Rus sektorunun tələbəsi: "Mən Azərbaycan dilini sevmirəm, bu dildə danışmağı xoşlamıram"
16-09-2022, 08:43
Teref.az olaraq sosial şəbəkədə ictimai maraq doğuran bu məsələni oxucuların mühakiməsinə vermək qəırarına gəldik:
Bəlkə də şübhə edəcəksiniz ki, görəsən Azərbaycanda bu ifadəni işlədəcək gənc varmı?
Məndə şübhə edərdim. Ancaq bu gün qarşılaşdığım hadisə bütün şübhələri aradan qaldırdı və artıq mənə agah oldu ki, Azərbaycanın çörəyini yeyib, dilini, tarixini, mentalitetini, mədəniyyətini bəyənməyən dırnaqarası "gənclər" var.
Məsələ belə cərəyan etdi: Günortadan sonra rus sektorunda tarix müəllimliyi ixtisasında təhsil alan bir neçə Universitet tələbəsi ilə söhbət edirdim. Bu məqamda həmin oğlanların qız qrup yoldaşı yaxınlaşıb rusca onlara nəsə dedi. Təbii ki, bu məni əsəbləşdirdi. Ona görə ki, əgər hər kəs Azərbaycan dilində başa düşürsə, nəyə görə rus dilində danışmalıyıq? Axı bura Rusiya deyil, Azərbaycandır. Daha sonra aramızda aşağıdakı dialoq baş verdi:
Anar Salehoğlu: Xanım Azərbaycan dilində bilmirsiniz?
Qız tələbə: Bilirəm
Anar Salehoğlu: O, zaman nəyə görə hər kəs Azərbaycan dilində başa düşdüyü halda, qrup yoldaşlarınıza rus dilində müraciət edirsiniz?
Qız tələbə: Xoşlamıram
Anar Salehoğlu: Nəyi xoşlamırsınız?
Qız tələbə: Azərbaycan dilində danışmağı xoşlamıram, ümumiyyətlə Azərbaycan dilini sevmirəm.
Anar Salehoğlu: Xanım siz nə danışırsınız? Azərbaycanlı olasan, bu vətənin çörəyini yeyəsən həm də Azərbaycan dilini sevməyəsən?! Mən sizi Azərbaycan vətəndaşı hesab etmirəm, siz buna layiq deyilsiniz!
Beləcə dialoq sonlandı, qız tələbə heçnə demədi və getdi.
Əziz həmvətənlər belə halların baş verməsi Azərbaycan gəncliyinin adına xələl gətirir. Bu kimi gənclər harada yetişdiriliblər, kimlərdən tərbiyə alıblar? Əgər bir gənc öz doğma dilinə qarşı bu cür münasibət bəsləyirsə hər hansısa parlaq gələcəkdən söz açmaq olarmı, buna mənəvi haqqımız çatırmı?
Bunun hamısı gənclərin bağçadan və orta məktəbdən rus təfəkkürü ilə yetişdirilməsinin nəticəsidir. Azərbaycan övladlarının təməlini rus dili ilə qoymaq, rus təfəkküründə böyütmək, rus dilində tərbiyə etmək onları milli kimliklərindən uzaqlaşdırır, manqurtlaşdırır. Yuxarıda qeyd olunan hadisə bunun bariz nümunəsidir. Vəziyyətin daha da mənfiyə doğru getməsinin qarşısını almaq lazımdır. Proseslər belə davam edərsə, sonu heç yaxşı olmayacaq!
Anar Salehoğlu
İctimai-siyasi fəal
Teref.az