“KREDİT BORCLARI SİLİNƏCƏK!” – “Girovu olanlar da narahat olmasın…”
9-06-2016, 00:46
“Məndən tez-tez soruşurlar: Krediti ödəyə bilmirəm, amma bank məni məhkəməyə vermir və deyir ki, borcun üstünə faizlər və cərimə gəlir. Necə edim ki, bank məni tezliklə məhkəməyə versin və borcum şişməsin? Cavab verirəm: heç nə etməyin!”.
AzNews.az xəbər verir ki, bu sözləri bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov şəxsi “Facebook” səhifəsində yazıb. “Bank sizi ona görə məhkəməyə vermir ki, vəziyyəti ağırdır, işçilərini ixtisar edir, problemli kreditlərinin və məhkəmə proseslərinin sayı çoxdur. Bir sözlə, bankın başı çox qarışıqdır və sadəcə məhkəmə proseslərinin öhdəsindən gəlmir”, — mütəxəssis bildirib.
Onun sözlərinə görə, banklar, bir qayda olaraq, hazırda o borcluları məhkəməyə verir ki, kredit üzrə girov var, yaxud borclunun və ya zaminin tutula biləcək əmək haqqısı var: “Digər borcluları bank ona görə məhkəməyə vermir ki, məhkəmə prosesini udsa belə, qərarın icrasız qalacağını başa düşür (vətəndaşlarımız tədricən savadlanır və onlara əvvəlki kimi xox gəlmək çətinləşir!) və vaxt və səy sərf etmək istəmir. Buna görə də rahat olun! Vaxt hər bir halda bankın deyil, borclunun xeyrinə işləyir”.
“Böyük ehtimalla, uzağı 1,5 ilə vətəndaşların müflisliyi haqda qanun qəbul ediləcək, borclar silinəcək. Girovu olanlar da narahat olmasın: qoyduqları girovun qiyməti xeyli düşəcək və istəsələr girovu azad edə bilib özlərində saxlaya biləcəklər. Sadəcə dözmək, banklara müqavimət göstərmək lazımdır, xüsusilə məhkəmə proseslərində. Bankların vəziyyəti günü-gündən pisləşir! Buna görə də müqavimət nə qədər çox olsa, bir o qədər bir-birinizə kömək etmiş olacaqsız. Güc birlikdədir!”, — Ə. Həsənov vurğulayıb.
Sonda isə o yazıb: “Təbii, heç kəs bank sisteminin çökməsini istəmir. Amma banklar özləri çökmələrini labüd edir, çünki borclulara güzəşt etmir, onların haqlarını pozur və nəticədə kreditləri geri ala bilmirlər. Bir ildən çoxdur ki, onları ağıllı olmağa dəvət edirik, amma tamahları gözlərini tutub. Banklar bizi əhali ilə özləri arasında seçim qarşısında qoyub. Dəfələrlə demişəm: belə seçimdə vicdanı olan hər kəs təbii əhalinin tərəfini tutmalıdır. Hətta əhali içində vəziyyətdən sui-istifadə edənlər də olsa belə…”.