BƏXTİYAR SADIQOV AZƏRBAYCANI "AZƏRBAYCAN"LA ŞANTAJ EDİR... – Ramiz Mehdiyev üçün darıxan deputat dövlət təfəkkürünü bazar təfəkkürü ilə qarışdırır

15-06-2023, 08:14           
BƏXTİYAR SADIQOV AZƏRBAYCANI "AZƏRBAYCAN"LA ŞANTAJ EDİR... –
“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə çapımız dayanacaq.”

Bunu Milli Məclisin iclasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

Maraqlıdır, görəsən nə vaxtdan Milli Məclisin orqanı olan, böyük tarixə malik rəsmi qəzet Bəxtiyar Sadıqovun - nə redaktor kimi redaktor, nə jurnalist kimi jurnalist, nə deputat kimi deputat olan birinin istəyi, əmri ilə bağlanır? Kim ona bu ixtiyarı verib? Azərbaycanın adını daşıyan bir qəzeti ona rəhbərlik etdiyi 22 ildə şablon, plagiat yazılarla, baş sağlıqları ilə doldurub dəyərdən salan bir kəsin bu gün utanmadan dövlətdən şantajla pul tələb etməsi açıq-aşkar "reketlik" təsiri bağışlayır.

Məhz B.Sadıqovun "misilsiz idarəçilik və jurnalistika bacarıqları" sayəsində 22 il ərzində “Azərbaycan” qəzeti tamamilə büdcədən asılı vəziyyətə düşdü.

Sadıqovun "menecerlik" bacarığı isə özünü onda göstərir ki, 22 ildir “Azərbaycan” qəzetində hər gün 15-20 başsağlığı dərc olunur. Hər biri də 50 manatdan - bir aya 30 min manat! Hansısa "babat" məmurun qohumu - “dayısı oğlunun qayınanasının bibisi qızı" rəhmətə getdisə, "başsağlığı"nın qiyməti avtomatik kəllə-çarxa çıxır - olur azı 500 manat!

Vaxtilə bütün deputatları “Azərbaycan”a aylıq pul ödəməyə məcbur etmişdi. Yəqin, B.Sadıqov bütün bu pulları işçilərinə paylayıb...

Bəlkə də "əli aşağı" olduğu üçün belə "cəsarət" nümayiş etdirən B.Sadıqov, görünür, ona indiyə qədər yaradılan və əslində, layiq olmadığı imtiyazları, imkanları unudub. Yəqin, onu da unudub ki, qəzetdə dövlət, dövlətçilik haqqında palaz-palaz plagiat yazılar dərc etdiyi halda, öz ətrafında, yaxın qohum-əqrəbası arasında belə Azərbaycan dövlətçiliyinə xor baxanlar olub və var.

Məsələn, Bəxtiyar Sadıqovun yeznəsi Həsənbala Sadıqov 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “talış-muğan respublikası"nın "təhsil naziri" təyin edilmişdi. Yəqin, bunu çoxları bilmir. Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Sadıqov ölkədən qaçdı. Ancaq xaricdə də illərlə Ə.Hüməbotovla "dostluq" etdi.

Lakin B.Sadıqov deputat seçiləndən və “Azərbaycan” qəzetinin baş redaktoru təyin olunandan sonra H.Sadıqov Azərbaycana qayıtdı, Gəncə Dövlət Universitetində birbaşa kafedra müdiri vəzifəsinə təyinat aldı, həyat yoldaşı Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinə baş redaktor təyin olundu.

Əlbəttə ki, bu məsələlərdə B.Sadıqovun "zəhməti" və "minnəti" olub. Öz yaxın qohumunun hansı yuvanın quşu olduğunu bilə-bilə qabağa çəkməsi Sadıqovun dövlətə və dövlətçiliyə münasibətinin bariz nümunəsidir.

Yeri gəlmişkən, B.Sadıqovun bacısı oğlu Yalçın da məhz onun sayəsində hərbi komissarlıqda yüksək vəzifələrə təyin olunub.

B.Sadıqovun Ramiz Mehdiyev sevdası isə ayrı bir aləmdir və o qədər böyükdür ki, onu "Azərbaycan" qəzetinin palaz-palaz səhifələrinə də yerləşdirmək olmaz. Rəhbərlik etdiyi qəzeti məhz baş ideoloqu hesab etdiyi Ramiz Mehdiyevin "divar qəzetinə" döndərən Sadıqov Prezident Administrasiyasının sabiq başçısını göylərə qaldırmaqdan həzz alırdı. Təsəvvür edin ki, Ramiz Mehdiyevlə bağlı yazılara öz imzasını qoyan B.Sadıqov, Prezident İlham Əliyev barədə məqalələrə müxbirlərin imzasını qoydururdu. Yəqin, elə indi də Ramiz Mehdiyev üçün darıxır...

Bütün bunlara baxmayaraq, B.Sadıqov indiyə kimi “Yusif Məmmədəliyev” medalı, “Əməkdar jurnalist” adı, “Şöhrət” ordeni alıb, 20 il deputat mandatı daşıyıb. Demək olar, bütün dövlət tədbirlərində "harda aş, orda baş "olub. Nəticədə, görünür layiq olmadığı mərtəbəyə qaldırılan B.Sadıqov elə başa düşüb ki, “Azərbaycan” qəzeti artıq onun dədə mülküdür. Yəni, hökumət ona "doyunca" pul versə, işlədəcək, pul verməsə, bağlayacaq. Budurmu ideologiya, dövlətçilik, media təəssübkeşliyi?!


Əlbəttə ki, "Azərbaycan" qəzetini bağlamaq Sadıqovun çapı və başı üçün deyil. Belələri öz dükan-bazar təfəkkürləri ilə dövlətin rəsmi orqanına yox, siqaret köşkünə rəhbərlik etməlidirlər ki, nə vaxt kefləri istəsə açıb-bağlasınlar...

Rasim Əliyev

"AzPolitika.info"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.