Türkiyədə qadağan olundu, Bakıda isə hər tində satılır

20-11-2022, 11:20           
Türkiyədə qadağan olundu, Bakıda isə hər tində satılır
Türkiyədə məşhur “Huggy Wuggy” oyuncaqlarının satışı qadağan olunub. Qardaş ölkə mediası xəbər verir ki, bu barədə məlumatı Ticarət Nazirliyi yayıb. Məlumata görə, nazirlik uşaqlara mənfi təsiri ilə gündəmə gələn “Huggy Wuggy” personajının oyuncaqları ilə bağlı araşdırmalara başlayıb. Araşdırmalardan sonra sözügedən oyuncağın satışı yasaqlanıb və satışdan çıxarılmasına dair qərar verilib.

Qeyd edək ki, “Huggy Wuggy” “Poppy Playtime” adlı qorxu janrında olan oyunda yer alan personajdır. Sözügedən videooyun 2021-ci ilin oktyabrında buraxılıb. Personajın oyuncaqları son zamanlar azyaşlı uşaqlar arasında çox populyarlaşıb. Psixoloqlar isə bu cür personajların uşaqlar tərəfindən sevilməsindən narahatlıqlarını ifadə edirlər.

“Huggy Wuggy” oyuncaqları Bakıda da, demək olar ki, hər tində satılır. Bu gün oyuncaq mağazalarında kiçiklər üçün nəzərdə tutulan müxtəlif növ əyləncə vasitələrinə də rast gəlmək mümkündür. Amma məsələnin narahatverici tərəfləri də var. Söhbət bəzi növ oyuncaqların balacaların psixoloji durumuna mənfi təsirindən gedir. Belə ki, bu gün satışda kifayət qədər qorxulu oyuncaqların olduğu hər kəsə bəllidir. Məsələn, qəribə mutantları təcəssüm etdirən oyuncaqlar daha çox dəhşət saçır. Yaxud saqqalı əsgər oyuncaqları ən çox terrorçuları xatırladır. Psixoloqlar da bu cür oyuncaqların sonradan uşaq psixikasında mütləq mənfi fəsad verəcəyini deyirlər.

Psixoloqlara görə, uşağa fərdi oyuncaq seçmək olduqca çətindir. Mağazadan hər hansı bir personajı alıb uşağa onu dost etmək mümkün deyil. Gərək eləsi seçilsin ki, körpənin zövqünü oxşasın. Oyuncaq uşaq üçün yalnız əyləncə deyil. O, körpənin əqli və fiziki inkişafında böyük rol oynayır. Oyuncaq seçərkən mütləq uşağın inkişaf səviyyəsini və yaşını nəzərə almaq lazımdır. Ömrünün ilk ilində oyuncaq uşağın davranışı, müşahidəsi, dinləməsi, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin rəngləri fərqləndirməyi, əşyaların formasını və materialını müəyyən etməyi, uşağın nitqinin formalaşmasına kömək edir.

Əsasən, küçələrdə satılan, ucuz, Çin istehsalı oyuncaqlar mənəviyyatı korlamaqla yanaşı, uşaqların sağlamlığı üçün də ciddi təhlükədir. Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir. Odur ki, Azərbaycanda da bu qadağa tətbiq edilə bilərmi? Ümumiyyətlə, oyuncaqların uşaqlara təsiri ilə bağlı monitorinqlər aparılırmı?

Eyyub Hüseynov: “Ağ dəsmalı isladıb oyuncağa sürtün, əgər...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda insanlar acgöz kimi daha çox almağa meyillidir: “Mən də daxil olmaqla, əksər insanlar acgöz istehlakçıyıq. Biz nə üçün belə olmuşuq. Görün mən yaşda adamın nə qədər qalstuku var. Yaxud nəvələrimizin nə qədər oyuncağı var. Bax hər şey oradan başlayır. Uşağın o qədər oyuncağı onu acgöz istehlakçıya çevirir. Oyuncaqların və cizgi filmlərinin əksəriyyəti böyük bir biznes proyektdir. Həmin o personajları etiket şəklində oyuncaqların üzərində görürük. Oyuncaq sənayesi ilə toxuculuq və sənaye malları sanki bir-birinə bağlıdır. Acgöz istehlakçıya çevrilməklə sonradan acgöz alıcıya çevrilirlər.

Oyuncaqların insanların gələcəkdə mal hazırlamaq deyil, eləcə də düşüncəsinə təsir etmək rolu da var. Məlumdur ki, bir çox ölkələrin, Qərbin, Amerikanın mədəniyyəti sürətlə Azərbaycana gətirilir, bizim milli, əxlaqi dəyərlərimizə zidd olan təbliğatlar aparılır. Bunlar oyuncaqlarda da özünü göstərir. Adını çəkdiyim ölkələrin filmlərinə baxsaq, orada zorakılığı görərik. Həmin personajların kino obrazını görürük və sair. Bunlar hamısı uşaqların psixikasında dəyişiklik aparmaq üçündür. Ümumiyyətlə, oyuncaqların təkcə görkəmi, quruluşu yox, eləcə də digər təhlükəsizlik parametrləri də Azərbaycanda nəzarət altında deyil. 19 may, 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv olundu. Orada söhbət təhlükəsizliyi təmin olunan mallardan gedirdi. Yəni təhlükəsizliyi təmin olunmalı mallar, o cümlədən uşaq oyuncaqları ölkənin əmtəə bazarına daxil olmadan əvvəl mütləq sertifikatlaşmalıdır. Artıq sertifikatlaşma ləğv olunub. Demək olar ki, bir çox mallar, o cümlədən uşaq oyuncaqlarına da heç kim nəzarət etmir. Rənglərində ağır metallardan istifadə olunan oyuncaqlar əmtəə bazarındadır".

Ekspert oyuncaq alan zaman valideynlərə bir sıra diqqət edilməli məqamları diqqətə çatdırdı: “Təkcə onların görkəminə, personajına yox, həm də onun təhlükəsizliyinə fikir versinlər, ağ dəsmalı isladıb oyuncağa sürtsünlər. Rəng verirsə, onu almaqdan imtina etsinlər. Oyuncaq dükanında pis qoxu, plastmas qoxusu gəlirsə, belə oyuncaq almaqdan çəkinsinlər. Oyuncağı iylədikdə, plastmas qoxusu gəlirsə, almasınlar. Gəlincik aldıqda saçlarını çəksinlər, əgər tükləri qopursa onu almasınlar.

Əlbəttə, oyuncağın hansı personaj olmasına da fikir versinlər. Təəssüflər olsun ki, Qərbin və Avropanın arzuolunmaz bayramları Azərbaycana da gəlir. Bəzən burada da o qorxulu bayramlar keçirilir, maskalardan istifadə olunur. Biz qətiyyən bunun tərəfdarı deyilik. Mümkün qədər uşaqları belə bayramlardan uzaq saxlamaq lazımdır. Təəssüflər olsun ki, Azərbaycanda malların geri çağırılma mexanizmi yoxdur. Belə oyuncaqlar varsa, hamısı geri çağırılmalıdır. Türkiyədəki təcrübə Azərbaycanda da həyata keçirilməlidir".

Ülviyyə Murtuzova: Qadınlara qarşı zorakılıqla mübarizədə əzmkarlıq nümayiş etdirməliyik » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Psixoloq: “Uşaqlarda yaranan problem yalnız oyuncaqlarla bağlı deyil”

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, insanın həm inkişaf etdirdiyi mərhələlər var, həm də insanı inkişaf etdirən mərhələlər: “İnkişaf etdirdiyimiz mərhələlər 0-3 yaş, 3-6 yaş uşaqlıq dönəmi, 6-18 yeniyetməlik dönəmidir. Sonra gənclik və digər dövrlər başlayır. Demək ki, bu dönəmlərdə evdə baş verənlər uşaqların təfəkkürünə və şüuruna hopa bilir. Təbii ki, bu, 0-3 yaşda mütəmadi baş verirsə, 3-6 yaşda olan uşaqlıq dönəmində bu hafizədən silinə də bilər ya da, orada özünə bir yer edib yaşaya da. Cizgi filmlərində ”qəhrəman"laşdırılmış personajların onlara nə dərəcədə təsirinə gəldikdə isə bu birbaşa insanın şüuraltı təfəkkürünə hansı formada oturmasından asılıdır. Uşaqlara sual veriləndə ki, niyə bu filmə baxırsınız, onların birinci cavabı o ola bilər ki, “dostlarım buna baxır deyə baxıram”, bəziləri “burada etdikləri hərəkət xoşuma gəlir” deyir, bəziləri isə nə isə axtarır, sadəcə, anlamadan baxır, orada maraq axtarır. Demək ki, bəzi uşaqlar personajı əzazil, mərhəmətsiz kimi dərk etsə də, bu cür davranma qaydasını çox adi, sıradan bir hal kimi dəyərləndirir.

Burada nə baş verir. 3-6 yaşlı uşaqlarda şüur və təfəkkürün oyandığı bir dövrdür. 13-18 yaşda isə şəxsiyyət tipinin formalaşdığı dönəmdir. Həmin illərdən şəxsiyyət tipinin formalaşdığı dönəmə qədər olan illərdə insanın yaşadığı, gördüyü, qəbul etdiyi, hər gün onun haqqında eşitdikləri sonradan onun kimlik şəxsiyyətini formalaşdırır. Hansı ki, biz onu sonradan dəyişə bilmirik və çox çətinlik çəkirik. Bir neçə şəxsiyyət tipi var ki, o formalaşır. Bu meyarlar əsasında özünü göstərici formasına salır. Əgər övlad ailədaxili müzakirələrdə iştirak edirsə, onun yanında belə söhbətlər edilirsə, problemin çözülməsi, “necə edək” sözlərini eşidirsə, ailədaxili təcavüzün, zorakılığın şahidi olursa, təbii ki, bu uşağın beynində travma yaşadır. Burada qorxu, təşviş yaranır. Hər gün bu hadisələrin baş verirmiş kimi həyəcanı ilə uşaq yatıb-oyanırsa, birbaşa travmatik psixoloji dəyişikliklər yaranır. Bu keçir narahatlığa, narahatlıq da aqressiya yaradır. Bu formada böyüyən uşaq həlim və mülayim nağılların oxunmasına gedə bilməz. Nə də onlarla bağlı cizgi filmləri izləməz. Onlarda zorakılığa, ölümə, qan kimi göstəricisi olan filmlərə meyllilik yaranır. Çünki onun daxilində aqressiya formalaşır".

Psixoloq əlavə elədi ki, uşaqlarda xarici və daxili aqressiya olur: “Daxili aqressiya daha təhlükəlidir. O insanın daxilində nifrət, kin, intiqam hissini yaşadır. Təbii ki, belə uşaqları əgər valideyn görürsə və bunu görməzdən gəlirsə, bunu hansısa oyuncaqların satılması ilə, oyuncaq istehsal edən hansısa bir müəssisəni günahlandırması ilə deməsi düzgün deyil. Bu, sadəcə, məsuliyyəti öz üzərindən atmaq deməkdir. Valideyn özü həll edə bilmirsə, psixoloqa yönəltməli və onun üzərində peşəkarlar çalışmalıdır. Aqressiya içərisində böyümək, yaşamaq olmaz. Kanalı çevirib, buna baxa bilməzsən demək, qadağa qoymaq olmaz. Problemi qaçaraq deyil, səbirlə həll etmək lazımdır. İlk olaraq səbəbini bilmək lazımdır. Mülayim rəftarla böyüyən uşaqlarda belə multfilmlərə də meylli olmurlar. Baxsa da, asılılıq yaratmaz. Valideyn övladı ilə dost kimi olmalıdır. Ana övladını dinləməlidir. Əgər valideyn bacarmırsa, gecikmədən peşəkara müraciət etməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.