Azərbaycanla Ermənistan arasındakı son gərginliyin digər səbəbləri var - İNCƏLƏMƏ...
16-09-2022, 11:58
“Regionda baş verən gərginliklər yalnız Azərbaycan və Ermənistanla bağlı deyil. Bu məsələ bizim sərhədlərimizi aşır. Məsələ ondadır ki, Türkiyə-Azərbaycan münasibətləri Türkiyəni bölgədə gücləndirir. Amma həm Qərb, həm də Rusiya Türkiyənin bölgəsəl gücə çevrilməsini istəmir. Son günlər müşahidə etdiyimiz gərginliyin bir səbəbi bununla bağlıdır”. TEREF.AZ xəbər verir ki, bunu Reyting.az-a Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan-Ermənistan sərhəddində baş verən son gərginlikdən danışarkən bildirib.
Gərginliyə səbəb olan digər məsələlərə gəldikdə, S. Cəlaloğlu deyib:
“Rusiya çalışır ki, Qarabağ məsələsi yalnız onun nəzarəti altında həll edilsin. Bu dövlət Avropa İttifaqının və Qərbin Cənubi Qafqazda hansısa formada iştirakını istəmir və məsələləri öz xeyrinə həll etməyə çalışır. Bu səbəbdən də Brüssel görüşünün nəticələri ilə razılaşmadı, nəticələri sıfırlamaq məqsədilə Nikol Paşinyana göstərişlər verdi”.
ADP sədrinin fikrincə, erməni cəmiyyəti 44 günlük müharibədən sonra depressiyadan çıxa bilmirdi. “Ancaq Azərbaycanın dəvətinə baxmayaraq, ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi, erməniləri həvəsləndirən digər addımların atılması, Xankəndi şəhərindəki separatçılara maliyyə yardımının ayrılması və başqa davranışlar ermənilərdə ABŞ-ın vasitəsilə Qarabağı qopara biləcəklərinə inam yaradıb”, - deyə S. Cəlaloğlu əlavə edib.
Partiya sədri gərginliyə üçüncü səbəb kimi Brüssel görüşündə ermənilərin formal iştirakını görür: “Onlar gösləyirdi ki, Brüssel danışıqlarının gündəminə Qarabağ məsələsini gətirə biləcək və bu dəfə də Avropanın əli ilə Qarabağı almağa cəhd edəcəklər. Məhz bu görüşdən sonra Paşinyan elan etdi ki, İlham Əliyev Qarabağın Azərbaycanın daxili işi olduğunu və Ermənistanla müzakirə edilməyəcəyini açıqladı. Brüsseldən İrəvana qayıdan Paşinyan dərhal qondarma respublikanın ildönümünü təbrik etdi. Bu da onu göstərirdi ki, İrəvan Brüsseldə məqsədlərinə çatmayıb və açıq-aşkar danışıqlardan çıxmaq üçün bəhanə axtarır. Bu tərəfdən də Rusiya münaqişənin uzadılmasına çalışırdı. Odur ki, maraqlar üst-üstə düşdü və gərginlik yarandı”.
S. Cəlaloğlunun fikrincə, münaqişəyə digər səbəb Ermənistanın Brüssel görüşündən çıxmasına bəhanə axtarması və Rusiyanın Avropa İttifaqını regiona buraxmamaq istəyidir: “Amma ümumilikdə məqsədlərdən biri də Türkiyəni bölgədə zəiflətməkdir. Bu prosesdə Rusiyanın, Avropanın və ABŞ-ın maraqları üst-üstə düşür. Ümumilikdə burada çoxlu məqsədlər var”.
Professor Firudin Cəlilov da son hadisələrdə Rusiyanın əli olduğunu düşünür. F. Cəlilov Reyting.az-a açıqlamasında bildirib ki, Ukraynada əzilən və reytinqi aşağı düşən Rusiya Qafqazda gərginlik yaratmağa və regiona əlavə ordu gətirməyə çalışır. Başqa sözlə, ruslar Qafqazdan getmək istəmir.
Professor diqqətə çatdırıb ki, Rusiyanın Azərbaycan ərazisində sülhməramlı kontingenti, Ermənistanda hərbi hissəsi və bu ölkədə agentura şəbəkəsi var: “Bəyəm onlar bilmir ki, atəşi ilk dəfə kim açıb? Çox yaxşı bilirlər ki, Azərbaycan təxribata məruz qalıb. Ancaq həqiqəti demək istəmirlər. Bu da o deməkdir ki, atəşkəsin pozulmasında Rusiyanın marağı var. Düşünürəm ki, son gərginlik Rusiyanın növbəti oyunlarından biridir”.
F. Cəlilov əlavə edib ki, hazırda Ermənistanda baş nazir N. Paşinyanı devirmək cəhdləri müşahidə olunur: “Proseslərin belə istiqamətdə getməsi isə Rusiyaya sərf edir. Paşinyan da qalıb iki daşın arasında - Fransa və Rusiyanın. Putin onu cəzalandırmaq üçün gərginliyin olmasına çalışır.
Son qarşıdurmadan sonra Ermənistan KTMT-yə müraciət etdi, amma xeyiri olmadı. Ola bilsin, sonra ruslar deyəcək ki, KTMT gəlmədi, biz gələk. Mümkündür ki, indi başqa formatda gəlməyə çalışır”.
Professor son sərhəd qarşıdurmasında Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini də xatırladıb: “Belə məlum olur ki, sərhəd boyu Ermənistan ordusunun silah-sursatına, texnikasına, müdafiə-göztəçi məntəqələrinə zərbələr endirilib. İlkin məlumatlara görə, 500 milyon dollarlıq texnika və silah sıradan çıxarılıb, az-çox qurduqları infrastruktur məhv edilib. Sözsüz ki, bu, erməni ordusuna böyük zərbədir. Sərhəddə darmadağın edilən texnika və infrastrukturu qurmaq üçün ermənilərə uzun zaman lazımdır”.