Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı

Bu gün, 10:52           
 Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan və Azərbaycan arasında regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yolundan danışılır. Məqbul həll yolu necə ola bilər?

- Kommunikasiyaların açılması sülh prosesində əsas meyarlardan biridir. Ermənistan və Azərbaycan bir-birinə lazım olan kommunikasiya xətlərini açmalıdır. Burada xüsusi şərtlər Azərbaycandan Naxçıvan gediş-gəlişdə tətbiq oluna bilər. Digər istiqamətlərdə isə ümumi beynəlxalq qanunlara uyğun qaydaların tətbiqi mümkündür. Çünki Zəngəzur dəhlizi fərqli bir məqsəd daşıyan kommunikasiya xəttidir. Digər ölkələr buradan istifadə edərkən adi prosedur qaydalarından keçməlidir.

- Son günlər isə erməni tərəfi Qazax-İcevan xəttinin açılmasını önə çəkir...

- Bu yolun Azərbaycan üçün məqbul olub-olmaması önəmlidir. Bakı ümumiyyətlə regional kommunikasiyaların açılmasını istəyir. Bu, qarşılıqlı olaraq istifadə prinsiplərini ehtiva edir. Fərqli amil isə odur ki, Azərbaycanın iki hissəsi arasında olan dəhliz xüsusi rejimdə işləməlidir. Başqa xəttlər üzrə isə qarşılıqlı şərtlər əsasında gediş-gəliş mümkündür. Azərbaycan Rusiya və Gürcüstanla bu cür kommunikasiya əlaqələrinə malikdir.

- Kommunikasiya xətlərinin açılması təhlükəsizlik məsələsini də gündəmə gətirir. Dəhlizdə hansı qaydalar tətbiq edilə bilər?

- Burada iki əsas mövzu var. Bu, post-konflikt dövründə təhlükəsizlik və əhalinin açılacaq kommunikasiya xətlərindən istifadəsidir. Digər mövzular isə iqtisadi amillərlə bağlıdır. Naxçıvana gediş-gəliş maneəsiz olmalıdır. Azərbaycandan Naxçıvana gedən heç bir şəxs Ermənistan tərəfindən gömrük və vergi yoxlanışından keçməməlidir.

- Konfidensiallığa görə sülh müqaviləsinin həll edilməyən iki bəndi açıqlanmır. Amma İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verərkən hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən bəhs etmişdi. Sizcə, həll edilməsi müşgül olan həmin o iki məsələ nədən ibarətdir?

- Məntiqə görə, bu tərəflərin beynəlxalq qurumlarda müxtəlif iddialar irəli sürməsi ilə bağlıdır. Beynəlxalq məhkəmələrdə tərəflər qarşılıqlı olaraq iddialar qaldırıb. Beynəlxalq məhkəmələr isə normal qərar qəbul etmək iqtidarında deyil. Bu halda isə qarşılıqlı iddialar iki variantda həll oluna bilər. Tərəflər müzakirələr apararkən həmin məsələlər üzərində hansısa razılığa gəlməlidir. Razılıq olmasa məhkəmələrdə həmin iddialar qalacaq. Təklif edilir ki, Azərbaycan və Ermənistan buna riayət etsin. Bu təzminat və ayrı-ayrı vətəndaşların Ermənistana qarşı iddiaları ilə bağlıdır. Digər bir məsələ ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Azərbaycan yenidən Minsk Qrupu ilə işləmək istəmir. Çünki problem həll olunub.

- Erməni tərəfinin hər iki iddiadan əl çəkməsi nə dərəcədə real görünür?

- Sözsüz ki, bu Ermənistanda problem yaradır. Paşinyanın başçılıq etdiyi partiyanın Qarabağa aid “şüarı” da var idi. Bu, "sağ qalmaq üçün, ayrılmaq" kimi absurd ideyadır. İndi isə onlar hərbi vasitələr işə yaramadığına görə, siyasi üsullarla anneksiya, işğal siyasətini davam etdirmək istəyir. Hətta iddia edirlər ki, bu ərazi məsələsi yox, insan hüquqları mövzusudur. Bundan Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Ermənistan konstitusiyası və digər qanunlarında olan əsassız iddialar onlara bu məsələdə "təkan" verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.