Aksiyalarda jurnalistlərin təhlükəsizliyi problemi - narazılığın əsası varmı?

18-11-2022, 10:22           
Aksiyalarda jurnalistlərin təhlükəsizliyi problemi -
Bir qrup jurnalist, hüquq müdafiəçisi, siyasətçi və ictimai-siyasi fəal bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları son vaxtlar siyasi partiyaların, vətəndaşların təşkil etdiyi aksiyalarda jurnalistlərin, reportyorların peşə fəaliyyətinə maneələr yaradır, media təmsilçilərinə fiziki güc tətbiq edir, texnikalara, avadanlıqlara ziyan vururlar.

Obyektiv media yayımçılarının üzvlərinə qarşı təzyiqlərin tək mətbuat nümayəndələrində yox, bütövlükdə cəmiyyətdə təəssüf doğurduğunu vurğulayan bəyanat müəllifləri Daxili İşlər Nazirliyini bu kimi addımlardan çəkinməyə, vətəndaşların ifadə, etiraz azadlığına, həmçinin mətbuat azadlığına əngəl törətməməyə, jurnalistlərin əleyhinə yönəlmiş təxribatların qarşısını almağa, siyasi hakimiyyətin sifarişini yox, qanunvericiliyi icra etməyə çağırırlar.

Səslənən bəyanatla bağlı “Yeni Müsavat” DİN-in mövqeyini öyrənməyə çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı bunları deyib: “Kütləvi aksiyalarda qeyd olunan həmin neqativ hallarla bağlı diqqətə çatdırım ki, jurnalistlərin orada peşə fəaliyyətinin necə yerinə yetirib-yetirməməsi ilə bağlı özlərinin çəkib yaydıqları kadrlarda açıq-aşkar görünür. Görünəni odur ki, həmin qanunsuz aksiya cəhdləri zamanı polisin jurnalistə deyil, jurnalistin polisin peşə fəaliyyətinə maneçilik halları çoxluq təşkil edib. Heç bir jurnalistə polis tərəfindən hər hansı təzyiq göstərilməyib və göstərilə də bilməz.

Elşad Hacıyev: “Həmin aksiyada jurnalistlərin polisə maneçilik törətdiyi aşkar görünür”

Yəni jurnalistin həmin hadisələri, faktları və yaxud aksiya cəhdlərini çəkib, işıqlandırmasına heç bir məhdudiyyət tətbiq olunmur. Bu cür aksiyalar zamanı jurnalistin birbaşa aksiya iştirakçısının yanında olması, heç bir məsafə saxlamaması hansı jurnalist etikasına sığır? Məlum məsələdir ki, jurnalist peşə fəaliyyətini yerinə yetirərkən müəyyən olunmuş bəlli məsafəni keçməməlidir. Polis əməkdaşı işini görsün, yoxsa jurnalistin orada fəaliyyəti ilə bağlı tənzimlənmə həyata keçirsin? Bu baxımdan tövsiyəmiz budur ki, jurnalistlər kütləvi tədbirləri işıqlandırarkən müəyyən məsafədən görüntüləri götürsünlər. Əgər kameraların görüntüləri yaxınlaşdırmaq imkanı varsa, nə ehtiyac var ki, polisin tədbir keçirdiyi halda polislə 10-20 sm yaxınlığında dayansınlar? Dünyadakı jurnalist təcrübəsinə, etikasına baxanda bu belə olmalıdırmı? Buna diqqət etmək lazımdır. Narazılıq edənlər öz fəaliyyətlərinə bir nəzər salsınlar. Həmin aksiyada 20-30 aksiya iştirakçısı, 90-dan artıq jurnalist var idi və onların özlərinin canlı yayımlarına diqqət etsək görərik ki, polisin orada hər hansı müdaxiləsi faktı yoxdur, əksinə, hansısa formada polisin fəaliyyətinə maneçilik var”.

Novella Cəfəroğlu: “Jurnalistlərin etirazı doğrudur”

Elşad Hacıyev qeyd edib ki, məsələ ilə bağlı Mətbuat Şurası ilə fikir mübadiləsi aparılıb: “Hakimiyyət nümayəndəsi olaraq polisin işi qanunla müəyyən olunmuş vəzifələri həyata keçirməkdən ibarətdir. Jurnalistin işi qanunla tənzimlənir və tərəflər bir-birinə qarşılıqlı hörmət etməli, bir-birinin fəaliyyətinə mane olmamalıdır. Bununla bağlı Mətbuat Şurasi ilə müəyyən fikir mübadiləsi aparıldı və yəqin ki, yaxın vaxtlarda bu haqda jurnalistlərə təlim-seminar keçiriləcək. Dövlət tərəfindən jurnalistlər üçün bütün zəruri imkanlar, şərait yaradılıb. Bütövlükdə 24 saat ərzində DİN-in mətbuat xidməti jurnalistlər tərəfindən daxil olan sorğulara fasiləsiz cavab verirsə, polis-jurnalist, polis-vətəndaş münasibətlərinin qurulmasında DİN orqanları maraqlıdırsa, burada polis tərəfindən jurnalistin fəaliyyətinə müdaxilə edilməsindən söhbət gedə bilməz”.

Qurum rəsmisi jurnalistlərə öz tövsiyələrini də çatdırıb: “Tövsiyə olunan odur ki, jurnalist kənardan polisin iş prosesinə müdaxilə etməsin, kənardan izləyib, müşahidə aparıb, çəkilişlərini apara bilər. Əgər jurnalistin əlində qeyri-peşəkar kamera varsa, o kameranın görmə məsafəsi 20-30 sm-dirsə, bu, polisin problemi deyil. Ona görə də tövsiyə olunur ki, materialların hazırlanmasında, çəkilişlərin aparılmasında peşəkar kameralara üstünlük verilsin”.

Rəşad Məcid: “Jurnalistlərin həmin bəyanatı quraşdırılmış, şişirdilmiş və yersizdir”

Mətbuat Şurasının sədri Rəşad Məcid də jurnalistlərin məlum bəyanatını quraşdırılmış, şişirdilmiş və yersiz adlandırdı: “Əgər söhbət sonuncu aksiyadan gedirsə, mən burada polisin təmkininin, dözümünün, necə özünü səbirli aparmasının şahidi oldum. Hesab edirəm ki, həmin bəyanat bir qədər quraşdırılmış, şişirdilmiş və yersizdir. Açıq görünür ki, bir sıra hallarda özünü jurnalist adlandıran insanlar polisi əsəbləşdirmək, onlar hövsələdən çıxartmaq üçün cəhdlər edirlər. Ona görə də bizim ümumi fikrimiz bu oldu ki, bu cür aksiyalarda jurnalistlərin davranışları məsələsi müvafiq qurumlarla birlikdə müzakirə olunsun. Həmin aksiyada müxtəlif jiletlər var idi. Ona görə də həmçinin müzakirə etdik ki, jurnalistlər üçün jilet məsələsi həll olunsun. Biz həmin aksiyada iştirak edən jurnalistlər barəsində də araşdırma aparacağıq ki, onlar həqiqətən jurnalistdirlərmi? Və yaxud ola bilsin ki, kimlərsə əlinə telefon alıb, başqa məqsədlərlə orada iştirak edirdi. Bunları aydınlaşdırıb, DİN-lə birlikdə tədbir keçirəcəyik”.

Əməkdar jurnalist Qulu Məhərrəmli isə mövzuya bu cür mövqe bildirdi: “Bütün dünyada qəbul olunmuş qayda var ki, mətbuatda kütləvi aksiyalar, tədbirlər, mitinqlər necə işıqlandırılmalıdır. Bununla bağlı bütün nüfuzlu media qurumlarının, o cümlədən radio və televiziyaların, qəzetlərin daxili etik kodeksi var. Bu kodeksə uyğun müəyyənləşdirilir ki, jurnalist həmin aksiyanı necə işıqlandırmalı, harada dayanmalı, kütlənin ortasında olmamalı, polislə mübahisəyə girişməməli, xüsusi geyimdə olmalıdır və sairə. Ona görə də bizdə də əgər jurnalist bu qaydaları gözləyirsə, situasiyadan asılı olmayaraq, heç bir polisin ona təzyiq göstərməyə ixtiyarı yoxdur, çünki bu qəbul edilmiş qaydadır.

Digər tərəfdən, hələ lap əvvəldən Mətbuat Şurası ilə DİN arasındakı razılığa görə, həmin aksiyalar zamanı jurnalistlərin fəaliyyəti üçün normal şərait yaradılmalıdır. Ona görə də polis heç bir özbaşınalığa, eləcə də jurnalist də polisi qıcıqlandıra bilməz. Çünki məqsəd aksiyanı işıqlandırmaq, oradan görüntülər yaymaq, faktları ictimaiyyətə çatdırmaqdır. Bu səbəbdən hərə öz işi məşğul olmalı və bir-birini nə qıcıqlandırmalı, nə zor tətbiq etməli, nə də mane olmaldıır. Əlbəttə ki, jurnalist heç vaxt aksiya iştirakçılarının tərəfində olmamalı, polisin yanında dayanmamalıdır. Bir daha qeyd edirəm ki, onun vəzifəsi yalnız və yalnız məlumatları əldə edib ictimaiyyətə çatdırmaqdır".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalistlərə qarşı zor tətbiq edilməsini pislədiyini bildirdi: “Diqqət edirik ki, son vaxtlar polislər də özünü bir qədər aqressiv aparır. Hamıya məlum idi ki, bir neçə gün öncə Müsavat Partiyası hansı səbəbdən mitinq keçirmişdi. Bu, İranın davranışlarına qarşı edilən bir aksiya idi. Ona görə də burada asayişin pozulması sözü ola bilməz. Çünki İran bizə qarşı elə qəddarlıqlar edir ki, həmin aksiyalar olmalıdır, bu, millətimizin etirazıdır. Şəxsən mən gördüm ki, orada bəzilərini necə tutub aparırdılar. Doğrudur, yaxşı davrandıqları da oldu. Hüquq müdafiəçisi kimi bu cür aksiyalarda jurnalistlərə qarşı zor tətbiq edilməsi faktları varsa, əlbəttə ki, pisləyirəm. Polis vətəndaş və jurnalistlərlə düzgün rəftar etməyi bacarmalıdır. Bu baxımdan, jurnalistlərin həmin bəyanatının yanındayam, doğru etiraz ediblər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.