Türkiyədə "oturum" niyə çətinləşib: - Azərbaycan hökumətinin "əli varmı"

13-06-2023, 10:56           
Türkiyədə "oturum" niyə çətinləşib: - Azərbaycan hökumətinin "əli varmı"
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafa Türkiyədə yaşayan azərbaycanlıların problemlərindən söz açdı. O, qeyd etmişdi ki, naxçıvanlılar 20-30 il əvvəl sosial vəziyyətlərinə görə Türkiyəyə köçüb, yaşayıblar. Amma bu illər ərzində öz məktəblərini yarada bilməyiblər. Deputat bir maraqlı məqama da toxunub, qeyd edib ki, azərbaycanlı məzunlar Türkiyədə daha az əmək haqqı alırlar. Amma deputatın dedikləri Azərbaycandan görünən Türkiyədəki mənzərədir. Türkiyədə olub, Türkiyədə yaşayan azərbaycanlıların problemləri deputatın sadaladıqları ilə bitmir. Azərbaycanlılar burada "ikamət izni" yəni yaşamaq üçün icazə almaq və iş tapmaqda, hətta kirayə ev tapmaqda belə çətinlik çəkirlər.
Bilirsiniz ki,2020-ci il 44 günlük Vətən müharibəsindən sonra dövlətlərarası münasibətlər yaxşı mənada pik həddə çatıb. İmzalanan “Şuşa” bəyannaməsindən sonra rəsmi olaraq Türkiyə ilə müttəfiqliyimiz var. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin çox hissəsi Türkiyə şirkətləri tərəfindən həyata keçirilir. Zəlzələ zamanı azərbaycanlıların Türk qardaşlarının yanında necə olduğunun da şahidi olduq. Odur ki, Türkiyədə dövlət səviyyəsində azərbaycanlıların vəziyyəti ilə bağlı müvafiq addımlar atılmalıdır.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Naxçıvandan Türkiyəyə iş üçün gedən çox sayda vətəndaşımız var.

“Mən özüm bu yaxınlarda İğdırda səfərdə olarkən həmyerlilərimiz bizə yaxınlaşaraq müəyyən problemlərinin mövcudluğunu dilə gətirdi, xüsusilə sənədləşmə işlərində ciddi sıxıntılarla qarşılaşdıqlarını vurğuladılar. Bir çox vətəndaşımız orada qeydiyyatsız yaşadıqlarına görə uşaqları məktəbə gedə bilmirlər. Onların böyük hissəsinin müvafiq sənədləri olmadığından hətta qeyri-rəsmi nikah əsasında ailə qururlar ki, bu da soydaşlarımızın qarşılaşdığı əsas problemlərdən biridir. Valideynlərin şəxsiyyəti təsdiq edən sənədlərə sahib olmaması nəticəsində onlar yeni doğulmuş övladlarına da doğum haqqında şəhadətnamə ala bilmirlər”- deyən deputat bildirib ki, bu problem iki ölkə rəsmiləri arasında keçirilən görüşlərdə dəfələrlə müzakirə olunub. Müzakirələr zamanı hətta problem Azərbaycan tərəfindən həllini tapdığı təqdirdə, Türkiyə tərəfi də illərdir, qeyri-leqal miqrant həyatı yaşayan vətəndaşlarımıza qarşı "deportasiya qərarı və cərimələr tətbiq etməməsi” də razılığı əldə olunub. Çünki belə cərimələr böyük məbləğləri əhatə etdiyindən, hazırda hər iki ölkənin müvafiq qurumları arasında məsələnin ən optimal həlli imkanları nəzərdən keçirilir.

Deputat bildirib ki, qardaş ölkədə baş verən zəlzələ vəziyyəti daha da ağırlaşdırdı.

“Belə ki, sənədsiz yaşayan həmyerlilərimiz zəlzələ bölgəsindən olduqlarını sübut edə bilməməklə yanaşı bir çox dövlət yardım və yerləşdirmələrində kənar qalıb. Lakin mən düşünürəm ki, qardaş ölkə dini dili bir qardaşlarını mağdur etməyəcək”-deyə deputat əlavə edib.

P.S. Bəli, biz xalq olaraq, dövlət olaraq Türkiyəni sevirik. Bu sevgi bizim içimizdədir, qanımızdadır. Başqa cür mümkün deyil. Sevdiklərimizin arasında problemlərlə qarşılaşdığımız zaman isə, sevməkdən vaz keçməsək də, istər-istəməz yoruluruq.

Ümid edirik ki, çox keçməz Türkiyə sözün əsl mənasında bizim üçün Azərbaycan kimi problemsiz yaşaya biləcəyimiz bir ölkəyə - ikinci vətənimizə çevrilər. Ümid edirik ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olması sayəsində Azərbaycanlıların Türkiyədə yaşadıqları problemlər də tezliklə öz həllini tapar. Buna təkcə ümid etmirik, həm də ürəkdən inanırıq…

P.S. Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları eyni millət olduğu üçün Türkiyədə müddətsiz "ikamet" (oturum) ala bilirdi. Amma sonradan bu mexanizm durduruldu. Bəzi fikirlərə görə, Türkiyə bu imtiyazı Azərbaycan hökumətinin tələbi üzərinə dayandırıb. Yəni ağır sosial durumdan qaçan Azərbaycan vətəndaşlarının axınını azaltmaq üçün Türkiyə hökuməti qarşısında "ömürlük ikamet" izninin dayandırılması tələbi qoyulub. Bu da azlıq edib və hazırda normal prosedur üzrə "ikamet" almaq da problemə çevrilib. Amma bununla bağlı rəsmi mövqe yoxdur. Maraqlıdır ki, bir müddət əvvəl Türkmənistan rəhbərliyi də Türkiyədən öz vətəndaşlarına viza tətbiq edilməsini istəmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.