“Bu, Putin üçün pis gün idi” - “O, artıq Alyaskadakı kimi özündən razı gülümsəməyəcək”
Bu gün, 09:44

"Ümumilikdə, bu, Putin üçün pis gün idi, çünki Qərb yenidən birləşdi və ABŞ yenidən onun çevrəsinə qayıtdı".
“AzPolitika” xəbər verir ki, bunu “Politico” nəşrinə adı çəkilməyən yüksək rütbəli Britaniya rəsmisi deyib.
Nəşr qeyd edir ki, avqustun 18-də Avropa liderləri, Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Prezidenti Donald Trampın görüşü zamanı Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) sınaqdan uğurla keçib.
Qeyd olunur ki, Avropa liderləri Vaşinqtona Trampın Zelenskini ədalətsiz və təhlükəli sövdələşməyə məcbur etmək üçün Putinlə birləşəcəyindən narahat olduqları üçün gəliblər: "Beləliklə, liderlər, o cümlədən britaniyalı Keir Starmer, fransalı Emmanuel Makron və almaniyalı Fridrix Merts bütün planlarını ləğv edərək, Zelenskini diplomatik müdafiə ilə təmin etmək üçün Vaşinqtona uçdular”.
Nəşr yazır ki, Avropa liderləri fevralda Ağ Evdə baş vermis Tramp-Zelenski qarşıdurmasının təkrarlamasından qorxurdular. Lakin bu dəfə hər şey fərqli oldu.
NATO-ya üzvlük və Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı suala cavab verən Tramp bildirib ki, hələlik heç bir qərar verilməyib və bu məsələni Avropa liderləri ilə müzakirə etmək lazımdır.
ABŞ Prezidenti həmçinin deyib ki, Avropa ölkələri təhlükəsizlik təminatları baxımından “birinci müdafiə xətti” olacaq, lakin bu, onların tək qalacaqları demək deyil: "Avropa ölkələri yükün əhəmiyyətli bir hissəsini çiyinlərinə alacaq. Biz onlara kömək edəcəyik".
“Politico”-nun da qeyd etdiyi kimi, Trampın Ukraynaya təhlükəsizlik zəmanətində ABŞ-nin də iştirak edəcəyi barədə mövqeyi Avropa liderlərini xeyli sakitləşdirib: “Avropalılar Trampın Ukrayna üçün NATO-ya bənzər təhlükəsizlik sazişinə qoşulmaq barədə sözünü “sıçrayış” kimi qiymətləndiriblər”.
Öz növbəsində, Britaniya rəsmisi “Politico”-ya verdiyi şərhdə qeyd edib ki, sülh üçün "hələ çox uzun bir yol var": “Bununla belə, Putin artıq cümə günü Alyaskada keçirilən sammit zamanı olduğu kimi özündən razı şəkildə gülümsəməyəcək”.
C.Məmmədli
“AzPolitika.info”