Bakıda polis bölməsində şok işgəncə hadisəsi: Ana oğlunun törətmədiyi işin onun boynuna qoyulduğunu deyir, rəis müavini danışmaqdan imtina edir (Fotofakt)

10-06-2016, 12:58           
Bakıda polis bölməsində şok işgəncə hadisəsi: Ana oğlunun törətmədiyi işin onun boynuna qoyulduğunu deyir, rəis müavini danışmaqdan imtina edir (Fotofakt)
Bu ilin aprel ayında Bakı şəhəri Nərimanov rayonu 18-ci polis bölməsində vətəndaş İsmayılov Tural Zakir oğluna qarşı zor tətbiq olunub.

Avropa.info xəbər verir ki, bu haqda zərərçəkənin anası Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 15a, mənzil 49-da yaşayan Xanəlizadə Təranə Sərxan qızı məlumat verib.

Şikayətçi redaksiyamıza gələrək, oğlunun heç bir təqsiri olmadan 18-ci polis bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılaraq, etmədiyi bir cinayəti öz üzərinə alması üçün işgəncəyə məruz qaldığını bildirib.
O bildirib ki, aprel ayının 17-də digər oğlu İsmayılov Bəhruz Zakir oğlunun toy mərasimində iştirak etdikdən sonra axşam gec saatlarında kiçik oğlu ilə evə gəliblər. Evə gəldikdən sonra toya atılan pulları saydığını söyləyən Təranə Xanəlizadə oğlunun çox yoğun olduğunu və bir müddət kompyüterlə “facebook”da dostu ilə mesajlaşdığını bildirib:

“Biz qonaq otağında oturmuşduq. Mən toya salınan pulları sayırdım. Tural isə divanda oturub kompyüterlə dostu ilə yazışırdı. O mənə “gecdir yorulmuşuq, qalanını da sabah sayarıq", dedi və öz otağına keçdi. Mən də onun arxasınca gedib üstünü örtdüm. Daha sonra səhərə yaxın saat beşin yarısına kimi pulları saydım və yatdım. Səhər saat 11-də böyük oğlum bizə zəng edib “harada qaldınız? Sizi gözləyirik”, deyə yuxudan oyatdı. Ayın 18-i yuxudan oyanandan sonra birlikdə taksi ilə toyu olan oğlumun evinə getdik”.

Oğlu Turalın SOCAR-da işlədiyini və aprel ayının 21-də işdən saat ikidə çıxdığını deyən Təranə Xanəlizadə onun Nərimanov parkında dostları ilə görüşdüyünü və evə tərəf gələrkən polislərin hadisə yerində araşdırma apardığının şahidi olduğunu deyir:

“Tural və dostları həmin yerə yaxınlaşaraq, nə olduğunu soruşublar. Polislər də onlara burada adam öldürüldüyünü deyib, elə oradanca oğlumu aparıblar 18-ci polis idarəsinə. Axşam saat 9 idi, oğlumun dostları mənə zəng etdilər ki, Turalı aparıblar bölməyə. Səbəbini soruşduq, heç nə bilmədiklərini dedilər. Biz də qohumlarımızı yığıb yollandıq 18-ci polis bölməsinə. Polis bölməsində bizə heç nə olmadığını, sadəcə araşdırma aparıldığını və oğlumu buraxacaqlarını dedilər. Gecə saat ikiyə kimi orada gözlədim. Sonra isə 102-yə zəng vurdum ki, onlara hadisə haqda məlumat verəm”.

Polis bölməsindən Turalın ailəsinə rəisin burada olmadığını və bu gecə buraxa bilməyəcəklərini söyləyiblər:

“Mən elə koridorda bir az qabağa getdim, bir də gördüm ki, barmaqlıqlar arasında Tural məni gördü və "Ana, bax gör məni nə günə qoyublar, məni toka verirlər, güclə boynuma qoymaq istəyirlər”, deyə qışqırdı. Bundan sonra oradakı polislər bizi dərhal çölə çıxardılar. Saat 3-ə kimi orada qalmağımıza baxmayaraq, bizə daha Turalı göstərmədilər. Dəfələrlə 102-yə zəng etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilmədik. Mən Turalı görəndə o tanınmaz halda, hər tərəfi qan içində idi. Sonra biz evə getdik və səhər tezdən yenə qohumlarla polis bölməsinə gəldik. Yenə Turalı görməyə icazə vermədilər. Daha sonra bölmə rəisi Bayram Alıyev bizi qəbul etdi və Turalın adam öldürdüyünü, istintaq getdiyini dedi. “Bəs niyə döymüsünüz? Niyə o gündədr?” deyə soruşduq. Bizə dedi ki, uşaq özü-özünü o günə qoyub”.

Təranə Xanəlizadə çox sonra həyətdə aprel ayının 17-də gecə saat iki-üç arası Rafiz Mirzəyev adlı səfil həyatı sürən bir nəfərin öldüyünü eşitdiklərini deyir. Onlar polis bölməsində olarkən Turalın iməkləyə-iməkləyə ayaqyoluna aparıldığının şahidi olublar. O saxlama kamerasından çıxarkən hər tərəfi göyərmiş və qan içində olub. Sağ gözündə anadangəlmə görmə problemi olduğu və bir neçə dəfə əməliyyat olduğu üçün zərbələrin şiddətindən sağ gözündə görmə qabiliyyətini tamamilə itirib.

T.Xanəlizadə deyir ki, törədilmiş cinayət iki gün müddətinə verilmiş ağır işgəncədən sonra Tural İsmayılovun boynuna qoyulub və haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib: "O, 18-ci polis bölməsindən 3 nömrəli Şüvəlan təcridxanasına göndərildikdən sonra qohumları təcridxanadan onun oraya gəldiyi vaxt hansı halda olmasına dair sənəd alıblar".

Turalın həmin cinayəti işləməsi ilə bağlı isə polis bölməsinin əlində yaxınlıqda yerləşən “AtaBank”ın təhlükəsizlik kameralarından götürülmüş bir video parçası var. Video isə üzü tüklü olan bir nəfərin yan tərəfdən görünüşünü əks etdirir. Tural anası ilə görüşdə videonun qaranlıq vaxtı qeydə alındığını və videodakı şəxsin özü olmadığını bildirib. Dəlil kimi göstərilən videonun isə tarixi zərərçəkənin yaxınlarından gizlədilir:

“Biz dəfələrlə müstəntiqdən həmin videonun hansı tarixdə qeydə alındığını soruşduq. Cavabında isə bizə videonun tarixinin olmadığını dedilər. Mən Turala təcridxanada Tural ilə görüşəndə niyə bu cinayəti boynuna götürdüyünü soruşdum. Onun isə cavabı belə idi ki, “Ana sən bilmirsən, elektrik stuluna oturanda 50 dənə cinayət dosyesi olsa belə hamısına imza atmaq istəyirsən ki, təki bu işgəncə sona çatsın”. Videodakı şəxsin əynindəki gödəkçə də, köynək də Turalın olmayıb. Buna bənzər paltarı isə mənim böyük oğlum Bəhruz geyinib və həmin ayın 11-də oraya yas yerinə gəlib”.

Məsələylə bağlı 18-ci polis bölməsindən də münasibət öyrənmək istədik. Bölmənin rəis müavini Məftun Şirinov bizə bu barədə heç bir məlumat verə bilməyəcəyini deyərək DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə etdi. Biz də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlamaq istədik. Orxan Mansurzadəyə etdiyimiz zənglər isə cavabsız qaldı.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.