İrəvan Kremlin qarşısına sədd çəkdi: - Naxçıvan yolu yeni qarşıdurma yaradır

13-06-2023, 00:14           
İrəvan Kremlin qarşısına sədd çəkdi: -
Ermənistan hakimiyyəti üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsinin həyata keçməsinə mane olmağa çalışır.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin müavini Mehr Qriqonyan Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən kommunikasiya yollarının Rusiya Federasiyanın Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə olunacağı barədə məlmatları şərh edib. Qriqonyan erməni mətbuatına açıqlamasında iyunun 2-də son Moskva görüşündə üçtərəfli müzakirə zamanı regional kommunikasiyaların Rusiyanın sərhəd qoşunları tərəfindən nəzarət olunacağı ilə bağlı razılıq əldə olunmadığını deyib:

“Ermənistanın mövqeyi belə idi və belə də qalır ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan yollar tərəflərin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərəcək”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə sərhəd və gömrük məntəqələrinin Rusiyanın müvafiq qurumlarının nəzarət altında olub-olmayacağı ilə bağlı suala cavablandıran M.Qriqonyan vurğulayıb ki, ölkənin sərhədlərində bütün nəzarət mexanizmlərinin tətbiqi yalnız İrəvanın qərarında müəyyən olunacaq:

“Aydın mövqe var ki, gömrük və sərhəd nəzarəti qanunvericiliyimizə və səlahiyyətli orqanlarımıza uyğun həyata keçiriləcək”.

Görünür ki, Ermənistan hakimiyyəti üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsinə qarşı çıxaraq ərazisindən keçən nəqliyyat kommunikasiyaların Rusiyanın nəzarəti altında olmasını istəmir. Bəzi ekspertlər Qriqonyanın bu bəyanatını Qərbin təzyiqi ilə əlaqələndirib.

TEREF.AZ-ın bildirdiyinə görə, məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ və Avropa İttifaqı Paşinyan hakimiyyəti qarşısında konkret öhdəliklər qoyub. Onun sözlərinə görə, Paşinyan hər vəchlə Ermənistanı Rusiyanın cilovundan xilas etməyə çalışır:

“Moskvada son üçtərəfli görüşdə müzakirə olunan məsələlər hər iki ölkənin ictimaiyyətinə məlumdur. Lakin bu görüşdə hansı məsələlər üzrə razılıq əldə olunub-olunmaması hələ dəqiq bəlli deyil. Bir məqamı da nəzərə almaq lazımdır ki, may ayında Qərbin vasitəçiliyi ilə keçirilən Brüssel və Kişineu görüşlərində Azərbaycan və Ermənistanın rəhbərləri arasında bu məsələ müzakirə olunub.

Həmin görüşlərdə Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaların Beynəlxalq Gömrük Təşkilatının nəzarətinə verilməsi təklif edilmişdi. Ancaq Moskvada üç ölkənin Baş nazir müavinlərinin görüşündən sonra həmin kommunikasiya xətlərinin birbaşa Rusiya Federasiyasının Dövlət Sərhəd Qoşunları tərəfindən nəzarət ediləcəyi bildirilib. Bu, həmçinin üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsində də qeyd edilib.

Lakin Qriqonyanın son bəyanatından görünür ki, Ermənistan öz ərazisində yeni kommunikasiya xətlərinin Rusiyanən hərbçilərinin nəzarəti altında olmasını istəmir. Doğrusunu desək, bunu özləsinin təhlükəsizliyinə zidd hesab edir. İrəvan həqiqətən bu məsələdə Rusiya ilə razılığa gəlmək marağında deyil. Əlbəttə, bu, Qərbin diqtəsi ilə bağlıdır”.

Ekspert xatırladıb ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərbin güc mərkəzlərinin, xüsusilə ABŞ-ın böyük rolu olub:

“Qərq Paşinyan qarşısında konkret öhdəliklər qoyub. Öhdəliklər bundan ibarətdir ki, Paşinyan hakimiyyəti Ermənistanda Rusiyanın siyasi, iqtisadi və hərbi təsir imkanlarını məhdudlaşdırmalıdır. Həm ABŞ, həm də Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqla Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışacaq.

Yəni hər iki dövlətin sülh müqaviləsinə imza atıdığı təqdirdə ilk növbədə Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin, ondan sonra isə Ermənistanın Gümrü şəhərində rus hərbi bazasının regionu tərk etməsi üçün münasib şərait yaradacaq. Paşinyan Qərbin öhdəliklərini yerinə yetirməyə məcburdur. Xüsusilə, Rusiyanın Ukrayna bataqlığında olduğu dönəmdə Moskva Ermənistanda aktiv şəkildə öz təzyiq imkanlarından istifadə edə bilmir. Paşinyan maksimum şəkildə öz ölkəsini Rusiyanın cilovundan qurtarmaq üçün səy göstərir.

Onsuz da Ermənistanın sərhəd əraziləri, dəmir yolları və digər iqtisadi obyektləri Rusiyanın tam nəzarətindədir. Ermənistanda əlavə rus qoşunlarının cəmləşməsi Rusiyanın bu ölkə üzərində təsir mexanizmlərini artıracaq. Bu da Paşinyanın marağında deyil. Məhz buna görə Ermənistan hakimiyyəti regional kommunikasiyaların Rusiyanın nəzarətinə keçməməsi üçün əlindən gələni edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.