Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 10:14

“Qazprom”un baş direktoru Aleksey Miller qaz qovşağı operatorunun idarəçiliyində 2/3 hissənin Ankaraya verilməsi təklifinə baxmayaraq, türk tərəfdaşların marağının az olmasını əsas gətirərək, Türkiyədə qaz qovşağı layihəsinin uğursuzluğunu etiraf edib.
İnsayderlər Miller və Rusiyanın energetika naziri Sergey Tsivilevin layihənin işçi qruplarını ləğv etdiklərini bildirirlər. Layihə “ölü doğulmuş” elan edilib ki, bu da “Qazprom”un Avropa bazarında öz mövqeyini bərpa etmək üçün qapılarını bağlayır.
Rusiya büdcəsinin neft və qaz gəlirləri iyulda 27% (787,3 milyard rubl), yanvar-iyulda isə 18,5% (5,52 trilyon rubl) azalıb. Urals neftinin qiyməti 60,4 dollar/barelə bərabərdir. “Qazprom”un 2025-ci ilin birinci yarısında zərəri 10,7 milyard rubl, gəliri +4% (3,05 trilyon rubl) təşkil edir. Miller islahatlar vəd edərək postunu 2026-cı ilə qədər saxlayacaq.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Putin Türkiyədə qaz habının yaradılmasını təklif edib, Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Tərəflər arasında layihə ilə bağlı danışıqlar gərgin keçib. Bu barədə bir neçə ay əvvəl Qərb mətbuatında da məlumatlar yer almışdı. Bildirilirdi ki, Rusiya əsas təchizatçı imkanından istifadə etməklə qaz habında rəhbərliyə, baş nəzarətçi roluna iddialıdır. Türkiyə isə öz ərazisində yaradılacaq strateji əhəmiyyətli platformaya özü nəzarət və rəhbərlik etmək niyyətindədir. Bundan əlavə, tərəflər arasında ciddi müzakirə olunan daha bir məsələ kimi layihənin maliyyələşdirilməsi önə çəkilirdi. Rusiya rəhbərlik və nəzarət imkanı olmasa, layihənin icrasına vəsait yatırmaq istəmir, Türkiyə isə layihənin yükünü təkbaşına çəkmək imkanında deyil. Digər tərəfdən, Ankara mövcud infrastrukturun yaradılmasına (qaz anbarları, maye qaz terminalları, boru xətləri və sair) çəkdiyi xərcləri əsas gətirməklə layihədən ən çox qazanclı çıxacaq Rusiyanın maliyyələşmədə bərabər iştirakında təkid edirdi. Ekspertlərin hesablamalarına əsasən 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaqdı. Aydındır ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədə regional qaz habının yaradılması Bakının marağında olan layihə idi. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizi Türkiyə ərazisindən keçir, onda bu marağın kifayət qədər iqtisadi əsaslı olduğunu söyləmək mümkün idi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında sanksiyalar səbəbindən bu gün Rusiyanın qazın və neftin ixracında çox da alternativlərə malik olmadığını söylədi: “Rusiyanın Türkiyə qaz habı layihəsindən imtinasının əsasında ilk növbədə siyasi məqsədlərin dayandığını hesab edirəm. Bu layihə icra olunacağı təqdirdə Türkiyənin siyasi mövqeləri regionda daha da möhkəmlənir. Bu da Rusiyanın maraqlarına uyğun gəlmir. Xüsusilə son vaxtlar Rusiyanın Cənubi Qafqazdan yavaş-yavaş uzaqlaşması və Türkiyənin mövqelərinin möhkəmlənməsi Rusiyanın xoşuna gəlmir. Həm də Türkiyənin qaz habına çevrilməsi Rusiyanı qaz ixracında müəyyən qədər asılı edəcək. Çünki bu gün Rusiya Qərbin sanksiyaları altında olduğundan qazın və neftin ixracında çox da alternativlərə malik deyil. Türkiyə qaz habı layihəsi böyük maliyyə tutumludur. Bu layihənin icrası üçün böyük investisiyalar tələb edir. Layihəyə öz ərazisində icra olunduğuna görə Türkiyə özü rəhbərlik və nəzarət etmək istəyir. Amma Türkiyənin öz maliyyəsi ilə infrastruktur yaratmaq imkanı yoxdur. Türkiyə qaz habına qoyulacaq investisiyaları Rusiya ilə bərabər bölüşmək istəyir. Rusiya isə özünün rəhbəri olmadığı layihəyə investisiyalar yatırmaq istəmir və ona görə də layihəni uğursuz adlandırır. Layihə icra olunacağı təqdirdə Rusiya Avropaya ildə 35,8 milyard kub metr qaz ixrac edə biləcəkdi. Həm də bu layihə Rusiya üçün Avropaya qaz ixrac edə biləcək yeganə alternativ idi. Çünki Şimal axını layihəsində qəza baş verəndən sonra qazı ixracı üçün ən perspektivli layihə Türkiyə qaz habının yaradılması hesab olunurdu. Burada layihənin icra olunmasından Rusiyanın çəkinməsinə səbəb olan digər bir məsələ isə regionda Rusiyasız baş verən yeni reallıq olduğunu hesab edirəm. Son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlər çox gərginləşib. Rusiyanın anti-Azərbaycan siyasətinə səssiz qalmayan Ankara Azərbaycana qarşı ehtimal olunan hər bir təzyiqə cavab verməyə hazır olduğunu bəyan etdi. Təbii ki, bu, Rusiyanın Azərbaycana qarşı olan siyasətinə Türkiyə ilə bir olduğumuzun nümayişi idi. Bu baxımdan Rusiya Türkiyəyə böyük investisiyaların yatırılmasından çəkinir və qaz habı layihəsini uğursuz adlandırır”.
İqtisadçı-ekspert Günay Hüseynova bu layihənin uğursuzluğunu Rusiya iqtisadiyyatı üçün böyük itki hesab edir: “Burada mövzunun əsas məğzi Rusiya və Türkiyə arasında olan layihənin uğursuzluqla nəticələnməsi və Azərbaycanın iqtisadi maraqlarına təsirinə ibarətdir. İlk növbədə, məsələyə Rusiya tərəfindən baxsaq layihənin uğursuz olması "Qazprom", həmçinin də Rusiya iqtisadiyyatı üçün böyük itki hesab olunur. Yanvar-iyul aylarındakı statistikasındakı göstəricilərdən də məlumdur ki, Rusiyanın neft və qaz gəlirlərində 18,5% azalma olub, "Qazprom" zərərlə işləyir. Bu layihə çərçivəsində Rusiya Avropada itirilmiş mövqeyini bərpa etməyə çalışsa da, həm gəlirlərinin azalması, həm də geosiyasi səbəblərdən, həmçinin Türkiyə qanunvericiliyinə uyğun olaraq layihədə dəyişiklik Moskvanı geri addım atmağa məcbur etdi.
Azərbaycan iqtisadiyyatı üçün təsir və ya əks-təsirlərə qaldıqda isə ölkəmiz üçün bu layihənin icra olunması, sadəcə, əlavə gəlir mənbəyi və Avropa ilə tərəfdaşlığın daha da möhkəmlənməsi kimi qiymətləndirilə bilər. Azərbaycan nefti onsuz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac olunur. Layihənin ləğvi əslində Azərbaycan üçün böyük bir fürsətdir. Avropada mövqelərinin gücləndirilməsi baxımdan iqtisadi səmərə təşkil edir. Əgər bu hub layihəsində Rusiya kənarda qalarsa, Türkiyə ilə Azərbaycan bu çərçivədə də etibarlı ticari tərəfdaşa çevrilə bilər. Layihənin uğursuz olması enerji qiymətlərinə də öz təsirini göstərəcək".