MTN generalı orta əsr qaydasında mühakimə olunur

10-06-2016, 09:38           
MTN generalı orta əsr qaydasında mühakimə olunur
Vüqar Xasayev: “Vəli Əsgərov ittihamları rədd edir”
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Əsgərovun işi üzrə Naxçıvan Hərbi Məhkəməsində hazırlıq iclası keçirilib.

İclasa əli qandallı gətirilən V.Əsgərovun vəkillərinə onunla normal ünsiyyət qurmağa imkan verilməyib. Vəkillərə orta əsrlərə xas qaydalar tətbiq olunub.

Bu haqda “Yeni Müsavat”a açıqlama verən V.Əsgərovun vəkili Vüqar Xasayev deyib ki, hazırlıq iclasına Naxçıvan Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edib: “Naxçıvan Prokurorluğunda olduğu kimi Naxçıvan Hərbi Məhkəməsində də vəsatətlərimizi təmin etmədilər. Cinayət işinin materiallarındakı sənədlərin surətini bizə vermədilər. Biz iyunun 7-də rəsmi müraciət etmişdik ki, müdafiəni qurmaq üçün həmin sənədlərin surətini versinlər. Çox təəssüf ki, vəsatətimiz heç bir əsas gətirilmədən təmin olunmadı”.

Vəkil hazırlıq iclasında məhkəmənin qapalı keçirilməsi haqda qərar çıxarıldığını bildirdi: “Guya işdə ailə-məişət sirri var. Bunu əsas gətirib məhkəmənin qapalı keçirilməsi haqda qərar qəbul etdilər. Əslində orada bir sirr yoxdur. Məhkəmənin qapalı keçirilməsi proses zamanı üzə çıxacaq məlumatları ictimaiyyətdən gizlətməyə xidmət edir. Əgər ailə-məişət sirrinin yayılmasından bu qədər narahatlıq varsa, prosesi həmin hissədə qapalı keçirə bilərdilər. Söhbət özlərinin istəmədikləri məlumatların ictimaiyyətdən gizlədilməsindən gedir”.
V.Xasayev deyir ki, Naxçıvan Hərbi Məhkəməsində müdafiə tərəfinə orta əsr qaydasında işlə tanış olmasını təklif ediblər: “Dedilər ki, işlə ancaq əllə qeydlər götürmək şərti ilə tanış ola bilərsiniz. Yəni bizə sənədlərin surətini çıxarmağa imkan vermirlər. Sanki 17-18-ci əsrdir. Bizi orta əsrlər qaydasında işlə tanış olmaq məcburiyyəti ilə üz-üzə qoydular. 3 cildlik işdir. Bu qeyri-mümkün məsələdir ki, biz işlə tanış olub qeydlərimizi götürək, sənədlərdə yazılanları bizə lazım olan hissələrdə köçürək. Bizim Vəli Əsgərovun müdafiəsini tam qurmaq üçün imkanlarımız son dərəcə məhdudlaşdırılıb”.

V.Xasayev V.Əsgərovla görüşdüyünü söyləyib: “Onu məhkəmə zalına əli qandallı gətirib dəmir qəfəsə salmışdılar. Həmin qəfəsdə onunla danışa bildik. Bizimlə məhkəmə iclas salonunda görüşə bildi. Hazırda ona işgəncə vermirlər. Belə başa düşdüm ki, istintaqın gedişi kimi məhkəməni də tələm-tələsik keçirib hökm çıxarmağa hazırlaşırlar”.

V.Xasayev bildirib ki, V.Əsgərovla həbsinin səbəbləri haqda söhbətləşməyə imkanı olmayıb: “Konkret söhbət edə bilmədim. Özü də bu haqda nəsə demədi”.

Vəkil cinayət işinin materiallarında ailəsindən boşanmış bir şəxs haqda məlumatlar olduğunu deyib: “Həmin şəxs ailəsindən boşanıb. Guya həmin adamın dinlənilməsi həyata keçirilib. Həmin məsələ ilə bağlı ittiham veriblər. Amma ortada konkret fakt yoxdur. İttiham aktında rəhbər şəxslərdən kimsənin dinlənilməsi haqda məlumatlar yoxdur. Çünki Vəli Əsgərov ifadə verməyib. İstintaq orqanı onu ifadə vermək hüququndan məhrum edib. Götürüb yazıblar ki, Vəli Əsgərov ittihamı qəbul edir. Əslində isə Vəli Əsgərovun elə bir ifadəsi yoxdur. O, ittihamları rədd edir, qəbul etmir və Naxçıvan prokuroruna, istintaq qrupunun rəhbərinə etirazını bildirib. Qeyd edib ki, etiraz təmin ediləndən sonra geniş ifadə verəcək. Amma Vəli Əsgərovdan ifadə alan olmadı. Əvəzində Vəli Əsgərova qarşı zorakılıq etdilər”.

Vəkil V.Əsgərovun məhkəmədə geniş ifadə verməyə hazırlaşdığını da açıqlayıb: “Vəli Əsgərov bildiklərini deməyə hazırdır. Məhkəmə ona fikirlərini söyləməyə şərait yaratmalıdır”.

İş üzrə proses iyunun 13-də, 10:00-da keçiriləcək.

Qeyd edək ki, sabiq nazirin vəkilləri Eldar Mahmudov vəzifədə olarkən Vəli Əsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyini, lakin sabiq nazirin tapşırığa əməl etmədiyini açıqlayiblar. Deyiblər ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib. Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.

V.Əsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər.
Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci - mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.