Pelosi gedir, yerinə Pelosi-2 gəlir? - Ermənilərin ABŞ sarıdan arxayınçılığının səbəbi

19-11-2022, 08:58           
Pelosi gedir, yerinə Pelosi-2 gəlir? -
Şəhla Cəlilzadə: “Yəhudi, güney azərbaycanlı və türk lobbilərinin ortaq gücü hesabına ABŞ siyasətində milli maraqlarımızı irəli apara bilərik...”

ABŞ-da aralıq seçkiləri başa çatdı. Səsvermə nəticəsində ermənilərin ənənəvi havadarı Demokratlar Partiyası müəyyən qədər yer itirsə də, Senatda 1 səslə də olsa üstünlüyü saxlayıblar (Bir ştatda gələn ay təkrar seçki keçiriləcək).

Lakin respublikaçılar Nümayəndələr Palatasını (aşağı palata) ələ keçirə biliblər. Hazırda Palatada onlar 218 (yarıdan çox), demokratlar isə 208 səsə malikdir. Daha 9 yerin aqibəti hələ bəlli deyil. Lakin bu, yekun nəticəni dəyişməyəcək. Demək, Nümayəndələr Palatasının spikeri postunda qatı ermənipərəst, “demokrat” Nensi nənəni respublikaçı əvəzləyəcək. Lakin Ermənistan və erməni lobbisi, deyəsən, bir elə narahat deyil.

“ABŞ Konqresinə aralıq seçkilərindən sonra Ermənistanla bağlı ciddi dəyişikliklər gözləmək lazım deyil”.

Bunu erməni politoloq Suren Sərkisyan deyib. Onun sözlərinə görə, artıq Nümayəndələr Palatasının spikeri olmayan Nensi Pelosinin İrəvan səfəri onun şəxsi motivləri ilə bağlı olub. “O, erməni xalqının, erməni icmasının dostu kimi həmişə ”erməni soyqırımı" muzeyini görmək istədiyini deyirdi. O məhz bunun üçün gəlmişdi. Pelosi olmayacaq, onun yerində (spiker postunda - red.) erməni xalqının başqa bir dostu olacaq", - Sərkisyan iddia edib və xatırladıb ki, erməni icması Konqreslə fəal işləyir, ciddi lobbi təşkilatları var və onun fikrincə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu fəaliyyət davam edəcək.

Erməni politoloq yeganə türk əsilli respublikaçı namizədin aralıq seçkilərdə uduzmasından məmnunluğunu da gizlətməyib. “Respublikaçı Mehmet Özün qələbəsi və onun Senatda görünməsi Konqresin hər iki palatasındakı Türkiyə-Azərbaycan lobbisinin imkanlarını gücləndirəcəkdi. Onun Türkiyə ordusunda xidmət etdiyi və ”erməni soyqırımı"nı inkar etdiyi məlumdur. Özün məğlubiyyəti digər məsələlərlə yanaşı, erməni, yunan lobbilərinin, eləcə də digər etnik qrupların lobbisinin birgə işi ilə bağlıdır", - Sərkisyan məmnunluqla vurğulayıb.

Bu fakt diqqəti bir daha Qərbdəki erməni və yunan lobbilərinin birgə antitürk fəaliyyətlərinə yönəldir. Bəs nüfuzlu yəhudi lobbisi? Azərbaycan və Türkiyə diasporu onunla fəal işləyə bilirmi? Doğrudanmı Nümayəndələr Palatasının sədri postunda Nensi Pelosini indi də başqa bir erməniyanlı spiker əvəzləyəcək?

Əlavə edək ki, N.Pelosi başının dəstəsi ilə İrəvanda səfərdə olarkən ABŞ Konqresində anti-Azərbaycan müzakirələri açacaqlarını vəd vermişdilər. Aralıq seçkilərdən sonra bu vəd reallaşa bilərmi?'

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu mövzu ətrafında apardığı araşdırmalarla heyrət doğuran faktlar üzə çıxarıb. O, həmin faktları “Yeni Müsavat”a sadaladı: “Respublikaçıların ümumi xarici siyasət istiqamətləri ilə Azərbaycanın xarici siyasət istiqamətləri daha az toqquşursa da, ermənilərin demokratlarla olduğu qədər respublikaçılarla da işlədiyi məlumdur. Hələ 2015-ci ildə respublikaçı Ed Royce və demokrat Eliot Engelin Konqresə birgə təqdim etdikləri, Azərbaycana qarşı Qarabağdakı qondarma rejimi və Ermənistanın təhlükəsizliyini, ümumilikdə erməniçiliyi müdafiə məqsədilə irəli sürülən Royce-Engel təklifi məhz erməni işində bu iki partiyanın həmrəy çıxış edə biləcəyini göstərir. Çox maraqlıdır ki, bu iki şəxs daha sonra növbə ilə Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) Xarici İşlər üzrə Komitə sədri oldular: 2013-2019-cu illərdə respublikaçı Ed Royce, 2019-2021-ci illərdə isə demokrat Eliot Engel. Görünür, erməni lobbisi onların işini dəstəkləmək qarşılığında müvafiq siyasətçilərin seçki kampaniyalarına da lazımi maddi və s. formalarda dəstəyi təmin edib.

2021-ci ildə müvafiq vəzifə demokrat Gregory Meeksə keçdi. O, posta keçən kimi onu ilk təbrik edənlərdən biri Ermənistanın ABŞ-dakı səfiri Nersesyan olub. Meeksin ermənilərlə bağlı daha öncəki davranışlarına və çıxışlarına baxdığımız zaman onun da öz sələfləri kimi erməni diasporunun tilovuna düşdüyünü görə bilərik. Hələ Vətən müharibəmizin getdiyi dövrdə, 2020-ci ilin oktyabr ayında onun Tvitter sosial şəbəkəsində paylaşımı diqqət çəkir: “Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatları alovlandırmasından narahatam, NATO üzvü olan Türkiyənin ”donmuş münaqişəni" alovlandırmağa yardım etməsi isə daha da çox narahatedicidir."

2021-ci ilin oktyabrında Amerikan Erməni Milli Komitəsi tərəfindən Konqresin hər iki palatasının komitə rəhbərlərinə, o cümlədən həm yuxarı palata olan Senatın Xarici İşlər üzrə Komitəsi rəhbərinə, həm də Nümayəndələr Palatasının müvafiq komitə rəhbəri olan Meeksə məktub göndərilərək, ABŞ-ın Ermənistana daha çox dəstək göstərməli olduğu, guya erməni torpaqlarının Azərbaycan tərəfindən işğal edildiyinə dair məsələnin ABŞ Konqresində qaldırılması tələbi irəli sürülüb. Ermənilərin israrlı cəhdləri nəticə verməkdədir. Bu ilin yanvar ayında Meeks Ermənistan Parlamentinin spikeri Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüş və görüş zamanı Azərbaycan tərəfindən əsir tutulan (əslində cinayətkar) ermənilərin geri qaytarılması məsələsində narahatlığını dilə gətirib. O, həmçinin “Dağlıq Qarabağ münaqişəsində davamlı sülhün əldə olunması və Cənubi Qafqazda sabitliyin bərpasının vacibliyini” vurğulayıb.

Bu həftə İndoneziyada baş tutan G20 sammitində ABŞ-ı Pelosinin əvəzinə məhz Meeks təmsil edirdi. Bildiyimiz kimi, Nümayəndələr Palatasının spikeri olan Pelosi artıq Demokratlar Partiyasına rəhbərlik etməyəcəyini və dolayısıyla spiker vəzifəsindən də getdiyini bəyan etdi. Onun yerinə namizəd olaraq Hakeem Jeffries göstərilir. ANCA bütün konqresmenlərin fəaliyyətini analiz edir. Hakeem Jeffries barədə analizi təqdim edirəm:

Erməni “soyqırımı” qətnaməsi, H.Res.296 üzrə səsverməsi - Bəli

Erməni “soyqırımı” qətnaməsi, H.Res.296 üzrə ortaq sponsorluq etməsi - Xeyr

“Artsaxın tanınması” qətnaməsi, H.Res.1203 üzrə ortaq sponsorluq etməsi - Xeyr

Azərbaycan/Türkiyənin birgə hücumunu qınama qətnaməsi, H.Res.1165 üzrə ortaq sponsorluq etməsi - Xeyr

ABŞ-Ermənistan Strateji Əlaqələrinin Təşkili Qətnaməsi, H.Res. 452 üzrə ortaq sponsorluq etməsi - Xeyr

“Artsax”a davamlı ABŞ yardımlarını təmin edən Xarici Yardım Sənədinə 2020 Speier-Çox Düzəlişlərinə ortaq sponsorluq etməsi - Xeyr

Ermənistana 40 milyon dollar yardımın ayrılmasına səs verməsi - Bəli

Azərbaycanın sivil təyyarələri vurub düşürmə təhdidinə qarşı 2019 “Sherman düzəlişi”nə səsverməsi - Bəli

“2020 Azərbaycan/Türkiyənin Ermənistan/Artsaxa birgə hücumunu qınayan Erməni İşi (Armenian Caucus)” üzrə səs verməsi - Xeyr

Azərbaycanın müharibə cinayətlərinə qarşı sanksiyalara çağırış edən Cox-Sherman-Costa-Clark birgə məktubunu imzalaması - Xeyr

2019/2020 Ermənilərə xarici yardımda üstünlük verməyə çağıran məktubları dəstəkləməsi - Xeyr

2019 Erməni Soyqırımını tanıması üçün ABŞ Prezidentinə çağırış məktubunu imzalaması - Xeyr

2020 “Artsax”ın müstəqilliyinin tanınmasına çağırışı imzalaması - Xeyr

2019/2020-ci illərdə “Sumqayıt-Bakı-Kirovabad talanları”nın xatırlanması sənədini imzalaması - Xeyr

2019/2020 Ermənistana və “Artsax”a səfər etməsi - Xeyr

Konqresin Erməni İşi üzrə çalışan qrupun üzvü olması - Xeyr"

Ekspert Azərbaycan hökuməti və diasporunun bundan sonra görməli olduğu vacib məqama da toxundu: “Amerikan Erməni Milli Komitəsi öz rəsmi saytında Pelosiyə erməni işini dəstəkləmə səviyyəsinə görə ”B" qrupunda yer verirsə, Jeffriesi “C” qrupunda yerləşdirib. Jefrriesin “B” qrupuna “yüksəlməməsi” üçün Azərbaycan diasporu və hökumətinin paralel olaraq konqresmenlərlə dərin iş aparması və şəxsi münasibətlər müstəvisindən ABŞ xarici siyasətinə təsir mexanizmləri formalaşdırması məqsədəuyğundur. Gördüyümüz kimi, ermənilər 1 türk konqresmeninin olmasını belə öz milli maraqlarına təhdid ünsürü olaraq görürlər. Odur ki, yəhudi, güney azərbaycanlı və türk lobbilərinin ortaq gücündən faydalanaraq, ABŞ siyasətində öz milli maraqlarımızı irəli çəkə bilərik. Buna ABŞ siyasi sistemi və xüsusilə, son dövrdə yaşanan geosiyasi tektonik hadisələr fonunda Ermənistanın İranla dərinləşən münasibətləri imkan verir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.