Azərbaycanda elektromobil qiymətləri - SİYAHI

22-11-2024, 09:14           
Azərbaycanda elektromobil qiymətləri - SİYAHI
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 592 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib.
Bu avtomobillərin dəyəti isə 104 milyon 237 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu miqdar baxımından 167 ədəd (6,9%), dəyər baxımından isə 5 milyon 938 min ABŞ dolları (6,04%) çoxdur.

Azərbaycan bazarında müxtəlif elektrik mühərrikli avtomobil modelləri mövcuddur. Qiymətlərə baxsaq görərik ki, Çin istehsalı elektrik avtomobilləri daha aşağı qiymətədir. Qiymətlər təxminən 30 000 - 70 000 manat arası dəyişir. Həmçinin avtomobilin əlavə xüsusiyyətləri, idxal xərcləri və vergilərdən asılı olaraq da qiymət arta və ya azala bilər. Ölkəyə gətirilən elektrikli avtomobillərin çoxu Çin və Avropa ölkələrindən olduğu üçün qiymət fərqləri mövcuddur.

"Operativ Media" Azərbaycanda satılan bir neçə elektrikli avtomobil modellərinin qiymətlərini araşdırıb:

1 Changan Qiyuan A05 33 660 AZN

2 BYD Qin Plus 26520 AZN

3 Changan Qiyuan 33660 AZN
A06

4 Skywell ET5 76000 AZN

5 Zeekr 001 60000 AZN

6 BMW i4 M50 143070 AZN

7 Volkswagen ID.6 53350 AZN

8 BYD HAN 66500 AZN

9 Volkswagen ID.6 47 922 AZN

Nəqliyyat eksperti Aslan Əsadov qiymətə təsir edən əsas amilin vergi olduğunu bildirib:

“Vergi güzəştləri və dövlət dəstəyi (vergi azadlığı və ya idxal güzəştləri) səbəbindən, bəzi elektrikli avtomobillərin qiymətləri bazarda daha cəlbedici ola bilər. Hər bir ölkə idxal etdiyi vasitəni çalışır ki, ucuz əldə etsin. Bunun üçün də dövlət həmin şirkətləri və ya şəxsləri dəstəkləməlidir. Vətəndaş məhsulu idxal edərkən müəyyən güzəştlər də əldə etməlidir. Nəqliyyat vasitəsi üçün müəyyən güzəştlər avtomobilin qiymətinə də təsir edir. Qiymətlərin enməsi üçün bu kimi addımlar daha vacibdir.

Elektrik avtomobillərinin idxal olunma zamanı, daxili gömrük bəyannaməsi və ya ixrac bəyannamələrinin təqdim edilməsi zamanı müəyyən güzəştlərin edilməsi labüddür. Bu, həmin avtomobillərin qiymətlərinə önəmli təsir göstərir”.

Qeyd edək ki, bundan əlavə, hesabat dövründə Azərbaycana 314 milyon 456 min ABŞ dolları dəyərində 12 529 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Həmçinin sözügedən dövr ərzində ölkəyə 205 milyon 693 min ABŞ dolları dəyərində 6 457 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.