Paşinyan danışıqlara yer qoymadı:

17-03-2023, 12:15           
Paşinyan danışıqlara yer qoymadı:
ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan Baş naziri Nikol Paşinyan yenidən Qarabağla bağlı qəbuledilməz fikirlər irəli sürməyə başlayıb. Gah Qarabağa beynəlxalq müşahidəçilərin göndərilməsindən danışır, gah da Azərbaycanı etnik ermənilərə qarşı “soyqırımına hazırlaşmaqda” ittiham edir. Maraqlıdır: Paşinyan bunların vəziyyəti daha da gərinləşdirəcəyini bildiyi halda niyə belə edir?

- Görünən budur ki, onun güvəndiyi və bölgədəki gərginliyin aradan qalxmasını istəməyən ölkələr var. Elə Rusiyanın özü istəmir ki, bu məsələlər birdəfəlik həllini tapsın. Bəzi Avropa Birliyi dövlətləri də, ilk növbədə Fransa bu məsələdə Rusiyanı qabaqlayaraq, Moskvanın Ermənistanda yarada biləcəyi boşluğu tutmağa çalışır. Bunun üçün Paşinyana gərginliyin artırılması lazımdır. Ermənistan baş naziri bu məqsədlə göstərməyə çalışır ki, Rusiya bacarmır, onun missiyası özünü doğrultmur, Avropa Birliyinin və ya beynəlxalq missiyanı gücləndirmək lazımdır. Yəni Paşinyan bilərəkdən gərginliyi artırır ki, Azərbaycanı təxribata çəkə bilsin və bundan sonra ata biləcəyimiz addımları beynəlxalq aləmə “etnik təmizləm”ə kimi təqdim etsinlər.

Ermənistanın və onun dünya mediasındakı adamlarının ən yaxşı bacardıqları iş hay-küy salmaqdır, müəyyən fikirlərlə manipulyasiya etməkdir. İndi Paşinyanın beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəltməyə çalışdığını görürük. Paşinyan çox təhlükəli oynayır, anlamaldır ki, Azərbaycanın öz ərazisində atdığı addımları beynəlxalq hüquq da dəstəkləyir. Sərhədlə bağlı hansısa məsələlər beynəlxalq müşahidəçilərin iştirakı ilə mümkün ola bilər, amma Azərbaycan ərazisində - Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızın Azərbaycana inteqrasiyası və oradakı terrorçuların mövcudluğu ilə bağlı məsələlər daxili işimizdir. Azərbaycan istədiyi vaxt beynəlxalq hüquqa söykənərək öz addımlarını ata bilər. Paşinyan bunu anlamalıdır.

Paşinyan gərginliyi artırmaq yolu ilə erməniləri də təhlükə qarşısında qoyur. Bu, Paşinyan və Ermənistanın nə qədər sinik və təhlükəli davranmasının daha bir təzahürüdür.

- Paşinyanın təkidlə gündəmdə saxlamağa çalışdığı məsələ beynəlxalq və ya BMT müşahidəçilərinin Qarabağın dağlıq hissəsində yerləşdirilməsi ilə əlaqəlidir. Rəsmi Bakı buna razılıq verə bilərmi?

- Bakı beynəlxalq müşahidəçilərin Qarabağın dağlıq hissəsində yerləşdirilməsi ilə bağlı çağırışları qəti şəkildə rədd etməlidir. Çünki bu, Azərbaycanın maraqlarına uyğun deyil. Bəllidir ki, bununla oradakı durumu uzunmüddətli dondurmağa çalışmaq istəyirlər. Bu da qondarma qurumun separatçı fəaliyyətinin genişləndirilməsinə səbəb ola bilər, başqa bir şey baş verməyəcək. Azərbaycan o zaman bunu müzakirə edə bilər ki, sabah orada Azərbaycanın qanunları çərçivəsində yerli özünüidarəetmə sistemi formalaşacaq, mer seçkiləri keçiriləcək. Yalnız bu halda beynəlxalq ictimaiyyət orada keçiriləcək seçkilərə müşahidəçi göndərə bilər.

Sülh quruculuğu və icmalararası danışıqlarla bağlı Azərbaycanın özünün rəsmi və qəti mövqeyi var. Əksinə, Azərbaycan erməni icmasına basqılar etməlidir, çünki onlar sülhdən və inteqrasiyadan qaçırlar. Bu gün beynəlxalq konyunktura bizim lehimizədir. Bu gün Rusiyanın Donbasda etdiyi nədirsə, Rusiya və Ermənistanın birlikdə Qarabağda etdiyi odur. Necə olur ki, beynəlxalq ictimaiyyət Donbasla bağlı beynəlxalq hüquqa söykənən mövqe tutur, Qarabağa gəldikdə “başqa hüquqlar”dan danışır? Bu, məntiqli deyil. Onda gedib Donbasda da beynəlxalq müşahidəçilər yerləşdirsinlər. Bəs yerləşdirə bilirlərmi? Həmin məntiqdir: Azərbaycan ərazisində də separatizmin kökü kəsilməlidir. İndi Ukrayna ordusu Donbasda, Zaporojedə və Xersonda separatizmin kökünü kəsməklə məşğuldur, düz də edir, eyni məntiqlə Azərbaycanda da bu addım atılmalıdır.

Azərbaycan erməni əsilli vətəndaşlarının təhlükəsizliyi ilə bağlı müəyyən öhdəliklər götürə bilər. Amma bu o demək deyil ki, burada hansısa beynəlxalq qurumlar da iştirak etməlidir. Beynəlxalq qurumlar ancaq Ermənistan-Azərbaycan sərhədində hansısa məsələlərin həllində iştirak edə bilərlər.

- Ermənistandan verilən son açıqlamalar artıq danışıqlara yer qoymadığı, durumun kifayət qədər mürəkkəb olduğu görüntüsü yaradır, üstəgəl, artan erməni təxribatları və Qarabağın dağlıq hissəsinə qanunsuz hərbi daşımalar da yeni toqquşma ehtimalını gündəmə gətirir. Siz necə düşünürsünüz: gərginlik açıq qarşıdurmaya qədər arta bilərmi?

- İndi “Bu, Azərbaycana lazımdırmı” sualına cavab tapmalıyıq. Görünən budur ki, qarşı tərəf bunu çox istəyir. Ermənistan anlayır ki, Azərbaycana hərbi cəhətdən üstün gələ bilməz, mümkün deyil. Azərbaycan istədiyi an öz ərazisində antiterror əməliyyatları keçirərək, özünü tör-töküntüləri və terrorçulardan təmizləyə bilər. Amma bunun təqdimatı məsələsi var. Bu əməliyyatlar zamanı Ermənistanın özü də dinc əhaliyə qarşı təxribatlar törədə bilər. Bu, ermənilərin də, rusların da dəst-xətt və xislətlərinə uyğundur. Bundan istifadə edərək, beynəlxalq aləmdə Azərbaycanı haqlı olduğu yerdə haqsız olmasına çalışa bilərlər. Son altı ayda bunu görürük. Bu baxımdan, Azərbaycan daha ehtiyatlı və müdrik davranmalıdır. Çünki zaman Azərbaycanın xeyrinə işləyir, çünki daha güclüyük və ordumuz daha hazırlıqlıdır. Yəni istənilən an bu məsələni həll edə bilərik.

İndi fikir beynəlxalq münasibətlərdə Qarabağ məsələsinə yanaşmanın dəyişdirilməsinə yönəldilməlidir. Açığını deyim ki, müharibədən sonra hamımız çox arxayınlaşdıq, təqdimat, piar məsələlərinə çox da önəm vermədik. Ermənilər “yalan maşını”nı işlə salaraq, dayanmadan dünyaya yalan satdılar, biz isə öz həqiqətlərimizi normal şəkildə çatdıra bilmədik. Qəribədir ki, dünyanın hər yerində Rusiya və Qərb üz-üzə qalıb, amma bizim məsələmizə yanaşmada sanki sinxron davanmağa çalışırlar.

Bu durumu dəyişmək üçün təqdimatımızı düzgün etməliyik. Bu gün Rusiyanın yanında duran, onun sanksiyalardan yayınmasına kömək edən, ərazisində rus əsgəri və hərbi bazası olan, Moskvanın başında durduğu KTMT, Avrasiya Birliyi və Gömrük Birliyi kimi qurumlarda təmsil olunan Ermənistandır, amma onlar bizi “rusyönlü” kimi təqdim etməyə çalışırlar. Azərbaycan bu məsələlərdə daha proaktiv, daha soyuqqanlı davranmalı və beynəlxalq ictimaiyyəti çaşdıran erməni mövqeyini üstələməyə çalışmalıdır.

- Bəs indiki durumda mümkün qarşıdurmanın nəticələri necə ola bilər?

- Dediyim kimi, Azərbaycanın hərbi gücü, qüdrəti çatır ki, bir-üç günə öz ərazisindəki terrorçuları tam zərərsizləşdirsin. Beynəlxalq hüquqa görə də bu məsələdə haqlıyıq. Amma bu ərəfədə bizə qarşı hansı təxribatların ola biləcəyi ehtimalını nəzərə alsaq, Azərbaycanı haqlı durumdan haqsız duruma salmağa çalışa bilərlər. Ermənistan törədəcəyi təxribatlar nəticəsində belə bir hal yarana bilər. Bu anlamda təhlükələr var. Amma Azərbaycan hərbi güc nöqteyi-nəzərindən çox qısa zamanda – bir neçə günə o qondarma qurumu tamamilə kökündən qoparıb ata bilər. Amma biz görürük ki, rus sülhməramlıları onlara dəstək verirlər, de-fakto o qondarma qurumu tanıyır, onlarla əlaqədədir və silahlanmalarında birbaşa iştirak edir.

Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri dəfələrlə bu haqda açıqlamalar verib. Amma hələ də bunu dünyaya çatdıra bilmirik. Bunu dünyaya sübut etmək, onunla anladığı dildə danışmaq lazımdır. Dünyaya onu başa salmalıyıq ki, sizin düşmən saydığınız Rusiya bu bölgədə ermənilərin yanındadır, onları silahlandırır və sülh quruculuğuna mane olur. Bu xətti getdikcə gücləndirmək lazımdır. Bütün bu hazırlıqları tamamladıqdan sonra antiterror əməliyyatları daha uğurlu olacaq. 44 günlük müharibədə bunu gördük. Onda Azərbaycan müdrik davrandı, de-fakto və de-yure ittifaqlar quruldu, informasiya müharibəsində erməniləri qabaqladıq. Demək olar ki, Azərbaycan bütün sahələrdə öndə oldu, nəticəsi də göz önündədir.

44 günlük müharibədə Azərbaycana “gözünün üstündə qaşın var” deyən olmadı. Çünki bunu doğru təqdim etmişdik, beynəlxalq hüquqa söykənib addımlar atmışdıq. İndi də beynəlxalq hüquq bizim tərəfimizdədir, amma başqa hazırlıqlar da olmalıdır ki, məqamı yetişəndə Azərbaycan antiterror əməliyyatlarına başlaya bilsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.