorluğa getdi.
"Gecəyarısı qardaşı zəng edib Natiqin saxlandığını söylədi", - ata xatırlayır.
Elbrus oğlu ilə prokurorluqda görüşməyə çalışdı.
İlk əvvəl oğlunun nəyə görə həbs olunduğunu bilmirdi.
Görüşəndə isə Natiq atasına danışıb ki, ona erməni kəşfiyyatı ilə əlaqələrini etiraf etməyi söyləyiblər.
"Dedi ki, ona söyləyiblər ki, bizi (valideynləri) guya narkotik ticarətinə görə həbs ediblər və o, bizim sərbəst buraxılmağımız üçün istənilən günahı üzərinə götürməyə hazır idi. Ancaq görüşəndən bizimlə bağlı hər şeyin qaydasında olduğunu gördü".
İndi Natiq dövlətə xəyanət maddəsiylə 18 illik həbs cəzasını çəkir. Natiqin ailəsi, digər əsgərlərin ailələri kimi, hökmdən şikayət etməyə çalışır.
Onların işinə bütün yerli məhkəmələr, o cümlədən Azərbaycan Ali Məhkəməsi tərəfindən baxılıb. Elbrusun sözlərinə görə, Ali Məhkəmədə iclas təxminən 20 dəqiqə davam edib.
İndi ata bu işlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyə hazırdır, çünki yerli məhkəmə işgəncə ilə bağlı işə heç baxmayıb da.
Əsgər Faiq Əhmədovun atası Əlibəy də işgəncələrdən danışıb. Oğluna 20 il həbs cəzası verilib.
Onun sözlərinə görə, məhkəmədə oğluna işgəncə verildiyinin etiraf olunmasına nail ola bilməyib.
Məhkəmə - onun sözlərinə görə - işgəncə faktlarını nəzərə almayıb.
İşgəncə qurbanlarının əksəriyyətinə həbsxanaya düşməmək nəsib oldu. Bəziləri sağ qaldıqları və azadlıqda olduqları üçün artıq xoşbəxtdirlər. Elə məhkəmə də dindirmələrdə işgəncə verən birbaşa icraçılara cəza hökmü cıxarıb.
Azadlıqda sağ qalanlar
İşgəncə qurbanlarının əksəriyyətinə həbsxanaya düşməmək nəsib oldu.
Bəziləri sağ qaldıqları və azadlıqda olduqları üçün artıq xoşbəxtdirlər.
Elə məhkəmə də dindirmələrdə işgəncə verən birbaşa icraçılara cəza hökmü cıxarıb.
Bu məqalədə qeyd olunan mayor Fuad Ağayevə kütləvi işgəncələrə görə 10 il müddətinə həbs, daha yeddi nəfərə isə bir qədər qısa cəzalar verildi.
Hərbi Prokurorluğun mətbuat xidməti BBC-yə deyilib: "Bu işdə iştirak edənlərin hamısı [həbsxana] cəzasını alıb, heç kim məsuliyyətdən qaçmayıb."
Ancaq kapitan rütbəsində keçmiş rota komandiri Vaqif Abdullayev məhkəmə proseslərinin nəticələrindən məmnun deyil.
Onun sözlərinə görə, onu ac saxlayıblar, çılpaq soyunduraraq soyuq su ilə sulayıblar, dəmir parçasıyla döyüblər, elektroşokla işgəncə veriblər.
Sonra da ordudan qovublar.
Məhkəmədə o, zərərçəkmiş qismində iştirak edib.
BBC-nin ixtiyarında onun zərərçəkmiş qismində olduğunu göstərən məhkəmənin materialları, habelə bədənində zərbə və elektrik yanıqları izləri qeydə alınmış məhkəmə tibbi ekspertizasının rəyi var.
"Mənə qarşı heç bir ittiham irəli sürmədilər, sadəcə, iki ay işgəncə verdilər", - o xatırlayır - Sonra bu cür vəziyətdə idman hazırlığı üzrə imtahan verməyə məcbur etdilər, təbii ki, imtahandan keçmədik. Bu da işdən azad olunmağımıza rəsmi səbəbi oldu".
Vaqif 13 yaşında hərbi məktəbə daxil olduğunu və bütün həyatını orduya həsr etdiyini söyləyir.
Bu gün o işsizdir, etiraz piketlərinə çıxır və Mudafiə Nazirliyi ilə məhkəmə çəkişməsindədir - xidmətə bərpa olunmağını və günahkarların hamısının cəzalandırılmasını tələb edir, çünki onun sözlərinə görə, bəziləri yüksək səviyyələrdəki əlaqələrinə görə cəzadan qaçıblar.
"Hətta sabah məni xidmətə bərpa etsələr də, [günahkarların] hamısı cəzalandırılmayana qədər onlardan əl çəkən deyiləm", - keçmiş zabit deyir.
Vaqif deyir ki, ona iki ay işgəncə verdilər, sonra da idman normalarına dair imtahan keşirtdilər. O, imtahandan keçmədi və bu səbəblə işdən azad olundu.
"İnsanlar danışmaqdan artıq çəkinmir"
Hüquq müdafiəçisi Oktay Gülalıyev deyib ki, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlərdən xəbərsiz olublar.
Sonra işgəncələr və qətllər barədə şayiələr dolanmağa başladı.
"İlk əvvəl heç valideynlərin də etirazı yox idi, insanlar qorxu içində yaşayırdı, həm də ki, həbs edilənlərin hamısının xain olduqları, ermənilərlə əməkdaşlıq etdikləri barədə məlumat yayılırdı, - hüquq müdafiəçisi deyib. - Biz bu məsələni araşdırmağa başladıq və işgəncəyə məruz qalanların qohumları ilə, keçən ildən başlayaraq, əlaqə saxlamağa çalışdıq".
Nəticədə, Gülalıyevin sözlərinə görə, təkcə məhkəməylə təsdiqlənmiş işgəncə qurbanlarının sayı azı 101 nəfərdir, onlardan doqquzu işgəncədən ölüb.
BBC-də üç müxtəlif hərbi məhkəmənin qərarlarının sürəti var - bu sənədlərdə zərərçəkənlərin geniş siyahısı yer alıb. Siyahılardakı bəzi adlar və soyadlar təkrarlanır, lakin söhbətin onlarla insandan getdiyini həqiqətən də iddia etmək olar.
Gülalıyev daha azı 25 nəfərin işgəncələrə məruz qaldığını və sonradan xəyanətə görə məhkum olunduğunu söyləyib.
"Tərtər işində" həmişə "ən azı" ifadəsini işlədirəm, çünki bunlar yalnız bizim tapa bildiyimiz insanlardır", - hüquq müdafiəçisi qeyd edib.
"Biz kütləvi qanun pozuntularını, qohumların və vəkillərin məhkəmələrə buraxılmadığını gördük və Müdafiə Nazirliyindəki yüksək rütbəli şəxslərin praktiki olaraq linç məhkəməsi qurduqlarını aşkar etdik", - Gülalıyev deyir.
Gülalıyev bir qrup işdən çıxarılmış hərbi qulluqçu ilə görüşüb. Onun sözlərinə görə, onlar iki ildən daha əvvəl "Tərtər işi" üzrə dindirmələr zamanı məruz qaldıqları işgəncələrdən aldıqları fiziki və mənəvi travmalardan hələ də əziyyət çəkirlər.
29 oktyabr 2019-cu ildə, Oktay Gülalıyevı Bakının mərkəzində piyada keçidində bir maşın vurub. Hadisə nəticəsində o ağır xəsarət alıb, komaya düşüb, bir neçə dəfə əməliyyat olunub.
Bu məqalə dərc olunarkən, o, hələ də ağır vəziyyətdədir və xaricdə müalicə olunmaqdadır.
"Qeyri-döyüş itkiləri"
2013-cü ildə Azərbaycan ordusunda qeyri-döyüş itkilərinə etiraz olaraq Bakının mərkəzində aksiyalar keçirilib və həmin aksiyaların iştirakçıları iğtişaşların təşkilinə görə məhkəmə cəzaları alıb. Məhkumlardan sonuncusu, İlkin Rüstəmzadə yalnız bu il azadlığa çıxıb.
Amma ordudakı korrupsiyadan yazan jurnalist Əfqan Muxtarlı hələ də həbsdədir - o, sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamı əsasında ona kəsilmiş 6 illik həbs cəzasını çəkməkdədir, hüquq müdafiəsi təşkilatları bu ittihamların siyasi sifarişli sayır.
Ekspertlərə görə, Cənubi Qafqazdakı qonşular arasında Azərbaycan ordusu digərlərinə nisbətən daha yaxşı silahlanıb: ən son Qlobal Firepower Index reytinqinə görə o, 137 ölkə arasında 52-ci yerdədir. Digər tərəfdən, səmərəsizlik və korrupsiya onun zəif yeri hesab olunur. Azərbaycan hakimiyyəti və hökumətyönlü media orduda problemlərin olduğunu inkar edir.
Azərbaycan ordusu, 2016-cı ilin aprelində baş vermiş şiddətli döyüşlərdə azərbaycanlı və erməni tərəfindən onlarla insanın öldüyü "dördgünlük müharibədən" sonra da tənqid olunub.
Təqaüddə olan polkovnik İsa Sadıqov deyir ki, həmin dörd günün itkiləri "ölkənin döyüş əməliyyatlarına hazır və qadir olmadığını" göstərdi.
Onun sözlərinə görə, ordudakı korrupsiya və islahatların olmaması onun döyüş qabiliyyətinə təsir göstərir.
Tərtər rayonu (bir il sonra kütləvi işgəncələrin baş verdiyi yer) döyüşən tərəflərin təmas xəttinin məhz yaxınlığında yerləşir.
Ekspert hesab edir ki, "Tərtər işi" komandanlığın 2016-cı ilin aprel döyüşlərində buraxdığı "səhvlərini gizlətmək" istəyindən ortaya çıxıb.
Ermənistanda da həmin günlərdə ordu tənqid olundu, ancaq bu iş orada aprel döyüşlərindən artıq bir aydan sonra yüksək rütbəli hərbçilərin istefasıyla başa çatdı.
İşgəncələr adi praktikadır
Azərbaycanda hüquq müdafiəçiləri 1990-cı illərin ortalarından, yəni indiki prezidentin atası Heydər Əliyevin ölkənin prezidenti olduğu dövrdən bəri, siyasi məhbuslar siyahısını tuturlar.
Gülalıyev deyib ki, "Tərtər işi" üzrə həbsdə olanların da, çox güman ki, bu ilin sonunadək həmin siyahıya düşəcəyi ehtimalı var.
Yerli hüquq müdafiəçiləri işgəncələrin Azərbaycan üçün adi bir hal olduğunu dəfələrlə bildiriblər.
Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndələri 2004-cü ildən bəri Azərbaycana altı dəfə səfər ediblər.
Komitənin keçən il gəldiyi qənaətə görə, "polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən işgəncə və digər qəddarlıqla rəftar formaları ... sistematik xarakter daşıyır, geniş yayılıb və aradan qaldırılmır".
"polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən işgəncə və digər qəddarlıqla rəftar formaları ... sistematik xarakter daşıyır, geniş yayılıb və aradan qaldırılmır".
Komitənin rəyinə görə, eləcə də işgəncə halları çox vaxt araşdırılmır, vəkillər və həkimlər çox vaxt məhbusların yanına buraxılmır.
Azərbaycanda işgəncələr və pis rəftar barədə həbsdə olmuş hüquq müdafiəçiləri, jurnalistlər, siyasi fəallar uzun illər ərzində məlumat veriblər.
Məsələn, 2019-cu ilin fevral ayında Avropa İnsan Hüquqları Məhkəməsi 10 il əvvəl həbsxanada vəfat etmiş jurnalist Novruzəli Məmmədovun yaşamaq və azadlıq hüququndan, vaxtında göstərilməli tibbi yardımdan məhrum olunduğu və qeyri-insani, alçaldıcı rəftarla üzləşdiyi barədə qərar qəbul edib.
"Tərtər işiylə" bağlı, Azərbaycan Hərbi Prokurorluğu işgəncələr haqqında işlərin dinlənildiyi yerli məhkəməyə müraciət etməyi məsləhət gördü.
Sənədlərdə göstərilən Tərtər hərbi məhkəməsi nə yazılı sorğuya, nə də telefon sorğusuna cavab verib.
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) ofisində də suallarımıza cavab vermədilər. 2019-cu ilin oktyabr ayında Müdafiə Nazirliyi və Hərbi Prokurorluğa göndərilən tərkibində suallar siyahısı olan məktublara da cavab almaq mümkün olmayıb.