Ukraynada müharibəni bitməyə kim qoymur - Kreml, yoxsa...

17-11-2022, 09:38           
Ukraynada müharibəni bitməyə kim qoymur - Kreml, yoxsa...
Moskva Kiyevi ittiham edir ki, danışıqlardan qaçırlar, NATO ölkəsi Polşaya raket hücumu isə savaşı daha da alovlandırır - rus ordusunu yorub əldən salana və şil-küt edənə qədər...

Cəmi üç ay sonra Rusiya-Ukrayna müharibəsinin başlamasının bir ili tamam olacaq. Rus ordusunun fevralın 24-də hücumu başlayanda rəylər belə idi ki, bu müharibə iki-üç aydan artıq çəkməyəcək. Ancaq qanlı savaş 9 aydır davam edir, Ukraynanın bir çox əraziləri dağıdılıb, Luqansk, Donetsk vilayətləri Rusiyaya ilhaq edilib...

Hətta bu ərazilərin ilhaqından sonra Rusiyanın müharibəni dayandırmaqda, danışıqlara başlamaqda maraqlı olduğuna dair proqnozlar səslənirdi, amma vəziyyətin buna doğru getdiyini demək olmur. “Yeni Müsavat” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiya ilə Ukrayna arasında danışıqlara zəmin hazırlaması barədə məlumatlara münasibət bildirib. Deyib ki, Ukraynanın tələbləri adekvat deyil. Onun sözlərinə görə, Ukrayna qeyri-real şərtlər irəli sürüb: “Zelenskinin G-20-dəki çıxışından belə çıxır ki, o, Rusiya ilə danışıqlarla bağlı Qərbin heç bir məsləhətinə qulaq asmır. Rusiya Qərbin Zelenskini intizamda saxlamaqda maraqlı olduğuna dair konkret sübutlar görmək istəyir”. Lavrov onu da bildirib ki, Ukrayna danışıqlardan nə qədər çox müddət imtina etsə, razılaşmaq bir o qədər çətin olacaq: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir. Danışıqlardan imtina edən tərəf Ukraynadır”.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı davam edəcək. Onun sözlərinə görə, Ukrayna de-fakto və de-yure danışıqlar apara bilmir və aparmaq istəmir, xüsusi əməliyyat davam edəcək. Peskov Xersonun regionun paytaxtı olaraq qalıb-qalmaması sualına isə belə cavab verib: “Xerson Rusiya Federasiyasının tərkibində regionun paytaxtı olaraq qalır, başqa qərar qəbul edilməyib”. Kremlin sözçüsü Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı danışıqlar prosesinə çağırışı haqda danışarkən Rusiyanın danışıqlar masasını görmədiyini söyləyib. Bir sözlə, qəribə mənzərə yaranıb: Qərb və Avropa Rusiyanı danışıqlardan qaçmaqda günahlandırı, Kreml yetkililəri isə bunun əksini söyləyirlər. Bəs soyuq təhlillər nə deyir? Müharibəni bitməyə qoymayan kimdir - Kreml, yoxsa kollektiv Qərb? Polşaya raket hücumu savaşı daha da qızışdıracaqmı?

ABŞ-da yaşayan tanınmış rus politoloq Andrey Piontkovski Qərblə Rusiya arasında məxfi danışıqlar mövzusuna münasibət bildirərkən qeyd edib ki, son söz Ukraynanın olacaq və onun razılığı olmadan nə Donbas, nə də Krım mövzusunda hər hansı güzəşt edilməyəcək. Belə görünür ki, Krım Donbasdan daha tez azad olunacaq. Rusiya müdafiəsində ən həssas və Ukrayna üçün gərəkli istiqamət Zaporojye, Melitopol və sahil boyu xətdir. Bu, nəticədə Xerson-Krım “qazanı” yaratmış olacaq. Unutmayaq ki, artıq “HİMARS”lar Xerson istiqamətindən Krımın girəcəyini vura bilir. Bundan əlavə, “ATACMS” raketləri var ki, daha uzun məsafələr üçün nəzərdə tutulub".

Piontkovskinin fikrincə, ABŞ artıq Rusiya ilə onun anladığı dildə danışmağa başlayıb və bunun nəticəsidir ki, nüvə və enerji infrastrukturu şantajları işə yaramır: “ABŞ Rusiyanı başa salıb ki, Ukraynanın enerji strukturlarına zərbələri davam etdirsəniz, Kiyevə çoxlu sayda uzunmənzilli raketlər verəcəyik. Bu isə o deməkdir ki, belə zərbələr davam etdirilsə, bu raketlər dərhal Ukraynaya veriləcək və praktiki olaraq ukraynalılar cavab olaraq Xarkova vurulan hər raketə görə Kurska, Kiyevə endirilən zərbəyə görə isə Moskvaya zərbə endirə biləcəklər... Bütün bunlar Krımın azad edilməsi məsələsində də çox təsirlidir. Bu gün "HİMARS"lar bütün təchizat yollarına və Krıma qədər çatır. Raket təchizatı artırılandan sonra isə Krım məsələsi kökündən həll olunacaq".

Analitik Elxan Şahinoğlu hesab edir ki, Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır: “Polşa Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək. Böyük ehtimalla Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub, bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək. NATO-nun digər qanadı - Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar”, - deyə politoloq düşünür.

Siyasi şərhçi Ramiyə Məmmədova müharibənin indi alovlandığını proqnozlaşdırır: “Rusiya dayanmaq istəyində, görünür, hesab edir ki, tutduğu ərazilərdən artığını işğal edə bilməyəcək. Onsuz da Donetskin Liman şəhərini əldən çıxarıb, Luqanskda xeyli sayda yaşayış məntəqələri azad olunub, Xerson şəhərindən geri çəkilib, Xarkov vilayəti, Nikolayev vilayəti, eləcə də İzyum artıq tam azad ediliblər, İlan adasında biabırçı vəziyyətə düşdülər, son aylarda isə rus ordusu irəliləyə bilmir, yalnız olduğu mövqelərdə möhkəmlənməyə, əks-hücumları dəf etməyə çalışır ki, bu da mümkün olmur. Ona görə Rusiya nəzarət etdiyi ərazilərdə qalmaq şərti ilə danışıqlar masasına oturmaqda maraqlı görünür. Ona görə Kreml rəsmiləri Kiyevi ittiham edirlər ki, onlar danışıqlardan qaçır. Ancaq Polşa hadisəsi göstərdi ki, savaş yenidən qızışır, bitməsinə imkan verilməyəcək. Qərb koalisiyası rus ordusunu yorub əldən salana qədər müharibəni davam etdirmək hədəfini saxlamaqdadır. Odur ki, danışıqlar yalnız rusların tam şil-küt vəziyyətə düşməsindən sonra başlaya bilər”. Ekspertin fikrincə, psixoloji üstünlük də Ukraynaya keçib: “Zelenski komandası və ordu yüksək əhvaldadır. Əvvəlki aylar Ukrayna lideri isterik vəziyyətdə görünürdü, hava hücumundan müdafiə sistemləri zəif idi, ərazilər itirə-itirə gedirdilər, indi isə işğal olunan yerləri ağır, astagəl olsa da qaytarırlar. Təbii ki, asan deyil, qarşında şəxsi heyəti böyük olan rus ordusu var və raketlərlə bombardman edirlər, amma bununla belə, ukraynalı əsgərlər döyüşmək əzmindədirlər. Xerson şəhərinə nəzarət ikiqat stimul oldu, ona görə Kiyev rəsmiləri bəyan edirlər ki, danışıqlar rus ordusunun 24 fevraldan əvvəlki vəziyyətə qayıtmasından sonra mümkün olacaq. Amma Qərb-Rusiya arasında konfidensial danışıqlar aparıldığı haqda fikirlər meydana çıxıb, ilin sonuna hansısa masa qurulması da istisna deyil. Sadəcə, Moskvanın və Kiyevin şərtləri o dərəcədə maksimaldır ki, tərəflər heç cür qəbul edə bilmirlər, nəticədə müharibə uzanır”.

Hərbi analitik Azad İsazadə isə hesab edir ki, əsas hədəf Zaporojye vilayəti ola bilər: “Əvvəla, burada Zaporojye Atom Elektrik Stansiyası var və onun azad edilməsi vacibdir. Eyni zamanda istisna etmirəm ki, ən əlverişli istiqamət Mariupol olacaq. Çünki Mariupolu azad etməklə Ukrayna ordusu Azov dənizinin sahilinə qayıdır və dövlət sərhədinə çıxır. Üstəlik, bununla Rusiyadan Krıma gedən quru yolunu tam nəzarətə alır. İndi həmin yolu atəş altında saxlayır, amma Mariupola çıxmaqla onu tam kəsir və dövlət sərhədini bərpa edir. Bunu mümkün variant sayıram. Qeyd edim ki, Ukrayna ordusu əslində bir neçə istiqamətdə hərəkət edir, amma əsas zərbənin haradan vurulacağı son ana qədər bilinmir. Çox güman ki, indi də ordu bir neçə istiqamətdə aldadıcı manevrlərə başlayacaq və son anda bir istiqamətdə zərbə endiriləcək. Məncə, əsas zərbə Mariupol istiqamətində ola bilər. Sözsüz ki, Putinin mövqeyi xeyli zəifləyib. Xerson məğlubiyyəti onu təkcə Ukraynada deyil, daxildə də zəiflədir. Məşhur Aleksandr Duqin Xerson məğlubiyyətindən sonra "Afrika qəbilə başçıları yağış yağdıra bilməyəndə onların özlərini qurban verirlər" ifadəsini işlətdi. Yəni sən qələbə gətirə bilmirsənsə, səni öldürürlər. Duqin də, bəlli olduğu kimi, Putindən daha revanşist və daha çox imperiya təfəkkürlü insanların sevimlisidir. Deməli, sağlar tərəfdə Putinə qarşı təzyiq həddən ziyadə çoxalır, liberal düşərgədə isə insan qalmayıb - ya qaçıblar, ya da həbsxanalardadırlar. Diqqət edəndə görürük ki, Xerson məsələsində Putin bir kəlmə də demədi, halbuki Ali Baş Komandandır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.