Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır
Bu gün, 12:42

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi audit xidmətlərinin satın alınması üzrə 12.03.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub və “GROVV AUDİT AND CONSULTİNG” Qapalı Səhmdar Cəmiyyəti ilə 23.600 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 01.07.2025-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 25.06.2025-ci il, bitmə tarixi 25.07.2025-ci il tarixə müəyyən edilib.
Şərtlər toplusuna görə “GROVV AUDİT AND CONSULTİNG” Qapalı Səhmdar Cəmiyyəti bir ay ərzində “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirməli, müstəqil audit rəyinin verilməsi xidmətlərini aparmalı olub.
Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş audit xidmətləri üzrə keçirilmiş kotirovka sorğusunun ehtimal olunan qiyməti 51.100,00 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “GROVV AUDİT AND CONSULTİNG” QSC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “GROVV AUDİT AND CONSULTİNG” QSC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
İndi gəlin görək “GROVV AUDİT AND CONSULTİNG” haqqında daha nə kimi məlumatlar var və QSC beynəlxalq standartlara uyğun auditi həyata keçirmək iqtidarındadırmı.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GROVV AUDİT AND CONSULTİNG” (VÖEN: 1803794061) Qapalı Səhmdar Cəmiyyətinin 12.01.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 281 600 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, MUXTAR FƏTƏLİYEV , ev.35, m.60, qanuni təmsilçisi kimi isə Abdurahmanov Orxan Əlisəfa oğlu qeyd olunub. MMC kimi fəaliyyətə başlayan şirkət 26.04.2023-cü ildən təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. QSC-nin hazırkı tarixə 35 171.9 manat vergi borcu var.
Qeyd edək ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi də 10.06.2025-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması (01.01.2024-31.12.2024 dövr) üzrə 25.960 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Amma “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfində satınalmalarına portalına 15.08.2025-ci il tarixdə yerləşdirilmiş elanda bildirilir ki, “01.01.2024–31.12.2024 dövrünü əhatə edən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması” ilə bağlı “Grovv Audit and Consulting” QSC ilə bağlanmış müqavilə üzrə xidmətin planlı, vaxtında və səmərəli şəkildə yerinə yetirilməməsi, qarşılıqlı əməkdaşlıq və operativ əlaqə imkanlarının təmin olunmaması, eləcə də müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 30 (otuz) gün müddətində xidmətlərin başa çatdırılması öhdəliyinin yerinə yetirilməməsi (müqavilənin xüsusi şərtlərinin 6 və 7-ci bəndləri, portalın “Çatdırılma müddəti” bölməsi, əsas şərtlər toplusunun Forma 2 – Fəaliyyət cədvəli və xidmətlərə dair tələblər bölməsinə uyğun olaraq) nəzərə alınaraq, göstərilən xidmətlərin icra olunmaması səbəbilə 15 iyul 2024-cü il tarixində Satınalma Komissiyası tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edilmişdir.”
Qeyd edək ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi portalındakı məlumatlara görə “GROVV AUDİT AND CONSULTİNG” QSC 2018-ci ildən etibarən Auditorlar Palatasının üzvüdür. Həmin məlumatda göstərilir ki, beynəlxalq şəbəkələrdə üzvlüyü yoxdur. Təşkilat 28 nəfərdən ibarət işçi heyətinə malikdir. Onlardan yalnız 1-i icazəli auditordur. 9 nəfər beynəlxalq, 5 nəfər yerli sertifikatlara malikdir. Beynəlxalq layihələrdə iştirakı yoxdur.
Belə olan halada, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” “GROVV AUDİT AND CONSULTİNG” ilə satınalma müqaviləsi bağladıqda MMC-nin oxşar xidmətlər üzrə təcrübə forması, təklifin xidmətlərə dair tələblər sənədində qeyd olunan tələblərə cavab verdiyini, təklifin icra metodologiyası və hər hansı digər məlumat daxil olmaqla kifayət qədər təfərrüatlı texniki təklif, son on iki aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə arayış, maddi vəsaitə çıxışın olması barədə məlumat, həmçinin, peşəkarlıq və təcrübəsinin olması barədə təqdim edilmiş müqavilənin tələb olunan nisbətdə icrasını təsdiq edən əsaslandırıcı sənədlər, müqavilənin icrasına cəlb ediləcək işçi heyəti barədə məlumatlar tələb edibmi?
Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, icraçı direktoru Növrəs Qəhrəman oğlu Cəfərovdu.
Aktualinfo.org