Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 10:35

Rusiya-Ukrayna müharibəsi Avropada ciddi siyasi böhranın mövcud olduğunu bir daha nümayiş etdirdi. Bu böhranın bir sıra səbəbləri var. Ancaq ən böyük səbəb Avropada siyasi elitanın monotonlaşmasıdır.
Bu gün Avropa ölkələrinin əksəriyyətində liderlər seçicilərin gözləntilərini doğrultmurlar. Onların strateji vizyonları qlobal çağırışlara adekvat cavab vermir desək, daha doğru olar. Bunun əsas səbəbləri arasında iqtisadi çətinliklər və miqrasiya problemləri dayanır.
Digər tərəfdən, hazırda Avropada yeni siyasi liderlər yetişmir və siyasi institutlar böhran vəziyyətindədir. Trampın prezident seçilməsi ilə bu problem özünü daha qabarıq formada göstərməyə başlayıb. Hazırda Ağ Ev rəhbərinin davranışlarına nəzər yetirdikdə, onun Avropa ölkələrinin liderlərinə sözün əsl mənasında dərs keçdiyini görə bilərik.
Tramp onlara başa salır ki, ABŞ Avropa üçün daha çətir rolunu oynamayacaq. Artıq Avropa liderləri hər şeyə görə pul ödəməlidirlər. Bu da onları çıxılmaz vəziyyətə salıb.
Avropa liderlərinin Vaşinqtonda Trampla görüşü isə bunu bir daha sübuta yetirdi. Belə ki, Trampın hüzurunda olan liderlər özlərini asılı şəxslər kimi aparırdılar. Onlar Trampın hansı addım atacağını, nə deyəcəyini gözləyirdilər. Çünki özləri sərbəst qərar vermək bacarığında deyillər və bütün diqqətləri Trampın ağzından çıxan kəlmələrə yönəlmişdi. Bunu hətta bədən dili mütəxəssisləri də təsdiqləyirlər.
Ancaq bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri zamanı Trampla görüşü xüsusi diqqət çəkir. Belə ki, İlham Əliyev Trampla Oval kabinetdə görüşü zamanı Ağ Ev rəhbərinin “dünyanın lideri” olması ilə bağlı yayılan bütün steriotipləri alt-üst etdi. Azərbaycan liderinin davranışlarında asılılıq və ya kimdənsə nə isə gözləmək hissi yox idi. Əliyevin duruşunda özgüvənlik müşahidə olunurdu. Danışıqlarında isə tam sərbəst və özünə inamlı idi. Bu cür davranış Trampın özünün də diqqətini cəlb etdi və ABŞ prezidenti İlham Əliyevi güclü lider adlandırdı. Bütün bunlar qürurvericidir və Azərbaycanın, onun liderinin dünyadakı nüfuzunun göstıricisidir.
Ancaq görünən odur ki, Avropa lider problemi yaşayır və bu böhran aradan qalxmayana qədər, Qərbin heç bir problemi həll olunmayacaq.
Tahir Turan
Globalinfo.az