“Clear” otel və şadlıq sarayında nələr baş verir? – FAKTLAR
12-05-2015, 10:16
Eyniadlı otel və şadlıq sarayında dəhşətli nöqsanlar mövcuddur
Ramiz Həsənovun təyin etdiyi standartlar iş adamı Fəxrəddin müəllim üçün əhəmiyyətli deyil
Dövlət tərəfindən sahibkarlığın inkişafına dəstək göstərilməsi müsbət hadisədir. Təsadüfi deyil ki, ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar öz nəticəsini verib. Bəzi iş adamları isə nədənsə yaradılan şəraitdən başqa məqsədlər üçün istifadə edirlər. Onlar qeyri-qanuni yollara üz tutub gəlirlərini artırırlar. Həmin şəxslərin pul qazanmaq istəyi bir çox hallarda qanun pozuntuları ilə müşayiət olunur.
Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarında paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən “Clear” otelində baş verən xoşagəlməz hadisələr, o cümlədən obyektin sahibi Fikrət və Fəxrəddin qardaşlarının həyata keçirdikləri özbaşınalıqlar haqda geniş məlumat vermişdik.
Qeyd edək ki, həmin yazılarda əsas diqqəti “Clear” otelində cərəyan edən əxlaqsızlığa çəkmişdik. Apardığımız yeni araşdırmalar nəticəsində məlum oldu ki, hotellə yanaşı, “Clear” şadlıq sarayında da müxtəlif neqativ məqamlar mövcuddur. Ən böyük qanunsuzluq isə vergi məsələləri ilə bağlıdır. Məlum olduğu kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün şəxslər dövlətə hər rüb qazandığı gəlirin müəyyən hissəsini vergi şəklində keçirməlidir. Fikrət və Fəxrəddin qardaşları kimlərinsə himayəsinə güvəndiklərindən vergidən yayınırlar. Etibarlı mənbələrdən aldığımız məlumatlarda “Clear” otelinin və şadlıq sarayının dövlətə külli miqdarda borcunun olduğu qeyd edilir: “Bu borc illərdən bəri yığılıb qalıb. Vergilər Nazirliyinin əməkdaşları obyektin müdiriyyətinə borclarını ödəməsi barədə dəfələrlə xəbərdarlıq edib. Hətta bir neçə dəfə cərimə də müəyyən olunub. Buna baxmayaraq, otelin rəhbərliyi qanunlara qarşı sayğısızlıq edir. Ancaq onlar bilmir ki, dövlətə vergi ödəməkdən boyun qaçıran şəxslər üçün qanunvericilikdə müxtəlif cəzalar nəzərdə tutulub. Şadlıq sarayında ay ərzində 15-dən artıq toy məclisi təşkil edilir, amma bu vergi orqanlarından gizli saxlanır.
Digər tərəfdən, şadlıq evində işləyən ofisiantların, qabyuyanların, süpürgəçilərin, nəzarətçilərin heç birinin əmək müqaviləsi və sosial sığortası yoxdur. Obyektin sahibi həmin işçiləri günəmuzd işlədib qanunları kobud şəkildə pozur. Nəticədə, həm insanların əmək hüquqları tapdalanır, həm də müəyyən miqdarda vəsait büdcədən yayındırılır”. Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə il əvvəl “Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartını təsdiq edib.
Bu standartlara əsasən sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı (avanzal), bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə aid olan məsələlər də əsas yeri tutur. Belə ki, şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Standartda xidmət göstərən heyətə də ciddi tələblər müəyyənləşdirilib. Buna əsasən mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərinin olmadığı haqda arayış təqdim etməlidirlər. Sarayda çalışan administrator, süfrəçi, barmen, somelye, aşpazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır. Araşdırmalara görə, “Clear” şadlıq sarayında qeyd olunan tələblərin demək olar ki, heç birinə əməl edilmir. Bu standartlara tam riayət etmək üçün şadlıq evində rekonstruksiya işləri aparılmalıdır: “Şadlıq evinin rəhbərliyi qanunları pozmağı əlavə xərcə düşməkdən üstün tutur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri standartların pozulduğu şadlıq evində nədənsə yoxlama aparmır”. Obyektin otel hissəsində daha biabırçı vəziyyət hökm sürür. Etika naminə bəzi məqamları açıb-ağartmaq istəmirik. İstənilən halda, artıq “Clear” otelinin yaxınlığındakı binalarda yaşayan sakinlər mövcud duruma dözüm nümayiş etdirə bilmirlər.
Bu nə vaxtsa öz fəsadını göstərəcək. Otelin müştərilərinin arasında yüngül əxlaqlı qızların üstünlük təşkil etməsi bir çox məqamlardan xəbər verir. Sirr deyil ki, son zamanlar Bakıdakı otel və istirahət mərkəzlərinin əksəriyyəti təyinatını dəyişib əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Biz tam arxayınlıqla deyə bilmərik ki, sözügedən oteldə gənc qızlar cinsi istismara məruz qalır və sair. Bura Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Yəqin ki, nazirlik rəsmiləri lisenziya verməmişdən əvvəl obyektdə yoxlama tədbirləri aparıblar. Amma necə apardıqları çox maraqlıdır.
Odur ki, nazir Əbülfəs Qarayev bəzi işçilərini bu obyektə səfərbər etməlidir. Bu arada, qeyd edək ki, Fəxrəddin adlı iş adamının adı bir neçə il öncə beynəlxalq cinayətdə hallandırılıb. Məlumata görə, bir neçə il öncə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində İrana nüvə yanacağı istehsalı üçün xammal – uran maddəsi keçirən dəstə ifşa edilib. Lakin dəstənin bütün üzvləri məsuliyyətə cəlb olunmayıb. Bu hal isə dəstənin yüksək səviyyəli məmurlardan biri tərəfindən himayə olunması ilə izah edilir. Məlumatlara görə, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun dönəmində həbs edilən dəstənin üzvlərindən biri də Fəxrəddin adlı iş adamı olub. Məlumatlarda həmçinin qeyd edilir ki, Fəxrəddin və onun Fikrət adlı qardaşı təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər: “Proses isə bu cür aparılıb.
Hər dəfə Fəxrəddin Ermənistan ərazisində girov qalıb. Fikrət adlı digər qardaş isə nüvə materiallarını Ermənistan tərəfə ötürdükdən sonra Fəxrəddin girovluqdan buraxılırmış. Bunun müqabilində isə qardaşlar milyonlarla vəsait əldə ediblər. Fəxrəddinin həbsdən çıxmasında onu müdafiə edən məmurun böyük rolu olub”. Vergilər Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları adıçəkilən otel və şadlıq sarayında dərhal yoxlama aparmalıdır. Biz əminik ki, araşdırma aparılsa, xeyli qaranlıq məsələlər aydınlaşa bilər.
Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.
bizimxeber.az