Cənubi Qafqaz uğrunda savaş: kimlər nə istəyir? – “Qordi düyünü”
14-09-2022, 17:29

Cənubi Qafqazda nüfuz uğrunda gedən savaş dünyanın digər bölgələrində gedən mübarizələrdən tamamilə fərqli və çoxgedişli kombinasiyalara malikdir. Ona görə də bölgədə nüfuz uğrunda gedən savaş getdikcə daha da intensiv xarakter almaqla yanaşı, daha mürəkkəb mərhələyə qədəm qoyacaq. Cənubi Qafqaz ənənəvi oyunçular üçün “Qordi düyünü”nə bənzəyir. Hansı güc bölgəyə sahib olacaqsa, həmin güc də demək olar ki, Asiya qitəsinin sahibi olacaq. Bu baxımdan heç bir gücün marağı digəri ilə uzlaşmır. Demək olar ki, hər bir güc bölgədə mütləqi hakim qüvvə olmaq istəyir.
Bölgədə gedən proseslərdə isə bir çox məqamlarda paradoksal hallar da baş verir. Bir sıra məsələlərdə bir-birinə daban-dabana zidd olan güclər eyni mövqe sərgiləyir.
Bütün maraqlı güclərin yalnız bir məsələdə mövqeyi üst-üstə düşür. Azərbaycanın bölgədə dominant gücə çevrilməsinə və Türkiyənin Cənubi Qafqaza nüfuz dairəsinin genişlənməsinə imkan verməmək…
Biz bir daha bunun İrəvanın 12-13 sentyabrda Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı da şahidi olmaqdayıq. Baxmayaraq ki, İrəvan bütün beynəlxalq hüquq normalarını pozaraq hərbi təxribat törədib, amma Tehran, Vaşinqton və Paris 30 ildə olduğu kimi yenə də verdikləri bəyanatlarla, sərgilədikləri mövqelərlə erməniləri dəstəkləyərək, onların hərəkətinə haqq qazandırmağa çalışıblar. Məqsəd isə aydındır. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün təmin olunmasının qarşısını almaq, sülh prosesinin imzalanmasına nail olmaqdır. Bu məsələdə də İrəvandan bir alət kimi istifadə olunur. Amma ermənilər onu da unudur ki, onlara təhlükə nə Azərbaycandandır, nə də Türkiyədən. Təhlükə ilk növbədə özlərinin “erməni xəstəliyi”ndən xilas olub, qonşu ölkələrə ərazi iddialarından əl çəkə bilməməsi və bundan da irəli gələrək xarici güclərin əlində alətə çevrilmələridir. Çünki hələ zamanında amerikalı geostrateq Zbiqnev Bjezinski deyib ki, Türkiyədən Ermənistana təhlükə yoxdur.
“Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib. Çünki Türkiyədən Ermənistana heç bir təhlükə yoxdur”- Bjezinski qeyd edib.
Odur ki, ermənilər bunu nə qədər tez anlayıb, yanlış mövqedən əl çəkərlərsə, o zaman həm bölgədə sülh olacaq, həm də onlar bu coğrafiyanın əbədi sakinləri…
Mürtəza Bünyadlı
Ölkə.Az