"Zelenskinin Vaşinqtondakı "sakit qələbəsi" - "The Telegraph"

Bu gün, 00:06           
"Zelenskinin Vaşinqtondakı "sakit qələbəsi" - "The Telegraph"
"Kostyum, məktub və diplomatik məharət..."

Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqton sammitində gözlənilməz diplomatik üstünlük əldə edərək Donald Trampı öz tərəfinə çəkə bilib. Nəticədə isə Rusiya prezidenti Vladimir Putin ilk dəfə son həftələrdə ilk dəfə olaraq çətin vəziyyətə düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Doğru kostyumun mesajı

Fevral ayında Oval kabinetdəki görüşdə Zelenskinin geyimi amerikalılar arasında narazılıq yaratmışdı. Bu dəfə isə o, qara gödəkçə geyinərək həm öz fərdiliyini qoruyub, həm də ehtiram göstərib. Bu seçim təsadüfi deyildi: apreldə Papa Fransiskin dəfn mərasimində də o, eyni libasda görünmüşdü.

Tramp bundan məmnun qalıb. Hətta onu əvvəllər tənqid etmiş jurnalist belə bu dəfə geyimini tərifləyincə, Zelenski zarafatla cavab verib: "Mən dəyişmişəm, Siz isə yox". Zal gülüşə qərq olub və mesaj hər kəsə aydın idi- Zelenski həm öz mövqeyini qoruyur, həm də amerikalı liderə hörmət göstərirdi.

Şəxsi məktubun diplomatik effekti

Zelenski başqa bir addım da atıb - həyat yoldaşının məktubunu ABŞ-ın birinci xanımına çatdırmaq üçün şəxsən Trampa verib. "Bu məktub sizə yox, həyat yoldaşınıza ünvanlanıb", - o, deyib. Tramp isə bu jesti səmimi qarşılayaraq qəbul edib. Nəşrin yazdığına görə, bu jest Tramp üçün şəxsi, emosional dəstək effekti yaradıb və onu Ukraynanın tərəfinə daha çox çəkib.

Diplomatik dönüş nöqtəsi

Sammitin yekunları Ukrayna üçün bir sıra strateji nailiyyətlər gətirib. Əvvəlki Alyaska görüşü ilə müqayisədə bu dəfə Avropa və Kiyev ciddi mövqelər qazanıb. Zelenski Trampı inandıra bilib ki, məqsədi sülhə mane olmaq deyil, sülh yaratmaqdır, halbuki Tramp onu əvvəllər əksinə günahlandırmışdı.

Ən böyük irəliləyiş isə Trampın ilk dəfə olaraq ABŞ qoşunlarının təhlükəsizlik zəmanəti üçün göndərilməsini tamamilə istisna etməməsi olub. O, deyib: "Avropa ön xəttdədir, çünki onlar oradadır, amma biz də kömək edəcəyik. Biz də iştirak edəcəyik".

Bundan əlavə, Tramp Zelenski ilə Putin arasında görüşün hazırlanmasına start verdiyini təsdiqləyib. Bu görüşün özü belə Putinin Zelenskini legitim dövlət başçısı kimi qəbul etməsini şərtləndirəcək ki, bu da Moskvanın ürəyincə deyil.

Putinə qarşı təzyiqin artması

"The Telegraph" qeyd edir ki, bu dəfə Putin seçim qarşısında qalın: ya prosesi pozaraq günahkar tərəfə çevriləcək, ya da oyunda qalaraq Zelenskinin mövqeyini tanımalı olacaq. Hər iki halda, bu, Kiyev üçün üstünlük deməkdir.

Sammitin yekunları

Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak görüşü "çox detallı və açıq söhbət" kimi xarakterizə edib. Onun sözlərinə görə, Zelenski də etiraf edib ki, bu, ABŞ prezidenti ilə indiyə qədərki ən yaxşı görüş olub. Tramp isə Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməli olduğunu şəxsən təsdiqləyib və bunun üzərində işə sabahdan başlanacağını bildirib. Beləliklə, Vaşinqton sammiti Ukrayna və Avropa üçün "sakit, lakin mühüm diplomatik qələbə" kimi tarixə düşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru