Qərb Putini tez-tez “öldürür” - psixo-siyasi gediş, yoxsa...

14-06-2022, 08:42           
Qərb Putini tez-tez “öldürür” -
Asif Nərimanlı: “Bu təbliğatın əks-effekti də var, çünki...”

Son aylarda Qərb mediasının Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yaydığı xəbərlərin sayı durmadan artır. Qərb mənbələri intensiv şəkildə Putinlə bağlı ölüm və ağır xəstə olması barədə xəbərlər yayırlar.

Burada məqsəd nədir? Gerçəkdən Putin həyatda yoxdur? Və ya Rusiya prezidenti ağır xəstədir? Onun ömrünə bir neçə ay qalıb? Bu, müharibə aparan ölkənin liderinə qarşı informasiya savaşıdırmı? Yoxsa arxasında başqa məqsədlər var? Qərb bu cür məlumatları Rusiya cəmiyyətinə yeridib, Putini aradan götürməyi planlayır? Xəbərlərdən dolayı bu suallara tez-tez rast gəlirik.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu cür xəbərləri hibrid savaşının tərkib hissələrindən biri sayır: “2022-ci ilin 24 fevral tarixindən bu günədək Rusiya Ukraynada konvensional müharibə aparır. Bu nə ”xüsusi hərbi əməliyyatdır", nə də başqa bir şey. Lakin burada həm də qeyri-konvensional müharibə üsulları istifadə olunur. Ruslar buna “gibridnaya voyna” deyir, yəni hibrid müharibə. Qeyri-rəsmi müharibə doktrinası olaraq qəbul edilən hibrid müharibənin ünsürləri tarixin hər dövründə tətbiq olunsa da, müasir tarix ədəbiyyatına bu “ifadəni” qazandıran və məşhurlaşdıran Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov olmuş və məhz buna görə “birbaşa olmayan” bu müharibə (non-linerar warfare) üsulu “Gerasimov doktrinası” adını almışdı. Bu gün Rusiya Ukraynanın milli təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və bu boşluqlardan faydalanmaq üçün siyasi, hərbi, iqtisadi, sosial, infrastruktur sahələrini əhatə edən geniş bir hibrid müharibə ünsürlərindən istifadə edir. Bildiyimiz kimi, hibrid savaşda həm də informasiyalar savaşır. Bu gün Ukraynaya qarşı Rusiyanın müharibəsi həm də hibrid müharibədir. Lakin bu hələ 2014-cü ildə Krım ilhaq olunandan başlayıb. 2014-cü ildə Rusiya necə “referendum mədəniyyəti” görünümü yaratmışdısa, bugünlərdə rusların işğal etdiyi Xerson şəhərində keçirdikləri “müstəqillik günü” tədbiri də eyni görünümə xidmət edir. Bir sözlə, informasiya savaşı, beyinlərə təzyiq savaşı gedir.

Amma bu işdə Qərb daha ustadır. Öz dəyərlərini və mədəniyyətini, ideologiyasını və təlqin etməyə çalışdığı ideyasını yaymaq üçün informasiya və psixoloji təsir üsullarının tətbiqi texnologiyalarını Qərbdən yaxşı kimsə bilməz. Bu baxımdan Qərbin Putini tez-tez “öldürməsi” də məhz hibrid savaşın tərkib hissəsi olaraq, psixoloji təzyiq olaraq dəyərləndirilə bilər. Burada xüsusilə ingilis və amerikan kəşfiyyatının xüsusi bacarıqları önə çıxır. Məsələn, ingilis xüsusi xidmətinin yaydığı “Rusiya prezidenti Putin, bəlkə də artıq ölüb” başlıqlı xəbərində eyni zamanda yüksək-çinli rus məmurlarının bu xəbəri gizlətdiyi, ictimai tədbirlərdə, hətta 9 may Qələbə paradında Putinin oxşarının “istifadə olunduğu”, yaxud videoların əvvəldən çəkildiyi haqda yazır. Həmçinin Putinin ölümcül xəstə olduğu, yaxud Parkinson və ya şizofreniya kimi xəstəliklərdən əziyyət çəkdiyi ilə bağlı xəbərlər də tez tez Qərb dairələrindən yayılır və qarşımıza çıxır. Krım ilhaq olunmazdan əvvəl də bu tip xəbərlər yayılırdı. Bu xəbəri yayanların düşüncəsinə görə Putinin məhdud, lakin özünə yüksək dərəcədə loyal məmurlar ordusu bu xəbərləri eşidərək çaxnaşmaya məruz qala bilər, ölkə içəridən laxlayar, etirazlar ucalar, yaxud yüksək çinli qərarvericilər Ukraynadakı müharibəni sonlandıracaq radikal addımlar ata bilərlər. Kreml isə bunun fərqindədir və ona görə bu cür iddialara rəsmi cavab verməyə ehtiyac görmür".

Siyasi analitik Asif Nərimanlı bu təbliğatın əks effektlərindən də söz açdı: “70 yaşlı Putinin hansısa xəstəliyinin olması istisna deyil. Lakin Ukraynaya hücumun başlanmasından sonra bu haqda yayılan informasiyalar informasiya müharibəsinin tərkib hissəsidir. Burada medianın öz maraqları var, adətən dünyanın diqqət mərkəzində olan şəxslərlə bağlı bu cür məlumatlar maraqla qarşılanır, bu baxımdan, media dəqiqləşdirmə olmadan belə bu cür iddiaları həvəslə tirajlayır. Qərb informasiya texnoloqları isə bu cür informasiyaların yayılmasını birdən çox hədəfə hesablayır.

Birincisi, Ukraynaya hücum planının Putinin xəstə təfəkkürünün məhsulu olduğunu göstərmək və rus cəmiyyətində “xəstə adam Rusiyanı bataqlığa saldı” rəyini formalaşdırmaq istəyirlər;

İkincisi, bu rəyi formalaşdırmağa çalışdıqları rus cəmiyyətində Putinin işğalçı müharibəsinə etirazı körükləməyə və mümkünsə, onun devrilməsinə nail olmağa çalışırlar;

Üçüncüsü, konspireologiya kimi qəbul edilsə belə, bu informasiyaların Putinə qarşı mümkün sui-qəsd planının bir hissəsi olması da istisna deyil. Çünki “xəstə adam”ın ölümü təbii qarşılana bilər. Hərçənd bu təbliğatın əks-effekti də var, çünki eyni iddianı davamlı tirajladıqda ciddiliyini və marağı itirir, həmçinin qarşı tərəfin əlini gücləndirir. Kremlin artıq adiləşən “xəstə lider” iddiasını rus ictimai rəyində “məğlub edə bilmədikləri Putinə qarşı iddialar” kimi istifadə edir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.