Rusiya səfirini niyə göndərir? - “Hamı öz “oyunu”nu bu prosesin üzərində qurur”

14-09-2022, 17:38           
Rusiya səfirini niyə göndərir? -
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün sentyabrda Bakı və İrəvana müntəzəm səfərlər edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar belə deyib.

“Sülh müqaviləsinin hazırlanması mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək üçün səylərimizdə mühüm yer tutur. Rusiya üçtərəfli razılaşmaların həyata keçirilməsi üçün Bakı və İrəvana bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Müvafiq idarələr və sülhməramlıların komandanlığı vasitəsilə ən yüksək səviyyələrdə bütün müvafiq təmaslar müntəzəm xarakter daşıyır”, - deyə Qonçar qeyd edib.

O xatırladıb ki, bu səylərə sistemli və məzmunlu xarakter vermək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndə funksiyalarını xüsusi tapşırıqlar üzrə səfir Xovayevə həvalə edib. “Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsinin razılaşdırılmasını asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün müntəzəm olaraq Bakı və İrəvana səfər edir. Onun bölgəyə növbəti səfərləri bu ay baş tutacaq”, - deyə Qonçar bildirib. DİA.AZ xəbər verir ki, Rusiyanın təşəbbüsünü Cebhe.info-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan ümumi mövqeyə malik olmadığına görə, sülh müqaviləsindən danışmaq real görünmür.

“Sülh sazişi bir növ standart sənəddir. Beynəlxalq təcrübədə onun əsas prinsipləri ənənəvi olub. İndi söhbət başqa məsələdən gedir. Ermənistanın istəyi bu və ya digər şəkildə Qarabağ məsələsini həll olunmamış münaqişə kimi göstərməkdən ibarətdir. Bu da Azərbaycan tərəfindən qəbul olunmayacaq. Ona görə də ortaya yeni mövqe qoymaq mümkün deyil. Ermənilər istəyirlər ki, istənilən yeni sənəddə Ermənistanın bu mövzuda iştirakını təmin etsinlər. Onlar əvvəl Minsk Qrupunun vasitəsilə buna nail olmaq istədilər. İndi isə bu iddialarını sülh sazişi vasitəsilə təmin etsinlər. Ancaq status məsələsi həll olunmayacaq. Çünki Azərbaycanın və Ermənistanın mövqeyi fərqlənir. Ona görə də burada ortaq diplomatik mövqe axtarmaq əbəsdir. Sadəcə olaraq, Xovayevin Azərbaycana və Ermənistana səfəri Rusiyanın varlığını xatırlatmaq məqsədi daşıyır”.

Diplomat hesab edir ki, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər bölgədə artan geosiyasi rəqabətdən Ermənistanın bəhrələnmək cəhdi ilə bağlıdır:

“Artıq Ermənistan siyasi elitası başa düşür ki, Rusiyanı digər supergüclə əvəz etmək lazımdır. Böyük ehtimalla Rusiya Ukraynadakı müharibədən sonra Cənubi Qafqazda mövqelərini itirəcək. Hazırda hamı öz “oyunu”nu bu prosesin üzərində qurur. Bu təxribatların məqsədi Azərbaycan-Ermənistan sərhədinə geopolitik baxımdan yeni güc gətirməkdən ibarətdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru