Azərbaycan bölgədə həm qalibdir, həm də artıq tək deyil... - HƏQİQƏTƏN DƏ...

24-09-2021, 10:35           
 Azərbaycan bölgədə həm qalibdir, həm də artıq tək deyil... - HƏQİQƏTƏN DƏ...
Erməni xalqının başına gələn müsibətlərin əsas səbəbi sözsüz ki, əsrlərdir öz xoşbəxtliyini qonşuluqda deyil, uzaqlarda axtarması, üstəgəl, bu məqsədlə zaman-zaman qlobal güclərin böyük oyunlarında “piyada” olmağa məmnuniyyətlə razı olmasıdır. Nəticədə daima ondan “birdəfəlik əlcək” kimi istifadə edərək, tullayıblar. Pislik də özünə qalıb.

Əfsus ki, bu sadə həqiqət hələ də erməni toplumuna, xüsusən də onun siyasi elitasına, eləcə də “ekspert” camiyəsinə tam çatmayıb. Doğrudur, 20 iyun parlament seçkilərində seçki məntəqələrinə gələn ermənilərin 54%-i müharibədə uduzan Nikol Paşinyanın partiyasına səs verməklə bir növ müharibədən bezdiyini ortaya qoyub. Ancaq o da var ki, bu, ümumi əhalinin - elektoratın cəmi 25%-idir.

Bununla belə, İrəvan rəsmiləri, özəlliklə baş nazir Paşinyan qonşularla anlaşma məsələsində 44 günlük savaşdan sonra da nala-mıxa vurur, sadəlövhcəsinə Qərbdən, Rusiyadan edilən və qayəsində zərrəcə erməni xalqının mənafeyi dayanmayan, çox vaxt isə qonşularla ədavəti qızışdırmağa hesablanmış şirnikəndirici təkliflərə uyurlar. Demək ki, erməni xalqının faciələri hələ davam edəcək. Təəssüf ki, bunu başa düşən ermənilər çoxluqda deyil...

*****

“Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək. Ermənistanın və erməni xalqının bəlalarında türklər, yaxud ruslar günahkar deyil. Başımıza gələnlərin hamısında yeganə günahkar biz özümüzük”.

Bunu erməni siyasi şərhçi Razmik Akopcanyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, müharibəni uduzan hökuməti də məhz erməni xalqının özünün seçdiyini unutmaq olmaz: “İndi boş-boş danışmağın heç bir mənası yoxdur. Düşmən axtarmaq da gərəksizdir. Artıq Ermənistan anlayır ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək”, - deyə o qeyd edib.

Di gəl, erməni siyasilərinin açıqlamalarında, erməni mediasında bu yanaşmaya diametral əks mövqelər müşahidə edilir. Bu da ən əvvəl Qərbdən, özəlliklə ABŞ və Fransadan verilən yalançı siqnallarla bağlıdır. Ancaq gec-tez həmin mərkəzlər də Azərbaycan və Türkiyənin yaratdığı yeni və sərt reallığı qəbullanmalı olacaqlar. Artıq tarixdə qalmış “Qarabağ məsələsi” ilə bağlı Bakıya siyasi təzyiqlər heç bir nəticə verməyəcək. Yox, Azərbaycanı tənha bilib başqa təzyiq vasitələrinə əl atmaq istəsələr, o zaman Şuşa Bəyannaməsi “qaynar başlar” üçün əsl soyuq duş, qlobal güclər üçün sipər rolu oynayacaq.

Xatırladırıq: Ərdoğan və İlham Əliyevin imzaladığı həmin tarixi sənəddə açıq mətnlə yazılıb: Azərbaycana hücum Türkiyəyə, Türkiyəyə hücum isə Azərbaycana hücum hesab ediləcək. Biz hələ nüvə dövləti, qardaş Pakistanın Azərbaycana vəd elədiyi dəstəyi demirik.

Bu xatırlatma sözsüz ki, son vaxtlar yerində rahat oturmayan və müəmmalı şəkildə qurdalanan cənub qonşumuz İran və Rusiya üçün də keçərlidir. Qoy heç kim unutmasın, Azərbaycan indi bölgədə həm qalib dövlətdir, həm də artıq tək deyil...

*****

Fikrimizcə, 1 nömrəli qlobal güc ABŞ da Azərbaycana münasibətdə ədalətsiz, ermənipərəst ritorikasını dəyişməli olacaq. Deyəsən bu yöndə müsbət kövrək gəlişmələr artıq var. Belə ki, sentyabrın 21-də Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Türkiyənin Güney Qafqazda artan rolunu etiraf edib. Nuland Minsk Qrupunun adını çəksə də qeyd edib ki, “dövlət katibi bu proseslərə ciddi şəkildə cəlb edilmiş Türkiyəyə işarə edib ki, ABŞ faydalı olmağa hazırdır”.

Bildirilib ki, Qarabağla bağlı məsələ dövlət katibi Entoni Blinken və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında da müzakirə olunub. “İndi sual yaranır, ABŞ-ın, Minsk Qrupunun digər ölkələrinin və Türkiyənin dəstəyilə sülh və barış prosesinə yol açmaq üçün iki ölkə arasında həm sərhəddə, həm məhbuslara münasibətdə, həm də qalan minalarla bağlı gərginliyin azaldılmasına yardım etmək üçün daha çox iş görmək mümkündürmü”, - Nuland qeyd edib.

O, həmçinin C.Bayramovla görüşdən məmnun qaldığını bildirib və Əfqanıstandan vətəndaşların çıxarılmasında ABŞ-a verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. (Hərgah, yazı hazırlanarkən xəbər gəldi ki, ABŞ Konqresinin Nümayəndələr Palatası növbəti dəfə ermənipərəst konqresmenlərin və erməni lobbisinin “dudkası”na gedərək, Azərbaycan və Türkiyəyə qarşı sənəd qəbul edib. Orada misilsiz erməni həyasızlığı ilə Azərbaycandan “erməni hərbi əsirlərin və mülki girovların dərhal və qeyd-şərtsiz azad edilməsi” tələb olunur, eyni zamanda Pentaqona 6 ay ərzində Azərbaycanın və Türkiyənin “Qarabağa qarşı hərbi cinayətlərini araşdırmaq üçün hesabat hazırlamaq” çağırışı edilir. Görəsən, saxta soyqırımı tanımaqla ABŞ milli maraqları nə qazandı ki, bu sənəddən də nə qazanacaq?..)

*****

“Kimsə Azərbaycana barmaq silkələyə, onu təhdid edə və istiqamət göstərə bilməz. Heç bir güc və ya ölkə Azərbaycanı təhdid edə bilməyəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.

General Qarabağ zəfərinin 1-ci ildönümü ərəfəsində bölgədə yenidən bir hərəkətlənmə yaşandığına diqqət çəkib: “Azərbaycan və Türkiyənin güclənməsini istəməyən ünsürlərin, 10 noyabr bəyannaməsinə ayaq dirəyənlərin, eyni zamanda beynəlxalq aktorların və onların əlaltılarının vəziyyəti gərginləşdirmək yolu ilə hansısa mənfəətləri əldə etmək istədikləri müşahidə olunur. Azərbaycanın Qafqazda regional bir güc kimi son dövrlərdə atdığı addımlar və Türkiyə-Azərbaycan birgə hərbi təlimləri bir çox qüvvələri narahat edib”.

Hərbi ekspert hərbi gücü milli gücün ən önəmli tərkib hissələrindən biri sayır. “Son bir ayda Azərbaycan dövlətinin regional güc olaraq söz sahibi olması və yeni yaranan geosiyasi reallıq baxımından atdığı addımlar, ilk dəfə işğaldan azad edilən Qarabağ torpağında Türkiyə və Azərbaycanın birgə hərbi təlimi, ilk dəfə Azərbaycan, Pakistan və Türkiyənin Azərbaycanda beynəlxalq hərbi təlim keçirməsi, ilk dəfə Xəzər dənizində Türkiyə və Azərbaycanın təlim keçirməsi, Konya və Geliboluda keçirilən hərbi təlimlərdən sonra İstanbulda gerçəkləşdirən ”Texnofest" çərçivəsində ölkələrimizin qırıcı təyyarələrinin Bosfor boğazı üzərində birgə uçuşu və digər fəaliyyətlər başda İran olmaqla, müəyyən dövlətləri qıcıqlandırır. Lakin əvvəllər də qeyd etdiyim kimi, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətləri hansısa üçüncü bir dövlətə qarşı yönəlməyib", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bölgədə sülhün və sabitliyin bərqərar edilməsinin yeganə yolu “Altılıq Platforması” çərçivəsində əməkdaşlıqdır. “Türkiyə və Azərbaycanın bu bölgədə müstəqilliklərini, qardaşlıq münasibətlərini qorumaq və inkişaf etmək üçün bir olmaqdan başqa yolu yoxdur. Bununla bərabər, bölgədən kənarda olan aktorların buraya müdaxiləsi əngəllənməlidir” - türkiyəli general fikrini tamamlayıb.

*****

Təəssüf ki, bölgəyə normal yolla, qapıdan - yəni Azərbaycan və Türkiyə ilə anlaşmaqla girmək əvəzinə, “dal qapı”dan (Ermənistandan), yəni “əyri yolla” soxulub burada öz məkrli planlarını gerçəkləşdirməyə çalışan yabançı güclər də var və qalır. Demək, Bakı-Ankara, Bakı-İslamabad müttəfiqliyi, Bakı-Ankara-İslamabad hərbi-siyasi alyansı yeni sınaqlara hazır olmalıdır...шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.