“Rusiya Azərbaycanla silahlı münaqişəyə girməyəcək, amma…”

29-03-2023, 22:14           
“Rusiya Azərbaycanla silahlı münaqişəyə girməyəcək, amma…”
Ekspert: “Onlar separatçı rejimi açıq şəkildə silahlandırır və ərzaqla təmin edir”

Qarabağdakı Rusiya hərbi kontingentinin məlumatına görə, martın 25-də Azərbaycan Silahlı Qüvvələri 2054 metrlikdəki adsız zirvəni (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) tutaraq, orada post qurublar. Bu ərazidə Şuşadan yan keçərək Laçın yoluna çıxmağa imkan verən üç torpaq yol kəsişir.

Beləliklə, hərbçilərimiz könüllülərimizin Laçın yolunda qurduğu postdan və ümumilikdə Azərbaycanın nəzarətindən yayınaraq Ermənistana keçmək mümkün olan bir yox, üç yolu birdən bağlamağa müvəffəq olublar.

Öz növbəsində, Qarabağ separatçıları etiraf edirlər ki, Şuşa rayonunda ermənilərin yaşadığı bir sıra yaşayış məntəqələrinin Xankəndi ilə əlaqəsi kəsilib. Onlar həm də etiraf edirlər ki, Qarabağı Ermənistanla birləşdirən alternativ yolu itiriblər və iddia edirlər ki, əlaqə bərpa olunmasa, onlar üçün vəziyyət böhran həddinə çatacaq.

Eyni mənbələrə görə, Rusiya “sülhməramlıları” Azərbaycan hərbçilərinin yanında dayanaraq, “vəziyyətə nəzarət edirlər”. Lakin Rusiya hərbçiləri özləri bu barədə hələlik heç bir məlumat yaymayıb.

Beləliklə, Bakı separatçıların qanunsuz hərəkətlərinin qarşısını almaq üçün xəbərdarlığını əməldə həyata keçirdi.

“Turan” Agentliyi xəbər verir ki, Qarabağdakı mənbələrin məlumatına görə, ermənilərin son günlər alternativ yolun genişləndirilməsi üçün istifadə etdikləri texnika iki gün əvvəl Xankəndinə geri qaytarılıb.

Beləliklə, Azərbaycan bu addımı ilə konkret nəyə nail oldu? Qarabağla Ermənistan arasında istənilən quru əlaqəsi uzun müddətə nəzarətə götürülüb? Rusiya hərbçiləri nə edə bilər? Ümumiyyətlə, “sülhməramlılar” Azərbaycan hərbçilərinə qarşı zor tətbiqinə cəhd edə bilərlərmi?

Press Klubun suallarını politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.

“Azərbaycan Silahlı Qüvvələri martın 25-də Xankəndi-Turşsu istiqamətində torpaq yola nəzarət etmək məqsədilə yaxınlıqdakı yüksəkliyi ələ keçirib. Bu əməliyyatın həm hərbi, həm də siyasi əhəmiyyəti var”, – ekspert qeyd edib.

“Hərbi baxımdan, Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinə silah-sursatın çatdırılmasının və bu yolun genişləndirilməsinin qarşısı alınıb. Ən azından, ermənilərə və Rusiya hərbçilərinə aydın oldu ki, Azərbaycanın bu yolda hərəkət edən istənilən şübhəli maşını sıradan çıxarmaq gücü var.

Siyasi nöqteyi-nəzərdən Azərbaycanın bu təzyiqi ona gətirib çıxarır ki, Laçın yolunun girişində keçid-buraxılış məntəqəsinin quraşdırılması artıq qaçılmaz xarakter alır. Əks halda, Azərbaycan hər an lokal antiterror əməliyyatına başlaya bilər.

Qarabağla Ermənistan arasında Laçın yolundan əlavə, Turşsu yolu və ona bitişik digər torpaq yol da var. Bu yollar müəyyən qədər bizim nəzarətimizdədir, amma bizim onları bağlamaq üçün heç bir tam əməli mexanizmimiz yoxdur. Biz Rusiya hərbçilərinin həm yerli erməni əhaliyə, həm də 10 minlik erməni silahlı qüvvələrinə daşıdığı yüklərə nəzarət edə bilmirik. Onlar ekoloji fəalların dinc aksiyasının keçirildiyi yerdən istənilən yükü sərbəst aparırlar. Etiraz edən vətəndaş cəmiyyətinin nümayəndələrinin Rusiya hərbçilərinin maşınlarına baxış keçirmək imkanı yoxdur. Ona görə də yollara tam nəzarətdən danışmaq mümkün deyil.

Rusiya “sülhməramlıları” yaranmış vəziyyətdə silahlı münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər. Ukraynadakı müharibə səbəbindən ikinci müharibə zonasının yaradılması onların maraqlarına ziddir.

Ancaq istisna mümkündür. Məsələn, müharibə başlayır və Rusiya yenidən “sülh göyərçini” şəklində peyda olur, tərəfləri sakitləşdirir və Qərb bu addımı dəstəkləyir. Nəticədə Moskva bəyan edir ki, regionda hələ də sülh əldə olunmayıb və bu onun Qarabağda uzun müddət qalmasına əsas yaradır. Buna görə də, “sülhməramlılar” separatçı rejimi açıq şəkildə silahlandırır və ərzaqla təmin edir. Rusiya Ermənistanı dəstəkləməklə öz maraqlarını və Cənubi Qafqazda təsirini qorumaq siyasətini həyata keçirir.

İndiki vəziyyətdə Azərbaycanla münasibətləri pozmaq Rusiyanın maraqlarına uyğun deyil. Rusiya bəyanat verib xəbərdarlıq edə bilər. Ancaq Ukraynada müharibə getdiyi müddətdə Azərbaycanla silahlı münaqişəyə girməyəcək”, – deyə İ.İsmayıl yekunlaşdırıb.

Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.