BU FAKTDIR: Qeyri-neft sektoru “sabun köpüyü”dür... - Təbii qazı da qeyri-neft sektoruna yazırlar

12-06-2023, 09:58           
BU FAKTDIR: Qeyri-neft sektoru “sabun köpüyü”dür... -
Qeyri-neft sektorunun inkişafı ilə bağlı illərdir danışılanlar söz olaraq qalır. Sözün əsl mənasında “sabun köpüyü” effekti yaranıb. İlin ilk dörd ayının gömrük statistikası gerçək mənzərəni ortaya qoyur. Qeyri-neft ixracı azalır. Bəzi istiqamətlərdə hətta kəskin azalma qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, hökumət illərdir həm də təbii qaz hesabına əldə olunan enerjini qeyri-neft sektorunun məhsulu kimi göstərir. Bununla statistikada müəyyən canlanma yaratmağı cəhd olunur. Amma reallığı gizlətmək mümkün deyil. Azərbaycanda qeyri-neft sektoru inkişaf etmir, əksinə, geri gedir.

Elektrik enerjisi sayəsində ümumi qeyri-neft ixracının xüsusi çəkisi təxminən 8 dəfə artıb. Düşünəndə dəhşətə gəlməmək əldə deyil. Deməli, elektrik enerjisi olmasa, qeyri-neft sektorundan danışmağa dəyməz.

Xüsusilə pandemiyadan əvvəl ölkədə pambıqla bağlı ajiotaj yaradılmışdı. Neftin qiyməti aşağı düşən kimi pambığı yada salmışdılar. Yenə dərhal qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyindən danışılmağa başlanmışdı. İndi isə elə təəssürat var ki, ölkədə pambıq istehsal olunmur. İqtisadiyyatda bu məhsulun rolu qətiyyən hiss edilmir. Elə rəqəmlər də bunu deyir. Pambıq ixracı iki dəfədən çox azalıb. Keçənilki analoji dövrdə 121 milyon dollarlıq ixrac məhsulundan söhbət gedirdi. İndi rəqəm 52 milyon dollara düşüb.

Metal, kimya məhsullarında da əhəmiyyətli azalma nəzərə çarpır. Meyvə-tərəvəz ixracında geriləmə nisbətən azdır. Əvəzində içki və plastik kütlə məhsullarının xaricə satılmasında artım diqqət çəkir. Ümumiyyətlə, elektrik enerjisini nəzərə almasaq, geriləməni ört-basdır etmək mümkün deyil. Neftin gəlirləri qeyri-neft sektorunun inkişafına xidmət etmirsə, onda bundan sonra yalnız azalma müşahidə oluna bilər.

Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı yalnız neft bazarına marağın azalması zamanı yada düşür. Neftin qiyməti yüksələn kimi bütün danışılanlar yaddan çıxır. Son nəticədə ortaya heç bir iqtisadi konsepsiya qoyulmur. İqtisadiyyat təkcə təbii sərvətlərin çiyinlərində dayanmamalıdır. Bunun gələcəyi heç yaxşı görünmür.
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.